RU

Paşinyana "Məğlubiyyət simvolu" ittihamı:   Ananyanın çıxışı seçkiönü anonsdur? – ÖZƏL

Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Davit  Ananyan Baş nazir Nikol Paşinyanı kəskin tənqid edərək, onu beynəlxalq aləmdə "məğlubiyyət simvolu" adlandırıb. Ananyan bildirib ki, hazırkı rəhbərliyin uğursuzluğu dövlətin sonu deyil və fərqli liderlə Ermənistan daha yaxşı nəticələr qazana bilərdi. O, Paşinyanın "KTMT silah almağımıza mane olurdu" arqumentini dəyərsiz adlandıraraq, ölkənin gələcəyində bu hakimiyyətin yerinin olmadığını vurğulayıb.

Eks-məmurun "fərqli lider, fərqli nəticə" tezisi nə dərəcədə realdır? Fərqli nəticə deyərkən o nəyi nəzərdə tutur? Müxalifətin "gələcəkdə Paşinyan yoxdur" mesajı Ermənistanda yeni bir hakimiyyət dəyişikliyi dalğasının anonsu ola bilərmi? 

"Ermənistan Dövlət Gəlirlər Komitəsinin keçmiş sədri Davit Ananyanın verdiyi açıqlamalar, əslində, siyasi anlaşılmazlığın və daxili siyasi mübarizənin nəticəsidir".

Bu fikirləri sözügedən məsələni Olaylar.az-a şərh edərkən siyasi ekspert Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, uzun müddətdir ki, Ermənistan hakimiyyətində, xüsusilə Nikol Paşinyanla keçmiş məmurlar arasında ciddi siyasi qarşıdurma mövcuddur və Ananyanın açıqlamaları da bu mübarizənin açıq təzahürüdür. Üstəlik, Ananyanın özü də bu proseslərdən birbaşa zərər çəkən fiqurlardandır. Onun rəhbərlik etdiyi dövrdə korrupsiya faktlarının mövcudluğu ilə bağlı müxtəlif məlumatlar yayılmışdı. Ümumiyyətlə, Ermənistan Dövlət Gəlirlər Komitəsi ölkədə korrupsiyaya ən çox bulaşmış qurumlardan biri kimi tanınır. Bu baxımdan, Ananyanın çıxışları daxili siyasi çəkişmələrin bir hissəsi kimi qiymətləndirilməlidir.

Ekspert qeyd edib ki, eyni zamanda, bu açıqlamalar vasitəsilə Nikol Paşinyanı xarici siyasət müstəvisində zəiflətməyə çalışırlar. Xüsusilə Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti və digər strateji məsələlər Paşinyana qarşı ittiham predmeti kimi gündəmə gətirilir. Bu cür açıqlamaların bir məqsədi də Rusiyanın maraqlarına uyğun mövqe sərgiləməkdir.
Diqqət yetirsək, Ananyan iddia edir ki, KTMT Ermənistanın silah almasına mane olub. Bu arqument kifayət qədər zəifdir və faktiki olaraq KTMT-ni haqlı çıxaran bir yanaşmadır. Təbii ki, bu cür açıqlamalar rəsmi Moskvanın da xoşuna gələn mövqedir. Ümumiyyətlə, Ermənistanda kim Nikol Paşinyana qarşı çıxmaq istəyirsə, bir qayda olaraq Rusiya amilini ön plana çəkir və KTMT ilə bağlı məsələləri xüsusi vurğulayır. Məqsəd Rusiyanı və KTMT-ni haqlı göstərmək, bu mövzuların gündəmdə qalmasını təmin etməkdir. Bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözləniləndir.

"Hazırda Ermənistanda parlament seçkilərinə ciddi hazırlıq gedir və seçkilərə artıq aylar deyil, qısa bir müddət qalıb. Seçkilər yaxınlaşdıqca Paşinyana qarşı ittihamların artacağı və daxili siyasi mübarizənin daha da sərtləşəcəyi istisna deyil", - deyə siyasi şərhçi vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
10
olaylar.az

1Источники