RU

"Böyük qüvvələri İrana qarşı döyüş vəziyyətinə gətiriblər" - Polkovnik

"İstənilən halda İranla bağlı həm Amerikanın, həm də İsrailin uzağa gedən planları var, ona görə də böyük qüvvələri İrana qarşı döyüş vəziyyətinə gətiriblər. İran isə ölkədə baş verən etirazları yatırmaq üçün gücdən istifadə etdi və minlərlə insan həyatını itirdi".

Bunu Redaktor.az-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov ABŞ-İran münasibətlərinin gedişatından və ABŞ Prezidenti Donald Trampın ölkəsinin əsas hərbi qüvvələrinin İrana yaxınlaşdığını açıqlamasından danışarkən qeyd etdi.

Onun sözlərinə görə, bu məsələdə sülhyaratma missiyası ilə qardaş Türkiyə iştirak edir:

"Türkiyə xarici işlər naziri Hakan Fidan demək olar ki, həm ötən həftələrdə, həm də ötən günlərdə bir neçə dəfə iranlı həmkarı Abbas Əraqçı ilə telefonla danışıb, Amerika dövlət katibi ilə ünsiyyətdə olub. Baxaq görək hadisələr necə inkişaf edəcək. Amma hesab edirəm ki, vəziyyət heç də yaxşı deyil. Demirəm, İrana qoşun yeridəcəklər, çünki İran hər halda Venesuela deyil, amma İrana da müəyyən məsələlərə məcbur etmək üçün addımlar atılacaq.

Səhər saatlarında gördüm ki, İranın rəsmilərindən bəyanat gəlib. Bildirilir ki, İran ciddi danışıqlara hazırdır. Belə başa düşülür ki, indiyə qədər qeyri-ciddi danışıqlar olub. İstənilən halda İran vəziyyəti doğru-düzgün dəyərləndirməlidir".

Müsahibimiz vurğuladı ki, İranda olan bəzi radikal qüvvələr - keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İranın ali dini lideri Əli Xameneinin müşaviri Laricani, o cümlədən digər müşavir, keçmiş müdafiə naziri Əli Şamxani - İran tərəfdən Amerikanı qıcıqlandıracaq bəyanatlar və hədələr səsləndirirlər:

"Mənə elə gəlir ki, bu, heç də yerində olmayan bir addımdır və İranın ziyanına işləyə bilər".

Aytəkin TOFİQQIZI

Избранный
13
1
redaktor.az

2Источники