BAKI, 29 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü "Hürriyet" qəzeti məlumat yayıb.
Məlumata görə, Ərdoğan bu təklifi yanvarın 27-də Tramp ilə telefon danışığı zamanı səsləndirib.
"Türkiyə lideri ABŞ, İran və Türkiyənin iştirakı ilə ali səviyyəli görüşün, o cümlədən videokonfrans formatında keçirilməsini təklif edib. Donald Tramp Ərdoğanın bu təşəbbüsünə müsbət yanaşıb. İranın xarici işlər naziri Abbas Araqçi bu həftə Türkiyəyə səfər edərək türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparacaq. Səfərin dəqiq tarixi açıqlanmayıb",- məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə və İran xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefon danışığı aparıblar. Danışıqlar zamanı İran ətrafında baş verən son hadisələr və regionda gərginliyin azaldılması istiqamətində görülən tədbirlər müzakirə olunub.