RU

Kolonial siyasət beynəlxalq təzyiq altındadır: Abbas Abbasov BTQ-nin rolu haqqında - MÜSAHİBƏ

Kolonial
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov 1news.az-a verdiyi müsahibədə təşkilatın beynəlxalq müstəvidə həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərini, kolonial və neo-kolonial siyasətə qarşı mübarizə strategiyalarını, Birləşmiş Millətlər Təşkilatıilə əməkdaşlıq mexanizmlərini, habelə yerli xalqların və etnik azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüsləri ətraflı şəkildə şərh etmişdir. Müsahibədə o, BTQ-nin yaradıldığı gündənbaşlayaraq həyata keçirdiyi fəaliyyət barədə məlumatlar təqdim etmiş, əldə olunmuş nəticələri analitik şəkildə qiymətləndirmiş və beynəlxalq insan hüquqları gündəminin daha da genişləndirilməsinə dair gələcək planları ortaya qoymuşdur. – Son dövrlərdə Azərbaycan ayrı-ayrı ölkələrin etnik azlıqlara qarşı irqçi siyasəti məsələsini də qaldırır. Bu yaxınlarda Bakıda Hindistan hökumətinin ziqhlərə qarşı repressiv siyasətinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Əsas nəticələr nələrdir və növbəti addımlar hansılardır?
– Digər mühüm istiqamətə keçməzdən əvvəl qeyd edim ki, BTQ 2023-cü ildə yaradılıb, yəni cəmi iki il əvvəl. Bu mövzuya geniş toxunmayacam. Yaradılma prosesi və ilkin layihələr barədə KİV-də kifayət qədər məlumat var. Qısa müddət ərzində həm coğrafi həm də əsas fəaliyyət istiqamətləri üzrə ciddi nəticələr əldə etmişik. Bu günə qədər kolonial və neo-kolonial siyasətdən zərər çəkən xalqlara dəstək göstərdiyimiz ərazilərin sayı 13-ə çatıb. Hazırda 20-dən çox ərazi və müstəqil dövlətlə sıx əməkdaşlıq edirik. Bu proses yalnız kəmiyyət baxımından deyil, eyni zamanda keyfiyyət göstəriciləri baxımından da mühüm irəliləyişlərlə müşayiət olunur. Sözügedən genişlənmə fəaliyyət istiqamətinin dəyişdirilməsi kimi deyil, təşkilatın nizamnaməsinə uyğun olaraq beynəlxalq hüquq çərçivəsində əməkdaşlığın təşviqi kimi dəyərləndirilməlidir. Bakı Təşəbbüs Qrupu yaradıldığı andan etibarən kolonializm və neo-kolonializmə qarşı mübarizə aparan beynəlxalq platforma kimi tanınmışdır. Bununla paralel olaraq, yerli xalqların və etnik azlıqların hüquqlarının müdafiəsi təşkilatın əsas strateji fəaliyyət sahələrindən biri olaraq qalmaqdadır. Bu çərçivədə biz BMT-nin mənzil qərargahlarında keçirilən tədbirlər daxil olmaqla müxtəlif beynəlxalq platformalarda zikhlərlə dəfələrlə görüşmüşük. Həmin görüşlərdə beynəlxalq hüquq mexanizmləri əsasında əməkdaşlığa dair konkret təkliflər almışıq. Tərəfdaşlarımız Hindistanda etnik azlıqların hüquqlarının pozulması ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üzrə əməkdaşlığın qurulması üçün təkliflər ilə təşkilatımıza müraciət ediblər. Son bir ildə Hindistanda etnik azlıqların vəziyyəti ilə bağlı hərtərəfli araşdırma apardıq və çoxsaylı pozuntular qeydə aldıq. 2025-ci ilin sonlarından etibarən zikhlərlə fəal əməkdaşlığa başlamışıq. Hazırda əlavə tədqiqatlar aparılır və Hindistanda yaşayan digər etnik və milli azlıqların nümayəndələri ilə danışıqlar davam edir. Təəssüf ki, problemlərin miqyası olduqca genişdir. Bu icmaların milyonlarla nümayəndəsi müxtəlif illərdə Kanada, ABŞ və Böyük Britaniyaya köçməyə məcbur olub. Onlar öz kimliklərini qorumaq, öz müqəddəratını təyinetmə hüququ uğrunda və hüquq pozuntularına qarşı mübarizəni davam etdirirlər. 2026-cı ildə bu istiqamətdə fəaliyyətimizi dünya ictimaiyyətinə açıq şəkildə elan etdik: yanvarda ilk beynəlxalq konfrans keçirildi və il ərzində daha bir neçə tədbir planlaşdırılır. Analitik hesabatlar hazırlanacaq, yeni layihələr həyata keçiriləcək və BTQ-nin fəaliyyətinə həsr olunmuş kitabın nəşri planlaşdırılır. – BTQ beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq edir. Onların kolonializm və neo-kolonializmin aradan qaldırılmasında rolu nədir? – Əvvəla, qeyd edilməlidir ki, kolonial və neo-kolonial siyasətə qarşı mübarizədə aparıcı rol beynəlxalq təşkilatlara məxsusdur. Bu kontekstdə xüsusilə Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı əsas beynəlxalq mexanizmlər kimi çıxış edir. Sözügedən strukturlar mövcud problemlərə vaxtında və adekvat reaksiya verməli, habelə onların aradan qaldırılması istiqamətində sistemli və məzmunlu fəaliyyət həyata keçirməlidir. Bu prosesdə vətəndaş cəmiyyətinin, o cümlədən qeyri-hökumət təşkilatlarının, həmçinin mövcud və keçmiş koloniyalarda fəaliyyət göstərən milli müstəqillik hərəkatlarının rolu mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Afrika qitəsində bir sıra dövlətlər formal müstəqillik əldə etmələrinə baxmayaraq, hələ də neo-kolonial siyasətin müxtəlif təzahürləri ilə qarşılaşırlar. Bu baxımdan, prosesdə iştirak edən hər bir strukturun rolu əhəmiyyət daşıyır. Bu kontekstdə BTQ həm Azərbaycanda, həm də beynəlxalq arenada beynəlxalq hüquq çərçivəsində müstəqillik hərəkatlarının ardıcıl tərəfdarı kimi tanınıb. Biz yalnız beynəlxalq hüququn norma və standarlarına uyğun fəaliyyət göstərən hərəkat və siyasi qüvvələri dəstəkləyirik. Bununla yanaşı, kolonial və neo-kolonial siyasətə qarşı mübarizə kontekstində BMT və Qoşulmama Hərəkatı ilə sıx və sistemli əməkdaşlıq qurmuşuq. Hesab edirəm ki, dövlət qurumları, analitik mərkəzlər, qeyri-hökumət təşkilatları, habelə insan hüquqlarının, etnik azlıqların və yerli xalqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən strukturlar bu məsələlərə daha fəal yanaşma nümayiş etdirməlidirlər. – Azərbaycan kolonializmə qarşı mübarizəni müxtəlif beynəlxalq platformalarda ardıcıl şəkildə dəstəkləyir. Bu istiqamətdə hansı nailiyyətləri daha uğurlu hesab edirsiniz? – İlk növbədə maraqlı sualınız üçün təşəkkür edirəm. Şübhəsiz ki, uğurlarımız çoxdur və hər birini fərqləndirmək olar. Əgər qlobal konteksdə danışırıqsa, ən böyük uğurumuz kolonializm mövzusunun yenidən beynəlxalq gündəmə gətirməyimizdir. Biz kolonializmin ağır fəsadlarını beynəlxalq təşkilatlara daşıdıq və beynəlxalq ictimaiyyətin diqqətini bu mövzuya çəkə bildik. Beynəlxalq mediada BTQ-nin simasında yenidən bu mövzu canlandı. Deməli kolonializmdən və neo-kolonializmdən əziyyət çəkən xalqlara diqqət artdı. Bəzi kolonial dövlətlər məcburən bu xalqlarla hesablaşmağa başladılar və müəyyən güzəştlərə getdilər. Uğurlar haqqında daha ətraflı danışsaq, 2024-cü ilin oktyabr ayında Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə BTQ tərəfindən alternativ hesabat təqdim edilmişdir. Bununla yanaşı, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində Komitənin 142-ci sessiyası çərçivəsində tərəfimizdən rəsmi bəyanatlarla çıxış edilmiş, habelə müxtəlif dənizaşırı ərazilərin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans təşkil edilmişdir. Həyata keçirilmiş işlərin nəticəsi olaraq, BTQ tərəfindən təqdim edilən hesabat Komitənin müzakirə və qiymətləndirmə prosesində öz əksini tapmışdır. Təqdim olunmuş materialların Komitə tərəfindən hərtərəfli nəzərdən keçirildiyini göstərən mühüm göstəricilərdən biri kimi, 2024-cü ilin sonunda BMT İnsan Hüquqları Komitəsinin Fransa hökumətindən Yeni Kaledoniya və Fransa Polineziyasında insan hüquqlarının vəziyyətinə dair ayrıca hesabat tələb etməsi qeyd olunmalıdır ki, bu da əhəmiyyətli nəticə hesab edilir. Digər mühüm nailiyyət kimi qeyd etmək olar ki, 2025-ci ilin aprel ayında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Afrika mənşəli xalqların Daimi Forumun sessiyası çərçivəsində beynəlxalq konfrans təşkil edilmişdir. Sözügedən əməkdaşlıq çərçivəsində BMT Baş Assambleyasının iclas zalında rəsmi bəyanatla çıxış edilmiş, eyni zamanda Afrika mənşəli şəxslərə dair 2015–2024-cü illəri əhatə edən Beynəlxalq Onillik kontekstində xüsusi hesabat təqdim olunmuşdur. Təqdim edilən hesabat BMT Baş katibinin “Afrika mənşəli şəxslərin tanınması, onlara ədalətli münasibətin təmin edilməsi və inkişaflarının təşviqi” mövzusunda, Beynəlxalq Onillik çərçivəsində hazırlanmış məruzəsinə daxil edilmişdir. Qeyd edək ki, bu cür hesabatlar Baş katib tərəfindən on ildə bir dəfə hazırlanır və təqdim olunan materialın Baş katib Antonio Quterreşin rəsmi məruzəsində yer alması təşkilatın beynəlxalq platformadakı fəaliyyətinin mühüm əhəmiyyət daşıyan nəticəsi kimi qiymətləndirilə bilər. Bununla yanaşı, təşkilat BMT-nin müxtəlif platformalarında, dənizaşırı ərazilərin müstəqilliyi və dekolonizasiya proseslərinə həsr olunmuş hərəkat həmçinin siyasi partiyaların beynəlxalq konfranslarında mütəmadi çıxışlar edir. Bundan əlavə olaraq, iki il ərzində BMT İnsan Hüquqları Şurasının sessiyalarında ardıcıl şəkildə rəsmi bəyanatlarla iştirakımızı davam etdiririk. – Kolonializm və neo-kolonializmin nəticələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün hansı yeni təşəbbüslər nəzərdən keçirilir? – Hesab edirəm ki, bu istiqamətdə əhəmiyyətli işlər görülüb. Dənizaşırı ərazilərin və keçmiş və mövcud koloniyalarda fəaliyyət göstərən təşkilatların əsas zəif cəhətlərindən biri ənənəvi olaraq beynəlxalq ictimaiyyətlə zəif kommunikasiya olub. Bu strukturlar mövcud problemləri dünya ictimaiyyətinə səmərəli və düzgün şəkildə çatdırmaq imkanına çox vaxt malik olmayıblar. Onların istifadə etdiyi əlaqə vasitələri, sosial şəbəkələr və ayrı-ayrı internet resursları beynəlxalq diqqəti cəlb etmək üçün kifayət deyildi. Biz beynəlxalq qeyri-hökumət təşkilatı kimi beynəlxalq qurumlarla, eləcə də yerli və xarici kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq qurmuşuq. Nəticədə bir çox beynəlxalq təşkilatların, qurumların və beynəlxalq QHT-lərin kolonial və neo-kolonial siyasətə qarşı mübarizə məsələlərini öz gündəmlərinə daxil etməsinə nail olmuşuq. Paralel olaraq, biz kütləvi informasiya vasitələri ilə ardıcıl və sistemli şəkildə əməkdaşlıq edərək beynəlxalq ictimaiyyətə həmin ərazilərdəki real vəziyyət, o cümlədən etnik azlıqların və yerli xalqların hüquqlarının pozulması halları barədə etibarlı və dəqiq məlumatlar təqdim etmişik. İlkin mərhələdə xarici media orqanlarının marağı məhdud idi. Lakin ilk layihələrin həyata keçirilməsindən və beynəlxalq konfransların keçirilməsindən cəmi iki ay sonra təşkilatımızın fəaliyyətinə maraq nəzərəçarpacaq dərəcədə artdı. Eyni zamanda, əvvəllər az tanınan həmin ərazilərin özünə də maraq gücləndi. Beynəlxalq media gündəmində aşağıdakı məsələlər ətrafında müzakirələr formalaşmağa başladı: kanak xalqının kimliyi, Yeni Kaledoniyanın coğrafi mövqeyi, bu toplumun tarixi və identikliyi, kolonial dövlətin sözügedən əraziləri hələ də asılı vəziyyətdə saxlamasının səbəbləri, eləcə də etnik azlıqlar və yerli xalqlarla bağlı fəaliyyətimizin əsaslandığı prinsiplər. Kolonial və neo-kolonial siyasətin yaratdığı problemlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması əvvəldən əsas məqsədlərimizdən biri olub.Həmçinin bu istiqamət üzərində sistemli və məqsədyönlü fəaliyyət həyata keçirilib. Şübhəsiz ki, biz bu işi davam etdirmək niyyətindəyik. Çünki qeyd olunan regionlarda insan hüquqlarının pozulması hallarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından bu yanaşma ən təsirli vasitələrdən biri kimi qiymətləndirilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, hazırda dünya ictimaiyyəti Fransanın dənizaşırı ərazilərində mövcud vəziyyət barədə kifayət qədər məlumatlıdır. Afrikanın bir sıra ölkələrində — Konqo, Ruanda və Burundi kimi dövlətlərdə mövcud olan kolonial praktikalara, eləcə də Belçikanın bu regionlardakı siyasətinə dair məsələlər də geniş yayalmışdır. Hazırkı mərhələdə diqqətimizi beynəlxalq ictimaiyyətin insan hüquqlarının pozulması hallarına, xüsusilə Hindistanda etnik azlıqların vəziyyəti ilə bağlı məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Obyektiv və etibarlı məlumatların toplanması və onların beynəlxalq ictimaiyyətə aydın şəkildə çatdırılması prosesində maraqlı olan media qurumları ilə əməkdaşlığın davam etdirilməsi təşkilat üçün başlıca əhəmiyyət kəsb edir. Bu istiqamət təşkilatın əsas strateji fəaliyyət sahələrindən biri kimi müəyyən olunmuşdur. Eyni zamanda, beynəlxalq ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması, habelə müvafiq ərazilərdə insan hüquqlarının pozulması hallarına və mövcud reallıqlara dair obyektiv informasiyanın yayılması istiqamətində fəaliyyət davam etdiriləcəkdir.
MÜSAHİBƏ: Faiqa Məmmədova
Foto: Nadir İbrahimli
Yazını başqa dillərlərdə də oxuya bilərsiniz:

Колониальная политика под международным давлением: Аббас Аббасов о роли БИГ - ИНТЕРВЬЮ

Избранный
27
1news.az

1Источники