Buxarest, 29 yanvar, AZƏRTAC
Rumıniyanın nüfuzlu “Veridica” nəşrində tanınmış siyasi analitik Aleksandr Maliarenkonun Cənubi Qafqazda gedən geosiyasi proseslərə həsr olunmuş məqaləsi dərc edilib.
Məqalədə qeyd olunur ki, son illər regionda baş verən dəyişikliklər Cənubi Qafqazın beynəlxalq münasibətlər sistemində daha müstəqil və çoxşaxəli mövqe tutduğunu göstərir. Bölgə ölkələri təhlükəsizlik, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq formatlarına üstünlük verərək milli maraqlara əsaslanan siyasət yürüdürlər.
Analitikin fikrincə, Azərbaycan, Gürcüstan və Ermənistan xarici siyasətdə alternativ tərəfdaşlıqların genişləndirilməsinə, iqtisadi və logistik əlaqələrin şaxələndirilməsinə xüsusi önəm verir. Bu yanaşma Cənubi Qafqazın qlobal enerji və nəqliyyat xəritəsində rolunu əhəmiyyətli dərəcədə artırır.
Məqalədə vurğulanır ki, Azərbaycan enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsində əsas regional aktorlardan biri kimi çıxış edir. Cənub Qaz Dəhlizi, Orta Dəhliz və Xəzər hövzəsi üzərindən keçən marşrutlar Avropa ilə Asiyanı birləşdirən strateji xəttə çevrilib.
Aleksandr Maliarenko yazır ki, Türkiyə ilə strateji tərəfdaşlığın möhkəmlənməsi, Avropa İttifaqı və ABŞ-la dialoqun dərinləşməsi, eyni zamanda, Asiya istiqamətində genişlənən iqtisadi əlaqələr regionda balanslaşdırılmış xarici siyasət modelinin formalaşmasına töhfə verir.
Məqalədə belə nəticəyə gəlinir ki, mövcud proseslər Cənubi Qafqazı təkcə regional deyil, həm də qlobal miqyasda enerji təhlükəsizliyi və nəqliyyat-logistika sistemlərinin mühüm həlqəsinə çevirir və bölgənin beynəlxalq əhəmiyyətini daha da artırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest