Cərimənin məcburi qaydada tutulması qaydası dəyişir.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada, yəni məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldilməklə həyata keçirilir. Cərimənin tutulması o halda məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilir ki, onun əmlakı olmasın, yaxud bu əmlak cərimənin tamamilə ödənilməsi üçün kifayət etməsin.
Layihəyə əsasən, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə cərimə növündə cəzanın icrası hökmü çıxarmış məhkəmə tərəfindən məcburi qaydada icraya yönəldilməklə həyata keçirilir. Bu halda cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya başqa qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud məhkumun əməkhaqqı və ya başqa qazancı cərimənin tamamilə ödənilməsi üçün kifayət etmədikdə cərimə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına yönəldiləcək və bu halda “İcra haqqında” qanunun tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı müddəaları tətbiq olunacaq.
Qeyd edilib ki, Cəzaların İcrası Məcəlləsinin 24-cü maddəsinə əsasən məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əmək haqqına və ya başqa qazancına yönəldilir. Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur. Xüsusilə nisbətən kiçik məbləğli cərimələr üzrə yüksək dəyərli əmlaka həbs qoyulması və onun hərrac yolu ilə satışı həm vaxt itkisi, həm də əlavə prosedur xərcləri yaradır.
Cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə bu qanun layihəsi hazırlanıb.