RU

12 baş məşqçidən 7-si əcnəbidi... – işsiz qalan yerlilər isə susmağı seçdi

Bilindiyi kimi, Misli premyer-liqasında çıxış edən 12 komandadan yeddisinin baş məşqçisi legionerdi. Bunlar “Sabah” (Valdas Dambrauskas), “Turan Tovuz” (Kurban Berdıyev), “Sumqayıt” (Saşa İliç), “Araz-Naxçıvan” (Andrey Demçenko), “Neftçi” (Yuri Vernidub), “İmişli” (Jorj Kaşkilya) və “Qəbələ”di (Kaxaber Sxadadze). Maraqlıdı ki, bu siyahıda həm avrokuboklara vəsiqə, həm də premyer-liqada qalmaq uğrunda mübarizə aparanlar var. Özü də xüsusən “pələnglər”lə “qırmızı-qaralar”ın maliyyə gücü arzuolunan səviyyədə deyil. Bununla belə, mövsümün əvvəlində “Araz-Naxçıvan”la “Neftçi”nin baş məşqçiləri yerlilər idi. Dəqiqi, “qırmızı-ağlar”ı Elmar Baxşıyev, “ağ-qaralar”ı Samir Abasov çalışdırırdı. Lakin mütəxəssislərin uğursuzluqları klub rəhbərlərinin əcnəbilərlə sövdələşməsinə gətirib çıxardı.
PFL-in açıqladığı məlumata əsasən, premyer-liqamızda sonuncu belə hal 2011-ci ildə yaşanıb. Yəni bu çempionatda 7 əcnəbi baş məşqçinin olması rekorddu və sonuncu dəfə məhz həmin ildə qeydə alınıb.
“Football-plus.az” olaraq, bu məsələ ilə bağlı yerli mütəxəssislərin fikrini öyrənmək istədik. Hər halda, ölkəmizdə təcrübəli, amma işsiz məşqçilərin sayı az deyil. Bu məqsədlə əvvəl Arif Əsədova, sonra Şahin Diniyevə, ardından Tərlan Əhmədova müraciət etdik. İş ondadı ki, Arif bəylə Şahin bəy bu barədə danışmaq istəmədi. Tərlan bəy isə dəstəyi qaldırmadı.
Niyə? Görünür, klubların əcnəbilərə güvənməsi, onları namizədlər siyahısına belə salmaması hər birini incik salıb. Ümumiyyətlə, legioner məşqçilərin premyer-liqada yerliləri sıxışdırması acınacaqlı vəziyyət yaradıb ki, bizimkilər də susmağı üstün tutur...
KƏNAN BAHADIR

Избранный
17
football-plus.az

1Источники