RU

Özünüməşğulluq proqramının iştirakçısı: Dövlət dəstəyi ilə arzumu reallaşdırdım

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 29 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Ölkəmizdə aztəminatlı ailələrin rifahını yüksəltmək sosial siyasətin əsas istiqamətlərindən biridir. Bununla bağlı həmin ailələrə fərdi təsərrüfatlarını, öz kiçik bizneslərini qurmaları üçün dövlət tərəfindən onlara aktivlər və avadanlıqlar verilir. Bu tədbirlər sayəsində minlərlə vətəndaş dövlət dəstəyi ilə öz kiçik biznesini quraraq sosial asılılıqdan azad olur. Dövlət Məşğulluq Agentliyinin icra etdiyi Özünüməşğulluq proqramı da məhz belə ailələrə dəstək məqsədi daşıyır. Proqram işsiz və işaxtaran şəxslərin dövlət dəstəyi ilə öz fərdi bizneslərini qurmalarına və iqtisadi müstəqillik qazanmalarına birbaşa şərait yaradır. Nəticədə həmin ailələr dayanıqlı gəlir mənbəyi əldə edərək aktiv əmək bazarına daxil olur və ölkədə yoxsulluğun azaldılmasına töhfə verirlər.

Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə öz kiçik biznesini quran sahibkarlardan biri də Gəncə sakini Tamam İsgəndərovadır. AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində o, əvvəllər digər gözəllik salonlarında çalışdığını, lakin ailə həyatı qurduqdan sonra fəaliyyətinə fasilə verdiyini bildirib. Övladları böyüdükdən sonra öz biznesini qurmaq qərarına gələn T.İsgəndərova bu məqsədlə Agentliyə müraciət edərək qeydiyyata alınıb və xüsusi təlimlərə cəlb olunub.

Qeyd edək ki, Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlar aktivlərlə təmin edilməzdən öncə xüsusi hazırlıq kurslarından keçirlər. Təlimlər zamanı iştirakçılara nümunəvi biznes planın tərtibi, sahibkarlıq fəaliyyətinin təşkili üçün zəruri biliklər və hüquqi prosedurlar öyrədilir, eyni zamanda, bazara çıxış imkanları və digər dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilir. Kursun sonunda namizədlərin hazırlıq səviyyəsi qiymətləndirilir və biznes planını uğurla müdafiə edən şəxslərə fəaliyyətlərini qurmaları üçün əmlak formasında aktivlər təqdim olunur.

Tamam xanım təlimləri uğurla başa vurduqdan sonra gözəllik salonu üçün lazım olan aynalar, kreslolar, dırnaq ustası ləvazimatları və hətta istilik sisteminin qurulması üçün avadanlıqlarla təmin edilib: "Dövlət dəstəyi ilə arzumu reallaşdırdım. Bu başlanğıc mənim üçün çox uğurlu oldu. Artıq 3 ildir ki, qadın sahibkar kimi öz biznesimi idarə edirəm və kifayət qədər müştəri bazası toplamışam".

Göründüyü kimi, Özünüməşğulluq proqramı sadəcə maddi dəstək deyil, həm də vətəndaşların potensialını üzə çıxaran mühüm sosial platformadır. Tamam İsgəndərova kimi minlərlə uğurlu sahibkarın nümunəsi göstərir ki, dövlətin yaratdığı bu imkanlar ailə büdcəsinin güclənməsinə və fərdi inkişafa birbaşa xidmət edir. 2017-ci ildən bəri 112 mindən çox şəxsin bu prosesə cəlb edilməsi layihənin kütləviliyini və inklüzivliyini bir daha təsdiqləyir. Bu cür təşəbbüslərin davamlı xarakter alması ölkədə kiçik və orta sahibkarlığın genişlənməsinə, eləcə də əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники