RU

Ende meydana çıxsa, “Sabah” 100 min manat ödəməli olacaq – PFL rəsmisi izah etdi

Bilindiyi kimi, “Sabah” AFFA İcraiyyə Komitəsinin ötən ilin fevralında qəbul etdiyi qərara əsasən, heyətindəki legionerin sayına görə 285 min manat rüsum ödəməliydi. Ona görə ki, “bayquşlar”ın 14 əcnəbi futbolçusu var idi. Bunlar Stas Pokatilov, İqor Noqeyra, Akim Zedadka, Stiv Solvet, Timoteuş Puxaç, İvan Lepinitsa, Kahim Parris, Umarali Raxmonaliyev, Zinədin Uld Xaled, Velko Simiç, Aaron Mluda, Coy-Lens Mikels, Cesse Sekidika və Pavol Şafranko idi.

Masazır təmsilçisinin Misli premyer-liqasının 17-ci turunda evdə “Karvan-Yevlax”a qarşı keçirdiyi oyunda (4:1) gördük ki, protokolda əvəzedici heyətin üzvü, Antalyadakı təlim-məşq toplanışında iştirak edən Stefan Ende də var.

Maraqlıdı, “Sabah” 19 yaşlı futbolçuya görə daha 100 min manat rüsum ödəməyə razı olub, yoxsa burda başqa məqam var? Ümumiyyətlə, bu məsələ necə tənzimlənir?

Bu sualı Peşəkar Futbol Liqasının Media və Marketinq direktoru Sənan Abdullayevə ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“2025/26 mövsümü Əsasnaməsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən, premyer-liqa klubları əvəzedici heyət üçün nəzərdə tutulan sifariş vərəqində mövsüm ərzində 5 nəfər legioner futbolçu sifariş edə bilərlər. Klubun əvəzedici heyətinin sifariş vərəqində qeydiyyatdan keçən legionerin hər biri üçün 5 min manat ödəniş müəyyən edilir. Həmin legioner futbolçular ancaq Əvəzedicilər liqasında çıxış edə bilər. Onlar komandanın əsas heyətində protokolda qeyd olunub meydana çıxacağı halda, klublar premyer-liqada tətbiq olunan qaydalara riayət etməli və həmin futbolçuya görə sıra sayına uyğun olaraq əlavə ödəniş etməlidilər. Bu halda, Əvəzedicilər liqasında oynaması üçün PFL-ə ödənmiş rüsum əsas məbləğdən çıxılır. Yaranmış borc öhdəliyi komandanın növbəti oyununa qədər bağlanmalıdı. Sözügedən maddədə futbolçunun adının oyun protokolunda qeyd edilməsi və onun meydana çıxması şərti öz əksini tapıb. Bu isə o deməkdi ki, “Sabah”ın əvəzedici heyət üçün sifariş olunan futbolçusu Stefen Endenin adı Misli premyer-liqasının 17-ci turu çərçivəsində “Karvan-Yevlax”la keçirilən qarşılaşmanın protokoluna daxil edilsə də, futbolçu ehtiyat oyunçular skamyasında qalaraq meydana çıxmadığı üçün klub tərəfindən müvafiq rüsum ödənilmir. Futbolçu əsas komandanın heyətində meydana çıxacağı təqdirdə isə klub premyer-liqada sıra sayına uyğun olaraq ödəniş etməlidi”.
KƏNAN BAHADIR
Избранный
10
1
football-plus.az

2Источники