RU

Dövlətin vətəndaşı evlə təmin etmək öhdəliyi yoxdur Əkrəm Həsənov

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən il Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada ondan artıq mənzilin sakinləri evsiz qalıb. Hadisədən sonra vətəndaşlar kirayə mənzillərə köçürülüb, zərər dəyən binanın isə təmir ediləcəyi deyilib. Hazırda hadisədən 1 il ötüb və binada heç bir bərpa işi aparılmayıb. Məsələ ilə bağlə hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, dövlətin vətəndaşı mənzil və ya evlə təmin etmək kimi öhdəliyi yoxdur:"Yəni hər hansı şəxsin evi dağıldıqda, yararsız hala düşdükdə və ya yaşayış üçün təhlükəli olduqda, dövlət birbaşa olaraq ona yeni mənzil verməyə borclu sayılmır. Bu, hüquqi baxımdan açıq şəkildə müəyyən edilib. Belə hallarda həmin şəxslər yalnız onlara dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məsələsini qaldıra bilərlər".Vəkil bildirib ki, əgər baş vermiş hadisə kiminsə günahı ucbatından baş veribsə, məsələn səhlənkarlıq, qayda pozuntusu və ya texniki məsuliyyətsizlik nəticəsində, zərərçəkən şəxs günahkar tərəfə qarşı məhkəmə qaydasında iddia qaldıra bilər və kompensasiya tələb edə bilər:"Ev yanıbsa, partlayış baş veribsə, sel və ya su basma hadisəsi olubsa, yaxud başqa fövqəladə vəziyyət yaranıbsa, bu hallar avtomatik olaraq hökumətin məsuliyyəti hesab edilmir. Yəni bu cür hadisələrdə dövlətin vətəndaşa yeni ev vermək öhdəliyi yoxdur".O deyib ki, artıq uzun illərdir ki, Azərbaycanda mənzillərin və fərdi yaşayış evlərinin icbari sığortası ilə bağlı qanun mövcuddur."Bu qanun on ildən artıqdır qüvvədədir və əsas məqsədi vətəndaşları risklərdən qorumaqdır. Lakin praktika göstərir ki, əksər vətəndaşlar yaşadıqları evi və ya mənzili sığortalatmır, bu məsələyə ciddi yanaşmırlar. Halbuki həmin qanun məhz ona görə qəbul edilib ki, hər hansı yanğın, partlayış, təbii fəlakət və ya digər gözlənilməz hadisə baş verdikdə, sığorta şirkəti vətəndaşa dəymiş zərərin əvəzini ödəsin. Bu halda məsuliyyət sığorta mexanizmi üzərindən tənzimlənir. Yəni bir daha qeyd etmək lazımdır ki, bu məsələlərdə hökumətin birbaşa təminat öhdəliyi yoxdur və vətəndaşın özünü sığortalaması əsas qoruyucu mexanizm hesab olunur", - deyə vəkil qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
demokrat.az

1Источники