“TRIPP Ermənistan-ABŞ layihəsidir və Azərbaycanla Türkiyə üçün nəzərdə tutulub”.
Bunu mətbuat konfransı zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, burada Ermənistanın marağı ümumiyyətlə görünmür.
“Ermənistan bu layihədə hətta tərəf də deyil, yarım-tərəfdir. Bu proqram yalnız o halda bizi həmin toqquşma nöqtəsindən çıxara bilər ki, genişləndirilsin və bütün oyunçular faydalanan tərəfə çevrilsin, xüsusilə də məsələn, Çin və ya Rusiya bu layihəyə qoşulsun.
TRIPP böyüməlidir, iki TRIPP də ola bilər. Birinci TRIPP Mehri istiqamətində, ikinci TRIPP Naxçıvan istiqamətində. Ola bilsin ki, təşkilati baxımdan bunu formalaşdırmaq daha asandır, amma məzmunu və tənzimləmələri eyni olacaq. Elə alınmasın ki, Ermənistan-ABŞ layihəsi əslində Azərbaycan və Türkiyə üçün layihə olsun. Mən bir şeyi anlayıram, ABŞ bu proqramı irəli aparmağa çalışacaq və açığı, ABŞ-nin burada iqtisadi marağını görmürəm”, - deyə Köçəryan qeyd edib.
Köçəryan vurğulayıb ki, ABŞ-Ermənistan və ABŞ-Azərbaycan arasında ümumi xarici ticarət dövriyyəsi ABŞ-nin ümumi xarici ticarət həcminin təxminən 0,004 faizini təşkil edir.
“Bu, heç nədir. ABŞ-nin Cənubi Qafqazda iqtisadi marağı sıfırdır və bu maraq yalnız bir amillə bağlıdır: İranla əlaqədar, İran sərhədini nəzarət altına almaq. Başqa izah yoxdur. Fantaziyamı xeyli genişləndirmişəm ki, nəsə tapım, amma tapmamışam. Ermənistan bu proqramla özünü böyük geosiyasi maraqların toqquşma nöqtəsinə qoyur”, - deyə o bildirib.
Köçəryan həmçinin əminliyini ifadə edib ki, TRIPP Ermənistan üçün təhdidə çevrilə bilər: “TRIPP bizim təhlükəsizliyimiz üçün ən böyük təhdidə çevriləcək. Məndə belə təəssürat var ki, bəzi insanlar vəzifələrinə görə məsuliyyət daşıdıqları məsələlərdən ümumiyyətlə heç nə anlamırlar. Hər bir ölkənin təhlükəsizliyinin əsas təminatçısı ilk növbədə ordudur. Üstəlik, əgər sənin döyüş qabiliyyətli ordun varsa, bu müharibə başlatmaq üçün deyil, sülhü qorumaq üçündür. Döyüş qabiliyyətli ordu sənin başqaları ilə münasibətlərdə çəkini artırır. Ordun nə qədər döyüş qabiliyyətlidirsə, iqtisadiyyatın nə qədər güclüdürsə, bir o qədər maraqlı müttəfiqlər tapa bilərsən və onlar da sənin rolunu bir o qədər qiymətləndirirlər. Əgər sən özün heç nə ifadə etmirsənsə, səninlə niyə tərəfdaşlıq etsinlər? Beynəlxalq münasibətlərdə sentimentlər yoxdur”.