Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev ilə Rəcəb Tayyib Ərdoğan arasında Ankaradakı prezident sarayında məhdud tərkibdə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Türkiyə–Özbəkistan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində, ilk növbədə siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə daha da genişləndirilməsi ətraflı müzakirə olunub.
Bütün səviyyələrdə mövcud olan yüksək dinamika və aktiv dialoq qeyd edilib. Tərəflər bu yaxınlarda "4+4" formatında keçirilmiş strateji planlaşdırma qrupunun iclasının səmərəli nəticələrini məmnunluqla qarşılayıblar.
"Qarşılıqlı ticarət dövriyyəsinin həcmi, birgə müəssisələrin sayı, ölkələr arasında aviareyslərin uçuş tezliyi ardıcıl şəkildə artır. Müntəzəm olaraq birgə mədəni tədbirlər keçirilir. Sənaye, kənd təsərrüfatı, sosial müdafiə və digər prioritet istiqamətlərdə layihə və proqramların irəliləməsinin zəruriliyi vurğulanıb", - məlumatda bildirilib.
Müdafiə və təhlükəsizlik, kibercinayətlərlə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Liderlər, həmçinin beynəlxalq və regional gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.