RU

“Union Park”ın sakinləri arasında dava: Mülkiyyətçi ödənişi etməkdən imtina etdi

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Canpolad Əsgərlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarının 5.1-ci və 19.5-ci bəndilərinə əsasən cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədən düşmüş sayıldığı qərara alınıb.


İttiham aktına əsasən, Canpolad Əsgərli Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsində yerləşən “Union Park” adlı yaşayış kompleksindəki binanın sakinləri tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) sədri olub.


Məlumata görə, təqsirləndirilən şəxs binanın sakini olan mülkiyyətçi zərərçəkmiş Dadaş Səfərzadənin (adı, soyad şərtidir) binanın normal saxlanılması üçün nəzərdə tutulan ödənişi etməkdən imtina etməsini cüzi səbəb kimi göstərib. Canpolad sözügedən yaşayış kompleksinin 1 saylı binasının qarşısında, çoxsaylı şəxslərin gözü önündə aqressiv hərəkətlərə yol verib.


Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi əvvəlcə sinəsindən itələyib, daha sonra həmin nahiyəyə yumruqla zərbə endirib, boynundan tutaraq yerə yıxıb və sifət nahiyəsinə bir neçə dəfə yumruq vurub. Bununla kifayətlənməyən Canpolad cinayət xarakterli hərəkətlərini davam etdirərək, yenidən Dadaşın üzərinə hücum çəkib, təpiklə diz nahiyəsinə, yumruqla isə sifət nahiyəsinə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığa yüngül zərər yetirib. 

 

Kamal Məmmədov 

Tarix: 29 Yanvar 2026, 08:27   
Избранный
19
1
pravda.az

2Источники