RU

Heydər Əliyevin elm və təhsil strategiyası

Milli intellektual potensialın gücləndirilməsi

(Əvvəli 27, 28 yanvar tarixli saylarında)

28 dekabr 1999-cu il: Bakı Dövlət Universitetinin yubileyinə təbrik

Prezident Heydər Əliyev Azərbaycanın ilk ali təhsil ocağı, məzunu olduğu Bakı Dövlət Universitetinin 80 illik yubileyini də səmimi bir qədirbilənliklə təbrik etmişdi:

“Hörmətli müəllimlər! Əziz tələbələr! Respublikamızın ilk ali təhsil ocağı - Bakı Dövlət Universitetinin 80 illik yubileyi münasibətilə sizi, ölkəmizin bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının XX əsrin əvvəllərindən başlanmış kütləvi şəkildə maariflənməsi, savadlanması prosesində Bakı Dövlət Universitetinin açılması əlamətdar tarixi bir hadisə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təşəbbüsü ilə Azərbaycanda ilk ali təhsil ocağının yaranması o dövrdə gedən tarixi proseslərdən doğan bir zərurət idi.

Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da olduqca güclü təsir göstərmişdir. O, yarandığı ilk dövrdən Azərbaycanda Elmi-Tədqiqat Mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutların əksəriyyəti Bakı Dövlət Universiteti ilə bu və ya digər dərəcədə bağlıdır.

Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvəlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm.

Bu əlamətdar günlərdə sizə - universitetin tələbə-müəllim heyətinə, bütün məzunlarına, respublikamızın təhsil işçilərinə böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram”.

11 fevral 2000-ci il: BDU-da beynəlxalq görüş

Prezident Heydər Əliyevin Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə bu ali məktəbin və və bir sıra xarici ölkə universitetlərinin rəhbərləri ilə görüşdə isə bildirmişdi:

“Hörmətli alimlər! Hörmətli qonaqlar, xanımlar və cənablar!

Azərbaycan Dövlət Universitetinin - indi ona Bakı Dövlət Universiteti deyirlər - 80 illik yubileyi münasibətilə mən həm Azərbaycana gəlmiş qonaqlarla, həm də universitetin alimləri ilə bu gün qısamüddətli bir görüş üçün fürsət əldə etmişəm.

Azərbaycan Dövlət Universiteti tariximizdə çox böyük yer tutur. Məlumdur ki, o, 1919-cu ildə Azərbaycanda xalq cümhuriyyəti hakimiyyətdə olduğu zaman təşkil edilmiş və xalqımızın tarixində ilk universitetdir. Bu universitet təkcə bizim xalqımızın yox, ümumiyyətlə, Şərq aləminin ilk dünyəvi universitetidir. O, 80 illik fəaliyyəti dövründə Azərbaycana xidmət edibdir və Azərbaycanda təhsilin, elmin inkişafında böyük nailiyyətlər əldə edibdir.

İndi Azərbaycanda universitetlər də çoxdur. Bizim 1945-ci ildə yaranmış Elmlər Akademiyamız, böyük alimlərimiz vardır. Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda demək olar ki, təhsil almayan adam yoxdur. Azərbaycanda ümumi icbari təhsil sistemi çoxdan yaranıbdır və həyata keçirilir. Bütün bunların hamısında Azərbaycanın universitetlərinin, yəni ali məktəblərinin çox böyük əməyi, xidməti vardır. Bunların içərisində isə Bakı Dövlət Universiteti xüsusi yer tutur. Çünki son illər Azərbaycanda yaranan bir çox universitetlər, ali təhsil ocaqları Bakı Dövlət Universitetindən ayrılaraq müstəqil ali məktəbə, universitetə çevriliblər”.

Bu mətnlər ümummilli lider Heydər Əliyevin elmə və təhsilə verdiyi yüksək dəyərin, ali təhsil müəssisələrinə, xüsusilə Bakı Dövlət Universitetinə göstərdiyi davamlı diqqət və qayğının parlaq nümunələridir. Həm yubiley münasibətilə ünvanlanmış təbrik məktubu, həm də universitetin 80 illiyi ilə əlaqədar keçirilmiş görüşdə səsləndirilən nitq ulu öndərin təhsili milli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi qəbul etdiyini aydın şəkildə ortaya qoyur.

Heydər Əliyev Bakı Dövlət Universitetini təkcə ölkənin ilk ali təhsil müəssisəsi kimi deyil, bütövlükdə Azərbaycan elminin və ziyalı təbəqəsinin formalaşdığı başlıca mərkəz kimi təqdim edir. Universitetin Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmasını tarixi zərurət kimi qiymətləndirməsi onun ali təhsili dövlətçilik ideyalarının ayrılmaz tərkib hissəsi hesab etdiyini göstərir. Bu yanaşma ali təhsilin yalnız bilik ötürən struktur deyil, milli özünüdərk və müstəqil düşüncə məkanı kimi dəyərləndirildiyini nümayiş etdirir.

Mətnlərdə Bakı Dövlət Universitetinin elmi-tədqiqat mərkəzi kimi fəaliyyətinin xüsusi vurğulanması Heydər Əliyevin elm və təhsilin vəhdətinə verdiyi önəmin bariz ifadəsidir. Onun Elmlər Akademiyasının institutlarının əksəriyyətinin BDU ilə bağlı olduğunu qeyd etməsi ali məktəbin milli elmi potensialın formalaşmasında oynadığı həlledici rolu yüksək qiymətləndirdiyini sübut edir. Bu, eyni zamanda, dövlət başçısının elmi məktəblərin davamlılığını və institusional inkişafını strateji məsələ kimi diqqətdə saxladığını göstərir.

Heydər Əliyevin Bakı Dövlət Universitetinin Azərbaycan dilinin inkişafında, milli şüurun və vətənpərvərlik ruhunun formalaşmasında oynadığı rolu xüsusi qeyd etməsi onun təhsilə yalnız peşəkar hazırlıq müstəvisində deyil, milli-mənəvi dəyərlərin qorunması baxımından yanaşdığını təsdiqləyir. Universitetin “elm və təhsil məbədi” kimi səciyyələndirilməsi bu ali məktəbə verilən ən yüksək qiymətlərdən biridir və rəhbərin universitet kollektivinə olan dərin ehtiramını əks etdirir.

Görüş zamanı səsləndirilən fikirlərdə Heydər Əliyevin Azərbaycanın təhsil sistemində əldə olunmuş nailiyyətləri ümumiləşdirməsi, ali məktəblərin, xüsusilə Bakı Dövlət Universitetinin bu prosesdəki rolunu ön plana çıxarması dövlətin təhsilə sistemli və uzunmüddətli dəstəyinin göstəricisidir. Onun BDU-nu digər ali məktəblər üçün əsas baza və nümunə kimi təqdim etməsi bu universitetə olan xüsusi qayğının və etimadın ifadəsidir.

Ümumilikdə, bu mətnlər sübut edir ki, Heydər Əliyev elm və təhsili Azərbaycanın gələcəyinin əsas təminatçısı hesab etmiş, Bakı Dövlət Universitetini isə bu gələcəyin formalaşmasında aparıcı rol oynayan strateji qurum kimi daim diqqət mərkəzində saxlamışdır. Onun universitetə göstərdiyi yüksək diqqət və qayğı, əslində, bütövlükdə Azərbaycan elminə, təhsilinə və ziyalı təbəqəsinə verilən dəyərin bariz ifadəsidir.

Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinə ünvanladığı təbrikində Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən institutların əksəriyyətinin Bakı Dövlət Universiteti ilə sıx bağlı olduğunu vurğulayarkən, ilk növbədə, onun Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda bir neçə dəfə olması və institutun fəaliyyəti ilə yaxından tanışlığı diqqəti cəlb edir. Belə ki, Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu bütün dövrlərdə Bakı Dövlət Universiteti ilə olan əlaqələri ilə seçilmiş, institut əməkdaşlarının böyük əksəriyyəti də məhz bu ali təhsil müəssisəsinin məzunları olmuşdur.

Aşağıda ümummilli liderin 1977-ci ildə Fizika İnstitutunun laboratoriyalarından birində olmasını əks etdirən fotoşəkil təqdim olunur.

31 iyul 2000-ci il: Elmlər Akademiyasının prezidenti akademik Fəraməz Maqsudovla vidalaşma mərasimi

Prezident Heydər Əliyev akademik Fəraməz Maqsudovun son mənzilə yola salınma mərasimində söyləmişdi:

“Hörmətli xanımlar və cənablar!

Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri Fəraməz Maqsudov aramızdan getdi. Fəraməz Maqsudov şərəfli həyat yolu keçmiş, Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş, ölkəmizin həyatında, onun bütün sahələrində, ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərbaycanın dəyərli insanlarından biridir.

Fəraməz Maqsudov fitri istedada malik olan bir gənc kimi dünyaya gəlmiş və öz fədakarlığı, cəfakeşliyi sayəsində ağır, çətin yol keçərək Azərbaycan elminin zirvələrinə ucalmışdır.

XX əsr Azərbaycan elminin böyük inkişaf dövrüdür. Azərbaycanın qədim və zəngin elmi irsi XX əsrdə sıçrayış dövrü keçiribdir. Riyaziyyat elmi dəqiq elmlər içərisində çətin bir sahədir. Azərbaycanda böyük riyaziyyatçılar məktəbi yaranmışdır. Bu məktəbin ən görkəmli nümayəndələrindən biri və Azərbaycanda riyaziyyat elmini dünya səviyyəsinə qaldıran alimlərdən biri Fəraməz Maqsudov olmuşdur. Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir. O, cəmiyyətimizdə, xalqımızın içində yüksəlmişdir.

Fəraməz Maqsudov həmişə cəmiyyətdə, insanların içində olmuşdur, heç vaxt kənara çəkilməmişdir. Xalqımızın böyük əksəriyyəti kimi, o da Azərbaycanı azad, müstəqil görmək arzusunda olmuşdur və bu arzuya da çatmışdır. Ancaq o bu yolda böyük xidmətlər göstərmiş, daim fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Fəraməz Maqsudovun bütün həyatı Elmlər Akademiyası ilə bağlıdır. O, universiteti bitirəndən sonra burada çalışmışdır. Azərbaycan Elmlər Akademiyası ölkəmizin, xalqımızın fəxridir, Azərbaycan elminin əsrlər boyu keçdiyi yolu ən yüksək zirvəyə çatdırmış bir elm məbədidir. Bu mühitdə, bu şəraitdə daim elm içərisində çalışan insan - adi insan yox, yüksək istedada malik olan insan, təbiidir ki, elmin yaradıcılarından biri olmuşdur. Fəraməz Maqsudovun ictimai-siyasi fəaliyyətində onun Yeni Azərbaycan Partiyasının qurucularından biri olması da görkəmli yer tutur.

Fəraməz Maqsudovun ölümü bizim üçün çox ağır itkidir. Bizim hamımız, xüsusən onu yaxşı tanıyanlar, onların içərisində mən də bu itkini çox ağır keçiririk. Ancaq bu itkidən ən çox ağırlıq çəkən onun ailəsi, yaxınları, qohum-əqrəbasıdır. Mən bu matəm günü bütün Azərbaycan xalqına başsağlığı verirəm. Fəraməz Maqsudovun ailəsinə, qohumlarına, yaxınlarına başsağlığı verirəm. Azərbaycan elminə başsağlığı verirəm.

Fəraməz Maqsudovun parlaq siması bizim - bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Onun qoyduğu izlər heç vaxt pozulmayacaqdır. Xalqımıza və gələcək nəsillərə onun bəxş etdiyi irs daim yaşayacaqdır.

Allah rəhmət eləsin”.

Bu nitq ümummilli lider Heydər Əliyevin elmə, akademik şəxsiyyətə və elmi mühitə verdiyi böyük dəyərin dərin, səmimi və yüksək mənəvi ifadəsidir. Akademik Fəraməz Maqsudovun vəfatı ilə bağlı söylənilən bu çıxış yalnız vida nitqi deyil, eyni zamanda, XX əsr Azərbaycan elminin inkişaf yoluna, alim şəxsiyyətinin cəmiyyətdə tutduğu yerə və elmin milli tərəqqidəki roluna verilən əhatəli qiymətdir.

Heydər Əliyev Fəraməz Maqsudovu Azərbaycan xalqının “böyük şəxsiyyətlərindən biri” kimi təqdim etməklə alimə verilən ən yüksək ictimai və mənəvi statusu vurğulayır. Onun elmi fəaliyyəti yalnız fərdi nailiyyətlər kontekstində deyil, bütövlükdə Azərbaycan elminin inkişafı və dövlət həyatındakı rolu baxımından dəyərləndirilir. Bu yanaşma Heydər Əliyevin elmə strateji, dövlətçilik miqyasında yanaşdığını açıq şəkildə nümayiş etdirir.

Nitqdə Fəraməz Maqsudovun həyat yolunun fitri istedad, zəhmət, fədakarlıq və vicdanlı əməyin vəhdəti kimi təqdim edilməsi ulu öndərin əsl alim obrazına verdiyi mənəvi ölçüləri ortaya qoyur. Alimin elmin zirvələrinə yüksəlməsinin sosial mənşədən deyil, məhz bilikdən, istedaddan və zəhmətdən qaynaqlandığının vurğulanması Heydər Əliyevin elmə meritokratik yanaşmasının bariz ifadəsidir.

Riyaziyyat elminin xüsusi çətin və fundamental sahə kimi qeyd olunması, Azərbaycanda formalaşmış riyaziyyat məktəbinin dünya səviyyəsində tanınması və bu məktəbin aparıcı simalarından biri kimi Fəraməz Maqsudovun önə çəkilməsi ulu öndərin elmi nailiyyətlərin beynəlxalq ölçüsünə verdiyi əhəmiyyəti göstərir. Heydər Əliyev üçün alim yalnız milli mühitdə deyil, dünya elmi məkanında da ölkəni təmsil edən strateji fiqurdur.

Nitqdə Azərbaycan Elmlər Akademiyasının “elm məbədi” kimi təqdim olunması və Fəraməz Maqsudovun həyatının bu mühitlə ayrılmaz şəkildə bağlılığının vurğulanması Heydər Əliyevin akademik institutlara olan dərin hörmətini əks etdirir. Bu fikirlər Akademiyanın yalnız inzibati qurum deyil, milli elmi irsin qorunduğu və yaradıldığı ali intellektual məkan kimi dəyərləndirildiyini göstərir.

Eyni zamanda, Heydər Əliyevin alimin ictimai-siyasi fəaliyyətini, vətəndaşlıq mövqeyini və müstəqil Azərbaycan ideallarına sədaqətini xüsusi qeyd etməsi onun elm ilə cəmiyyət arasında üzvi əlaqəni önə çəkdiyini təsdiqləyir. Ulu öndər üçün əsl alim cəmiyyətdən kənarda qalan deyil, xalqın içində olan, milli taleyə biganə qalmayan ziyalıdır.

Ümumilikdə, bu nitq akademik Fəraməz Maqsudov timsalında Heydər Əliyevin elmə verdiyi yüksək qiymətin, alim şəxsiyyətinə göstərdiyi dərin ehtiramın və akademik irsi milli sərvət kimi dəyərləndirməsinin parlaq nümunəsidir. Bu çıxış bir daha sübut edir ki, Heydər Əliyev üçün elm – milli inkişafın təməli, alim isə bu inkişafın əsas daşıyıcısıdır.

1 sentyabr 2001-ci il: Bakıdakı 6 saylı orta məktəbdə görüş

Prezident Heydər Əliyev Bakıdakı 6 saylı orta məktəbdə yeni dərs ili münasibətilə keçirilən görüşdə demişdi:

“Əziz uşaqlar, əziz müəllimlər! Hörmətli valideynlər! Xanımlar və cənablar!

Mən sizin hamınızı Azərbaycanda yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm və Azərbaycanın bütün təhsil ocaqlarına, bütün məktəblərinə, bütün müəllimlərinə, təhsil alan uşaqlara və gənclərə uğurlar arzulayıram.

Azərbaycan dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd edir. Bu, bizim çoxəsrlik tariximizdə ən əlamətdar, ən böyük əhəmiyyətə malik olan bir hadisədir. Azərbaycan əsrlər boyu müstəqil olmaq arzusu ilə yaşamış, xalqımız əsrlər boyu azad olmaq istəmiş, öz müstəqil dövlətinin olması arzusu ilə yaşamış, müstəqil ölkəsinin vətəndaşı olmaq istəmişdir.

Sizin məktəbiniz böyük tarixə malikdir, böyük ənənələrə malikdir. İndi yenidən təmir olunubdur.

Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, - az hissəsini nəzərə almasaq, - demək olar ki, hamısı dövlətə məxsusdur.

Mən 6 nömrəli məktəbdə keçmişdə də olmuşam. Bu gün bir neçə sinfə baxdım. O vaxt kompüter nə idi heç bilmirdilər, amma indi görün, bu gün uşaqlar kompüterlərin arxasında oturublar. İndi ayrı-ayrı ölkələrdən gətirilən kompüterlər, yaxud da başqa çox müasir tələblər səviyyəsində olan təhsil ləvazimatı bütün məktəblərə verilib və veriləcəkdir. Bunlar hamısı dövlət tərəfindən təhsilə göstərilən qayğıdır. Eyni zamanda, bunlar hamısı təhsil sahəsində çalışan insanlara öz vəzifələrini daha da səylə yerinə yetirmək üçün əsasdır.

Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanda bütün məktəblərdə bütün sahələrə aid müəllimlər var. Ali məktəblərimizdə yüksək elmə malik olan professor-müəllim heyətləri var. Ancaq orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır.

6 nömrəli məktəb, dedim ki, mənim uçun yaxşı tanışdır. Çünki mənim iki övladım - qızım da, oğlum da birinci sinifdən onuncu sinfə qədər burada təhsil alıblar. Mən 10 il uşaqlarımla buradan o tərəfdə olan evdə yaşamışam. Doğrudur, o vaxt bizim problemimiz olmayıbdır ki, uşaqlan məktəbə aparaq. Uşaq özü çıxıb gəlirdi Anası da eyvandan onları müşayiət edirdi, eyni zamanda, əgər belə olmasaydı, heç başqa imkanımız da yox idi. Avtomobil, filan - bunlar yox idi. Ancaq biz o vaxtlar uşaqlarımızın məktəbə getməsi üçün şəhər nəqliyyatından istifadə etmədik. Məktəb ilə evimizin yaxınlığı bizim üçün çox asanlıq yaratdı.

Uşaqlar çox yaxşı təhsil aldılar. Mən bunu ona görə dedim ki, təkcə mənim övladlarım burada yaxşı təhsil alıblar. Bilirsiniz ki, mən 1969-cu ildən 14 il Azərbaycanın rəhbəri olmuşam. O vaxtlar da mən təhsil işləri ilə çox ciddi məşğul olmuşam. Ona görə də bilirəm ki, Azərbaycanda, Bakıda çox nümunəvi məktəblər olub, indi də var. Onlar qazandıqları yerləri heç vaxt əldən verməyiblər. Təkcə Bakıda yox, Yevlax rayonunun Xaldan kəndində də bir nümunəvi məktəb var idi. Bilirsinizmi kənd yeridir, amma nə qədər yüksək səviyyəli məktəb idi. Mən orada bir-iki dəfə olmuşam və oranın direktoru Zahid Şöyübovla söhbətlər etmişdim. Həm də o vaxtlar çox şərəfli ad olan “SSRİ xalq müəllimi” adını ilk dəfə Şöyübova verdik.

Məktəbin şəhərdə və kənddə, şəhərin mərkəzində və ya kənarında yerləşməsi onun təhsil səviyyəsinin dəyişilməsinə təsir göstərə bilməz. 6 nömrəli məktəb həmişə nümunəvi məktəb olub, onun böyük tarixi var. Çox məmnunam ki, o bu adı indiyə qədər, bütün çətin dövrü yaşayaraq qoruyub saxlayıb və ümidvaram ki, bundan sonra da şərəflə qoruyacaqdır.

Bu gün xatırlayıram ki, 1977-ci ildə mənim oğlum İlham məktəbi qurtararkən mən gəlib başqa valideynlərlə birlikdə buraxılışda iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər ki, necə ola bilər ki, ölkənin başçısı gəlib burada, məktəbdə bütün başqa valideynlərlə birlikdə mərasimdə iştirak edir. Mən hesab edirəm ki, o təəccüb edənlər səhv edirdilər. Çünki bizim özümüz də məktəbdən çıxmışıq. Bizim özümüz də məktəbin yetirmələri idik. Mənim oğlum 10 il burada təhsil almışdır. Əgər yaxşı təhsil alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə getməli idim, öz təşəkkürümü bildirməli idim. Keçmişi yada salaraq demək istəyirəm ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat yoldaşım Zərifə xanım valideynlərin bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcudur. Valideynlər gərək məktəblə həmişə sıx əlaqə saxlasınlar. Gəlsinlər, uşaqların dediyi ilə yox, müəllimlə haradasa görüşməklə yox, məktəbdə uşağının necə oxumasını, məktəbdə olan şəraiti görsünlər. Beləliklə, onlar öz uşaqlarının yaxşı oxuması üçün yaxşı fəaliyyət göstərə bilərlər, eyni zamanda, məktəblə əlaqə insanı daha da cavan saxlayır. Bunun da böyük əhəmiyyəti var.

Mən bu məktəbə çox təşəkkür edirəm ki, iki övladımın orta təhsil almasında mənə bir valideyn kimi böyük töhfələr veribdir. Təsadüfi deyil ki, bu məktəbdə aldıqları orta təhsil əsasında oğlum Moskvada ən mötəbər universitetlərdən birini bitirdi. Qızım buradakı universiteti - Bakı Dövlət Universitetini bitirdi. Sonra aspiranturanı Moskvada Şərqşünaslıq İnstitutunda oxudu. Oğlum sonra həmin o Beynəlxalq Əlaqələr İnstitutunda elmlər namizədi kimi dərs verirdi. Bunların hamısının kökü, başlanğıcı məktəbdir Təbiidir ki, hər bir uşaq eyni istedada malik ola bilməz. Amma, eyni zamanda, məktəbdə hər bir uşağın yüksək təhsil alması üçün göstərilən səylər, o istedad fərqini müəyyən qədər azatdır.

Sizə bir daha təşəkkür edirəm.

Mən inanıram ki, 6 nömrəli məktəb özünün gözəl ənənələrini davam etdirəcək. Bugünkü tanışlığım məndə müsbət təəssürat yaratdı. Mən təsdiq edirəm ki, bu ənənələr davam edir, ümid edirəm ki, bundan sonra da davam edəcək. İnanıram ki, 6 nömrəli məktəb Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olacaqdır.

Məktəbin müəllimlərinə, bütün kollektivə, Azərbaycanın bütün təhsil işçilərinə, bütün müəllimlərinə, Azərbaycanın təhsil alan uşaqlarına, ali məktəblərdə təhsil alan gənclərə, hamıya bu yolda uğurlar arzulayıram. Sizin hamınıza cansağlığı, səadət arzulayıram. Sağ olun”.

Bu nitq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilə verdiyi strateji əhəmiyyətin, onun elmi cəmiyyətin formalaşmasında oynadığı həlledici rola dair baxışlarının parlaq ifadəsidir. Ulu öndər təhsili yalnız biliklərin ötürülməsi prosesi kimi deyil, milli dövlət quruculuğunun, elmi potensialın və intellektual cəmiyyətin əsas təməli kimi təqdim edir. Nitqin hər bir məqamında təhsilin Azərbaycan dövlətinin gələcəyi üçün nə dərəcədə zəruri olduğu aydın şəkildə hiss olunur.

(ardı var)

Arif HƏŞİMOV
akademik

Избранный
12
xalqqazeti.az

1Источники