İran XİN rəhbəri Avropanın Sepahı terror siyahısına salmasını kəskin tənqid edib...
Poliqon xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi Avropanı İrana qarşı müharibə riskini artırmaqda ittiham edib və Avropa ölkələrinin Sepahı terror təşkilatları siyahısına daxil etməsini sərt şəkildə pisləyib. Nazir bu fikirləri sosial şəbəkələrdəki paylaşımında ifadə edib.
“Hazırda regionumuzda tammiqyaslı müharibənin qarşısını almağa çalışan bir neçə ölkə var. Onların heç biri Avropa ölkəsi deyil”, Abbas Araqçi qeyd edib.
Nazirin sözlərinə görə, Avropa əksinə, vəziyyəti gərginləşdirməklə məşğuldur. “Avropa ABŞ-nin göstərişi ilə həyata keçirilmiş ‘cavab zərbəsindən’ sonra indi daha bir böyük strateji səhvə yol verir və bizim milli silahlı qüvvələrimizi guya ‘terror təşkilatı’ elan edir”, Araqçi vurğulayıb.
İran XİN rəhbəri hesab edir ki, bu cür addımlar bölgədə sabitliyin pozulmasına, gərginliyin daha da dərinləşməsinə və diplomatik səylərin səmərəsiz qalmasına gətirib çıxarır. Onun fikrincə, Avropanın yanaşması münaqişələrin qarşısını almağa deyil, əksinə, qarşıdurmanı genişləndirməyə xidmət edir.
Araqçi əlavə edib ki, İran öz təhlükəsizliyini və milli maraqlarını qorumaqda qətiyyətlidir və Sepahın terror təşkilatı kimi təqdim olunması beynəlxalq hüquqa ziddir. Tehran bu qərarların nəticələrinə görə məsuliyyətin Avropa paytaxtlarının üzərinə düşəcəyini bildirir.
Poliqon.info