RU

Yüksək nüfuzun göstəricisi

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsinin tam əsası var. Birincisi, bu gün dinc dünya quranların sayının kifayət qədər az olduğu, müharibə və münaqişə ocaqlarının artdığı mənfi tendensiyaların fonunda Azərbaycan çoxəsrlik düşmənçiliyə son qoyur, sadəcə iki xalqı deyil, regionun bütün xalqlarını əməkdaşlığa səsləyir. Dünyanı əməkdaşlıq ruhu üzərində quranların yoluna işıq salmaq üçün müəyyən təqdimatlar mövcuddur. Bu baxımdan, "Zayed İnsan Qardaşlığı Mükafatı" mühüm əhəmiyyətə malikdir. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" məhz bu mükafatlara namizədləri seçməyə son dərəcə dəqiqliklə yanaşır: "Bu mükafata layiq görülən şəxslər qardaşlıq prinsiplərini və dəyərlərini öz əməllərində göstərməlidirlər. Ancaq bu meyarlara cavab verənlər mükafata layiq görülürlər. Qlobal qardaşlıq, bəşəri həmrəylik, ədalət, dünyada sülhün təşviqinə verilən töhfələr bu gün daha da aktuallıq qazanıb. Habelə, yerli, regional, qlobal dünyaya təsir imkanları güclü olan şəxslərin dəyərləndirilməsi vacib amillərdəndir. Birgəyaşayış, əməkdaşlıq, qardaşlıq kimi müsbət tendensiyaları inkişaf etdirmək üçün yeni yollar axtarılmalıdır. Bu istiqamətdə beynəlxalq təşkilatların, qurumların, ayrı-ayrı şəxslərin töhfə vermək üçün çalışdığını görürük. Hər nə qədər cəhdlər olsa da, hər kəs bu işin öhdəsindən gələ bilmir. Prezident İlham Əliyevin yürütdüyü siyasətə nəzər yetirərkən isə bunun sadəcə Azərbaycanın milli maraqlarını təmin etməklə məhdudlaşmadığını görmək mümkündür. Dövlət başçımız yürütdüyü siyasətlə həm Azərbaycan xalqının maraqlarını təmin edir, həm regional əməkdaşlığa, həm də qlobal sülhə fundamental töhfə verir". 

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın müstəqil qlobal mükafat olduğunu diqqətə çatdıran deputat bildirib ki, bu mükafat dünyada sülhün, harmoniyanın, mədəniyyətlərarası dialoqun təşviqi sahəsində fərqlənən liderlərə verilir. Bu liderlərin xeyirxah səyləri davamlı xarakter daşıyır, bəşəriyyətin inkişafı üçün cəmiyyətləri və dövlətləri bir araya gətirməyi bacarırlar. Yəni bu mükafat xalqlar arasında körpü quranları və insan əlaqələrini gücləndirənləri, nümunə göstərənləri, irəliləyişlər əldə edənləri, habelə bəşəriyyət üçün fədakarcasına və yorulmadan xidmət göstərənləri dəyərləndirir. Tərəqqiyə doğru irəliləyiş əldə etmək liderlərin əsas qayəsi olmalıdır. 

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyev savadı, dünyagörüşü, daşıdığı və ötürdüyü dəyərləri, nümunəvi şəxsiyyəti etibarilə "Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı" da daxil olmaqla, ən ali mükafatlara layiqdir. "Dövlət başçımızın regiona dayanıqlı sülh və əməkdaşlıq gətirməyə çalışmasına baxmayaraq, bu yüksək amalların qarşısında duran məkrli insanlar və maraqlı qruplar da var. Ölkəmizin rəhbəri onların da öhdəsindən məharətlə gəlir. Prezident İlham Əliyev həm müharibədə qalib gələn sərkərdə, həm də sülhün təşəbbüskarıdır. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan diktə edən dövlətə çevrilib", - deyə deputat bildirib.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşü xatırladan A.Badamov  əlavə edib ki, Azərbaycan mütləq qələbəsi ilə həm də münaqişənin həll edilməsində nümunəvi təcrübə nümayiş etdirib. Prezident İlham Əliyevin sülh gündəliyi dünya tərəfindən təqdir edilir. Ermənistanı revanşizmə və regionu yeni qarşıdurmaya sürükləyən cəhdlər iflasa məhkumdur. Buna qadir olan amil Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyidir. "Zayed İnsan Qardaşlığı Mükafatı"na Azərbaycan Liderinin layiq görülməsi Prezidentin dünyada olan nüfuzundan və Azərbaycan xalqının Şanlı Zəfərinin nümunə olduğundan xəbər verir.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda görülən işləri öz hesabına həyata keçirdiyini vurğulayan A.Badamov deyib ki, dövlətimiz investorları və qlobal aktorları regiona dəvət edir, quruculuq prosesində əməkdaşlıq ruhunu təşviq edir: "Dünya sanki bir burulğandan keçir. Belə bir vəziyyətdə sabitlik dövlətlər üçün ən böyük sərvət qismində çıxış edir. Bu reallıqlar kontekstində düşmənçiliyə son qoymaq, sülhə nail olmaq və bunu dayanıqlı hala çevirmək hər siyasətçinin bacaracağı iş deyil. Azərbaycan Lideri isə hər zaman olduğu kimi, bu çətin missiyanın da öhdəsindən son dərəcə uğurla gəlir".

Deputat sonda qeyd edib ki, Azərbaycan dünyada sülhün və həmrəyliyin davamlı xarakter almasında maraqlıdır. Bu, xalqımızın sülhsevər niyyətindən bir daha xəbər verir.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
20
azerbaijan-news.az

1Источники