RU

Azərbaycanın enerji strategiyasının ideya, təcrübə və sənəd vəhdəti 

Azərbaycanın müasir dövlətçilik tarixində enerji strategiyası yalnız iqtisadi siyasətin bir istiqaməti deyil, milli inkişaf modelinin əsas sütunlarından biri kimi çıxış edir. Bu baxımdan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri  Sadiq Qurbanovun "Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası" adlı üçcildlik fundamental tədqiqatı Azərbaycan enerji siyasətinin formalaşma və inkişaf mərhələlərinin sistemli elmi təhlilinə həsr olunmuş mühüm nəşr kimi diqqəti cəlb edir. 

Kitabda Azərbaycanın neft strategiyası xronoloji hadisələr toplusu kimi deyil, dövlətçilik, geosiyasət, enerji diplomatiyası və davamlı inkişaf konsepsiyası müstəvisində təqdim edilib. Müəllif enerji sektorunu həm tarixi proses, həm də strateji idarəetmə modeli kimi araşdıraraq bu sahədə kompleks yanaşma ortaya qoyub.

Kitabın aktuallığı bir neçə amillə şərtlənir. Birincisi, qlobal enerji bazarlarında gedən transformasiya prosesləri fonunda Azərbaycanın enerji siyasətinin elmi təhlilinə ehtiyac artmışdır. İkincisi, müasir elmi diskursda "resurs bolluğu" ilə "davamlı inkişaf" arasındakı əlaqə mühüm müzakirə predmetidir. Müəllif bu məsələni Azərbaycan nümunəsi əsasında araşdıraraq praktik və nəzəri nəticələr ortaya qoyur. Üçüncüsü, kitabda Heydər Əliyevin və İlham Əliyevin çıxışları, müsahibələri və rəsmi mövqeləri ilkin mənbə kimi istifadə olunur ki, bu da nəşrin elmi etibarlılığını əhəmiyyətli dərəcədə artırır.

Əsərin  əsas konseptual xətti Azərbaycanın enerji siyasətinin mərhələli, məqsədyönlü və institusional inkişaf modeli kimi təqdim edilməsinə əsaslanır. Müəllif enerji strategiyasını dar texniki-iqtisadi çərçivədə deyil, dövlətçilik təfəkkürü, siyasi qərarların ardıcıllığı və beynəlxalq münasibətlər sistemi kontekstində şərh edir. Bu yanaşma kitabın elmi dəyərini müəyyən edən başlıca cəhətlərdəndir.

Kitabın ümumi məqsədi Azərbaycan neft strategiyasının tarixi inkişafını sənədlər, çıxışlar, rəsmi mövqelər və faktoloji materiallar əsasında sistemləşdirmək və bu strategiyanın milli inkişafla qarşılıqlı əlaqəsini göstərməkdir. Müəllif enerji siyasətini təsadüfi qərarlar toplusu kimi deyil, uzunmüddətli strateji planlaşdırmanın nəticəsi kimi təqdim edir. Bu, müasir enerji tədqiqatlarında geniş tətbiq olunan institusional yanaşmaya uyğun gəlir.

Əsərin konsepsiyasında əsas diqqət aşağıdakı məqamlar üzərində cəmlənir:

- enerji resurslarının milli maraqlara uyğun idarə olunması;

- neft strategiyasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində rolu;

- enerji gəlirlərinin davamlı sosial-iqtisadi inkişafa yönəldilməsi;

- beynəlxalq enerji əməkdaşlığının diplomatik və geosiyasi əhəmiyyəti.

Müəllif enerji sektorunu yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, siyasi legitimlik, beynəlxalq etimad və regional sabitlik amili kimi dəyərləndirir. Bu baxımdan əsər enerji siyasətinin "funksional" deyil, "strateji" təbiətini ön plana çıxarır. Xüsusilə vurğulanmalıdır ki, kitabda enerji strategiyası dövlətin ümumi inkişaf konsepsiyasından ayrı təsəvvür edilmir, əksinə, bu strategiya milli inkişaf modelinin tərkib hissəsi kimi təqdim olunur.

Üçcildliyin konsepsiyasında Heydər Əliyev və İlham Əliyev mərhələlərinin ayrılması da təsadüfi deyil. Müəllif bu bölgü ilə enerji strategiyasının formalaşma, institusional möhkəmlənmə və davamlı inkişaf mərhələlərini elmi ardıcıllıqla göstərməyə nail olur. Beləliklə, kitab yalnız tarixi xronika deyil, eyni zamanda enerji siyasətinin konseptual xəritəsi funksiyasını yerinə yetirir.

Əsərin elmi məqsədi Azərbaycanın enerji strategiyasını milli dövlətçilik təcrübəsinin mühüm komponenti kimi ümumiləşdirmək və bu təcrübəni sistemli elmi baxış prizmasından təqdim etməkdir. Bu məqsədin reallaşdırılması kitabın sonrakı bölmələrində struktur, mənbə bazası və məzmun baxımından ardıcıl şəkildə davam etdirilir. 

Əsərin mühüm üstünlüklərindən biri onun aydın qurulmuş strukturu və zəngin mənbə bazasıdır. Kitabın strukturu müəllifin qarşıya qoyduğu elmi məqsədə tam uyğun şəkildə formalaşdırılmış və oxucuya enerji strategiyasının inkişaf məntiqini ardıcıl izləməyə imkan yaradır.

Struktur bölgü tematik və xronoloji prinsiplərin vəhdəti üzərində qurulmuşdur. Birinci cilddə Azərbaycanın neft tarixinin əsas mərhələləri və Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının banisi kimi fəaliyyəti təqdim edilir. İkinci cild Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni neft strategiyasının inkişaf mərhələlərinə həsr olunmuşdur. Üçüncü cilddə isə "Əsrin müqaviləsi" və ondan sonrakı dövrdə imzalanmış neft-qaz müqavilələrinə dair rəsmi sənədlər sistemli şəkildə toplanmışdır. Bu struktur enerji strategiyasının ideya, təcrübə və sənəd ardıcıllığını aydın şəkildə nümayiş etdirir.

Strukturun elmi baxımdan üstün cəhəti ondan ibarətdir ki, müəllif enerji siyasətini epizodik faktlar kimi deyil, mərhələli inkişaf prosesi kimi təqdim edir. Hər bir cild əvvəlki mərhələnin məntiqi davamı olmaqla enerji strategiyasının təkamülünü bütöv şəkildə dərk etməyə şərait yaradır. Bu yanaşma əsəri xronoloji salnamədən fərqləndirərək elmi sistematikliyə yaxınlaşdırır. Kitabın mənbə bazası da xüsusi qeyd olunmalıdır. Müəllif geniş faktoloji materialdan istifadə etmiş, rəsmi sənədlərə, dövlət rəhbərlərinin çıxış və müsahibələrinə, beynəlxalq enerji tədbirlərində səsləndirilmiş mövqelərə, eləcə də mətbuat materiallarına əsaslanmışdır. "Azərbaycan", "Xalq qəzeti", "AzƏrTAC" kimi rəsmi informasiya mənbələrinin sistemli şəkildə cəlb olunması kitabın informasiya etibarlılığını artırır.

Xüsusilə üçüncü cilddə təqdim olunan müqavilə mətnləri və danışıqlar prosesinə dair materiallar kitabın sənədli-elmi dəyərini yüksəldir. Bu materiallar tədqiqatçılar üçün ilkin  mənbə rolunu oynayır və enerji strategiyasının hüquqi-institusional əsaslarını birbaşa öyrənməyə imkan verir. Belə bir mənbə toplusunun bir nəşrdə sistemləşdirilməsi Azərbaycan enerji siyasətinə dair elmi ədəbiyyatda nadir rast gəlinən haldır.

Nəticə etibarilə kitabın strukturu və mənbə bazası müəllifin elmi niyyətinin ciddiliyini və tədqiqatın geniş əhatə dairəsini nümayiş etdirir.

Əsərin əsas məzmun sütunlarından biri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli neft strategiyasının formalaşmasında oynadığı tarixi rolun sistemli şəkildə təqdim edilməsidir. Müəllif birinci cilddə Heydər Əliyev mərhələsini təkcə siyasi liderlik faktı kimi deyil, strateji dövlətçilik düşüncəsinin enerji sahəsində institusionallaşması prosesi kimi şərh edir. Kitabda Heydər Əliyevin neft siyasətinə yanaşması ardıcıl və konseptual çərçivədə təqdim olunur. Müəllif göstərir ki, müstəqilliyin ilk illərində mürəkkəb geosiyasi və iqtisadi şəraitdə enerji sektoru ölkənin həm iqtisadi dirçəlişi, həm də siyasi sabitliyi üçün əsas vasitə kimi nəzərdən keçirilmişdir. Bu kontekstdə Heydər Əliyevin çıxışları, görüşləri və rəsmi mövqeləri birinci mənbə kimi istifadə edilərək enerji strategiyasının ideoloji əsasları üzə çıxarılır.

Kitabda Heydər Əliyevin enerji siyasəti "hasilatı artırmaq" kimi məhdud məqsədlə deyil, milli maraqların qorunması, beynəlxalq tərəfdaşlıqların qurulması və uzunmüddətli təhlükəsizliyin təmin edilməsi kontekstində izah edilir. Müəllif bu yanaşmanı konkret faktlarla - beynəlxalq neft şirkətləri ilə aparılan danışıqlar, imzalanan müqavilələr, enerji sərgilərində və sammitlərdə səsləndirilən mövqelər vasitəsilə əsaslandırır.

Heydər Əliyevin çıxışlarının kitabda geniş yer alması elmi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu çıxışlar enerji strategiyasının yalnız iqtisadi deyil, eyni zamanda ictimai legitimlik və siyasi məsuliyyət daşıdığını göstərir. Müəllifin təqdimatında neft siyasəti dövlətin xalq qarşısında verdiyi strateji öhdəlik kimi dəyərləndirilir və bu öhdəliyin icrası milli inkişafın əsas şərti kimi təqdim olunur.

Beləliklə, birinci cilddə Heydər Əliyev mərhələsinin təqdimatı Azərbaycan enerji strategiyasının konseptual başlanğıc nöqtəsini aydın şəkildə ortaya qoyur və sonrakı mərhələlərin elmi izahı üçün möhkəm nəzəri əsas yaradır.

Üçcildliyin ikinci cildi Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın enerji strategiyasının yeni mərhələsini əhatə edir və müəllif bu mərhələni Heydər Əliyev kursunun məntiqi və institusional davamı kimi təqdim edir. Kitabda İlham Əliyevin fəaliyyəti yalnız siyasi varislik çərçivəsində deyil, müasir çağırışlara uyğunlaşdırılmış strateji idarəetmə modeli kimi şərh olunur.

Müəllif Prezident İlham Əliyevin enerji sahəsindəki fəaliyyətini üç mərhələyə ayıraraq təhlil edir: Azərbaycan Respublikası Dövlət Neft Şirkətində rəhbər vəzifələr dövrü, Baş nazir mərhələsi və Prezidentlik dövrü. Bu bölgü enerji siyasətində formalaşan təcrübənin təkamülünü izləməyə və qərarların institusional ardıcıllığını anlamağa imkan verir. Qeyd olunmalıdır ki, belə mərhələləndirmə əsərin elmi sistemliyini əhəmiyyətli dərəcədə artırır.

Deyilənləri əyani şəkildə göstərmək üçün burada ilkin olaraq Heydər Əliyevin "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqindən (Respublika sarayı, 20 sentyabr 1999-cu il) bir hissəni təqdim etmək məqsədəuyğun olardı: "Bu gün burada 'Əsrin müqaviləsi'nin beşilliyini qeyd edərkən Azərbaycanın hər bir guşəsində bizi dinləyirlər. Düşünürəm ki, çadır şəhərciklərində yaşayan əziz soydaşlarımız, yerindən-yurdundan didərgin düşmüş, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın düşmüş soydaşlarımız da çadırlarda bizi dinləyirlər. Onlar bizə inanırlar, dözürlər, indi bizi dinləyərək düşünürlər ki, bunlar hamısı yaxşıdır, bəs biz nə vaxt öz yerimizə, torpaqlarımıza qayıdacağıq? Mən bu gün bəyan edirəm ki, bizim gördüyümüz bütün bu işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, Azərbaycanın iqtisadi potensialını artırmaq üçündür. Şübhəsiz ki, bunlar bütün başqa məsələlərin də həll olunmasına kömək edəcəkdir".

Azərbaycanın Baş naziri, respublika prezidentliyinə namizəd İlham Əliyev prezident seçkiləri ilə əlaqədar xarici ölkələrin kütləvi informasiya vasitələri üçün mətbuat konfransındakı (14 oktyabr 2003-cü il) çıxışında bu fikri belə davam etdirmişdir: "Əgər biz görsək ki, sülh danışıqlarının heç bir əhəmiyyəti yoxdur, onlar formal xarakter daşıyır və heç bir nəticə vermir, onda Azərbaycanın tam haqqı var ki, bütün vasitələrdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etsin".

Respublika sarayında "Əsrin müqaviləsi"nin beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin məruzəsində deyilirdi: "Bu beş il ərzində 'Əsrin müqaviləsi'nin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər göz qabağındadır. Gələcək haqqında isə təkcə onu qeyd etmək kifayətdir ki, 30 il ərzində Azərbaycan 'Əsrin müqaviləsi'ndən bütün gəlirin 80 faizini, xarici neft şirkətlərinin hamısı birlikdə isə cəmi 20 faizini götürəcəkdir".

Bu göstərilənlər sonrakı qələbənin əsasını təşkil etmişdir.

Kitabda İlham Əliyev mərhələsinin əsas xüsusiyyəti kimi enerji strategiyasının dayanıqlı inkişaf məqsədlərinə inteqrasiyası göstərilir. Neft və qaz layihələri artıq yalnız gəlir mənbəyi kimi deyil, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolunun gücləndirilməsi, qaz ixracının şaxələndirilməsi və regional liderliyin möhkəmləndirilməsi vasitəsi kimi təqdim olunur. "Şahdəniz", "Abşeron", "Ümid" və "Qarabağ" yataqları ilə bağlı materiallar bu yanaşmanın praktiki təzahürü kimi qiymətləndirilir.

Qeyd olunan yataqların tarixi əhəmiyyətini aşağıda verilənlər daha dolğun ifadə edir. Aparıcı neft şirkətlərinin və korporasiyalarının nümayəndələri ilə görüşdə Heydər Əliyevin çıxışından (13 avqust 1993-cü il) bir hissəni diqqətə çatdırmaqla Azərbaycanın neft tarixində Azərbaycan neftçilərinin tutduğu mövqeyin Ulu Öndər tərəfindən çox yüksək qiymətləndirilməsinin bir daha şahidi oluruq. Çıxışda deyilirdi: "Ona görə də mən neft sənayesinin burada iştirak edən nümayəndələrinə, alimlərimizə və ümumiyyətlə, bütün neftçilərə demək istəyirəm ki, Azərbaycan neftçiləri öz əməyi, bacarığı, sənətinə sadiqliyi ilə bütün dünyada şöhrət tapıblar".

Bunun əyani təsdiqini Prezident İlham Əliyev "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edərkən (10 avqust 2020-ci il) göstərmişdir: "1990-cı illərdə Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda üç quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar "Qarabağ" yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və "Qarabağ" yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir".

Azərbaycan mütəxəssislərinin əməyinə verilən digər yüksək qiymət isə Bakıda Xəzər dənizində neft-qaz hasilatına dair beynəlxalq sərginin açılışında Heydər Əliyevin çıxışında (24 may 1994-cü il) ifadə edilmişdir. Çıxışda deyilirdi: "Azərbaycan neft ölkəsidir. Azərbaycanda neft yataqlarının istismar edildiyi bir çox onilliklər ərzində xalqımızın fəxri sayılan neçə-neçə neftçilər nəsli yetişmişdir. Neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır".

Bu çıxışın məntiqi davamı Prezident İlham Əliyevin "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edərkən (19 sentyabr 2020-ci il) ona ünvanlanan sualın cavabında səsləndirdiyi fikirlərdə öz əksini tapmışdır. "Cənab Prezident, Azərbaycan qədim neft diyarıdır. Ölkəmizdə uzun illər həm çar dövründə, həm də müstəqillik dövründə neft hasil olunub. O dövrlərdə və müstəqillik dövründə neft amilinin rolunu necə xarakterizə edərdiniz?" sualına cavabında Prezident İlham Əliyev demişdir: "Bəli, Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında ilk dəfə sənaye üsulu ilə neft hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq, görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki çar Rusiyası dövründə varlılar varlanırdı, amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi.

Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi". 

Azərbaycanın qədim neft diyarı olması fikrini Ulu Öndər Heydər Əliyev Bakı-Supsa neft kəmərinin açılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində (Supsa, 17 aprel 1999-cu il) belə ifadə etmişdir: "Azərbaycan qədim neft və qaz ölkəsidir. 50 il bundan öncə Azərbaycan dünya praktikasında ilk dəfə olaraq dənizin dərinliklərindən sənaye üsulu ilə neft çıxarmağa başlamışdır. 1949-cu ilin noyabrında Xəzər dənizində, Neft Daşlarında güclü neft fontanı vurmuş və bu, dünyaya dənizdə neft hasilatının yeni mərhələsinin başlandığını bildirmişdir".

Azərbaycanın bir qrup alimi və mütəxəssisi SSRİ-nin ən ali mükafatı olan "Lenin" mükafatına 1961-ci ildə Azərbaycan SSR-də dəniz neft yataqlarının hərtərəfli işlənməsinə görə layiq görülmüşdür.

Xüsusilə vurğulanmalıdır ki, kitabda Prezident İlham Əliyevin çıxış və müsahibələri enerji siyasətinin ideoloji və strateji çərçivəsini açan əsas mənbələr kimi təqdim edib. Bu çıxışlarda neft amilinin tarixi ədalətsizlikdən milli rifaha transformasiyası ideyası ön plana çıxarılır. Beləliklə, enerji siyasəti iqtisadi deyil, sosial-siyasi məsuliyyət daşıyan dövlət strategiyası kimi dəyərləndirilir.

Nəticə etibarilə ikinci cilddə təqdim olunan İlham Əliyev mərhələsi Azərbaycan enerji strategiyasının institusional yetkinlik və davamlı inkişaf mərhələsi kimi dəyərləndirilə bilər. Müəllif bu mərhələni əvvəlki dövrlə üzvi şəkildə əlaqələndirərək enerji siyasətinin uzunmüddətli strateji xəttini aydın şəkildə ortaya qoyur.

Sadiq Qurbanovun üçcildlik əsərinin diqqətçəkən xüsusiyyətlərindən biri enerji diplomatiyasının ayrıca və sistemli istiqamət kimi təqdim olunmasıdır. Müəllif enerji siyasətini yalnız daxili iqtisadi qərarlar müstəvisində deyil, beynəlxalq münasibətlər və geosiyasi balans kontekstində təhlil edir. Bu yanaşma kitabın elmi dəyərini artırmaqla yanaşı, onu müasir enerji tədqiqatlarının aktual problemləri ilə uzlaşdırır.

Kitabda beynəlxalq enerji şirkətləri, transmilli konsorsiumlar və xarici dövlətlərin rəsmi nümayəndələri ilə görüşlər geniş faktoloji material əsasında təqdim olunur. Bu görüşlər, sadəcə, protokol xarakterli hadisələr kimi deyil, Azərbaycanın enerji strategiyasının diplomatik legitimləşdirilməsi və beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi mexanizmləri kimi şərh edilir. Müəllif göstərir ki, enerji diplomatiyası Azərbaycan üçün milli maraqların qorunmasının əsas alətlərindən birinə çevrilmişdir.

Davosda 21 yanvar 2020-ci il tarixində Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindo arasında keçirilmiş görüşə dair verilən məlumatda göstərilir: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşmüşdür. Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda etdiyi çıxışı xatırladan Məhəmməd Barkindo demişdir: "Cənab Prezident, xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz.

Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü".

Mühüm məqamlardan biri də OPEC və qeyri-OPEC ölkələri arasında dialoqun təşviqi ilə bağlı materialların kitabda yer almasıdır. Müəllif Prezident İlham Əliyevin bu sahədə irəli sürdüyü təşəbbüsləri qlobal enerji bazarlarında sabitliyin qorunmasına yönəlmiş strateji addımlar kimi qiymətləndirir. Bu yanaşma enerji diplomatiyasının regional çərçivəni aşaraq qlobal miqyas qazandığını göstərir. Beləliklə, kitabda enerji diplomatiyasının təqdimatı Azərbaycan enerji strategiyasının beynəlxalq kontekstdə necə formalaşdığını və həyata keçirildiyini aydın şəkildə ortaya qoyur. Bu hissə əsərin elmi və analitik yükünü əhəmiyyətli dərəcədə gücləndirir və onu sırf milli tarix çərçivəsindən çıxararaq qlobal enerji diskursuna daxil edir.

Əsərin konseptual mərkəzində dayanan əsas ideyalardan biri "neft" anlayışının "davamlı inkişaf" məqsədləri ilə əlaqələndirilməsidir. Sadiq Qurbanov enerji strategiyasını yalnız qısa və ortamüddətli iqtisadi qazanc prizmasından deyil, uzunmüddətli sosial-iqtisadi dayanıqlıq kontekstində təqdim edir. Bu yanaşma kitabı müasir enerji iqtisadiyyatı və inkişaf nəzəriyyələri ilə səsləşdirir.

Davamlı inkişaf ideyasının kitabda təqdimatında dövlət başçılarının çıxışlarına istinad xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyevin və İlham Əliyevin enerji siyasəti ilə bağlı səsləndirdikləri mövqelər neft gəlirlərinin gələcək nəsillər üçün məsuliyyətli idarə olunması prinsipini ön plana çıxarır. Müəllif bu çıxışları enerji strategiyasının ideoloji əsasları kimi təqdim edərək onları davamlı inkişaf konsepsiyası ilə əlaqələndirir.

Bununla yanaşı, kitabda enerji sektorunun beynəlxalq öhdəliklər və qlobal ekoloji çağırışlar fonunda transformasiyası məsələlərinə də toxunulur. Bu məqam davamlı inkişaf anlayışının yalnız milli deyil, qlobal məsuliyyət ölçüsünü də nəzərə aldığını göstərir. Bu yanaşma əsərin aktuallığını və elmi əhəmiyyətini daha da gücləndirir.

Nəticə etibarilə davamlı inkişaf ideyasının kitabda təqdimatı enerji strategiyasının strateji və etik ölçülərini üzə çıxarır. Müəllif neft amilini keçici iqtisadi üstünlük deyil, gələcək nəsillər üçün inkişaf imkanlarının təminatçısı kimi dəyərləndirir ki, bu da əsərin əsas konseptual nailiyyətlərindən biridir.

Elmi baxımdan əsərin əsas əhəmiyyəti ondan ibarətdir ki, müəllif Azərbaycan enerji strategiyasını vahid konseptual çərçivə daxilində təqdim edir. Kitab enerji siyasətini siyasi tarix, beynəlxalq münasibətlər, enerji iqtisadiyyatı və davamlı inkişaf nəzəriyyələri ilə uzlaşdıraraq multidissiplinar yanaşma nümayiş etdirir. Bu xüsusiyyət əsəri təkcə enerji üzrə ixtisaslaşmış tədqiqatçılar üçün deyil, politologiya, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi sahəsində çalışan alimlər üçün də aktual edir.

Kitabın elmi əhəmiyyətini artıran mühüm cəhətlərdən biri də onun birinci mənbələrə söykənməsidir. Bu isə əsərin akademik etibarlılığını gücləndirir və onu referativ xarakterli nəşrlərdən fərqləndirir.

Praktik baxımdan kitab enerji sektorunda çalışan mütəxəssislər, dövlət qulluqçuları və diplomatik korpus üçün dəyərli məlumat mənbəyidir. Burada enerji layihələrinin necə planlaşdırıldığı, hansı mərhələlərdən keçdiyi, hansı platformalarda legitimləşdirildiyi və beynəlxalq tərəfdaşlıqların necə qurulduğu ardıcıl şəkildə göstərilir. Bu, enerji siyasətinin praktiki idarə olunması baxımından real nümunələr təqdim edir. Eyni zamanda əsər ali məktəblərdə enerji iqtisadiyyatı, beynəlxalq enerji təhlükəsizliyi və Azərbaycan dövlətçilik tarixi üzrə tədris prosesində istifadə oluna biləcək sanballı dərs vəsaiti potensialına malikdir. 

Əsərin elmi və praktik əhəmiyyəti onun yalnız keçmişi sənədləşdirməsində deyil, gələcək enerji strategiyalarının öyrənilməsi və modelləşdirilməsi üçün yaratdığı metodoloji imkanlarda təzahür edir.

Sadiq Qurbanovun "Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası" adlı üçcildlik əsərinin əsas üstünlüklərindən biri onun sistemli yanaşma üzərində qurulmasıdır. Müəllif enerji strategiyasını ayrı-ayrı faktların toplusu kimi deyil, daxili məntiqə malik, mərhələli və məqsədyönlü dövlət siyasəti kimi təqdim etməyə nail olmuşdur.

Əsərin mühüm üstün cəhətlərindən biri də sənədli materialların geniş və ardıcıl təqdimatıdır. Xüsusilə üçüncü cilddə yer alan müqavilə mətnləri və rəsmi sənədlər kitabı təkcə elmi araşdırma deyil, eyni zamanda arxiv xarakterli fundamental mənbəyə çevirir. Bu xüsusiyyət əsərin uzunmüddətli elmi dəyərini təmin edən əsas amillərdəndir.

Qeyd edilməli digər mühüm məqam müəllifin enerji siyasətini dövlətçilik və davamlı inkişaf kontekstində şərh etməsidir. Kitabda neft amili keçici iqtisadi üstünlük kimi deyil, milli inkişafın strateji resursu kimi dəyərləndirilir. Heydər Əliyev və İlham Əliyev mərhələlərinin ardıcıl və əlaqəli təqdimatı bu strateji xəttin davamlılığını aydın şəkildə göstərir.

Əsərin üstünlükləri sırasında onun multidissiplinar xarakteri də xüsusi yer tutur. Kitab enerji iqtisadiyyatı, siyasi tarix, beynəlxalq münasibətlər və diplomatiya sahələrini birləşdirərək geniş oxucu auditoriyası üçün elmi maraq kəsb edir. Bu, nəşrin həm akademik, həm də praktik istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın neft strategiyasına dair uzaqgörən siyasəti haqqında olan fikirlərini bir daha təsdiqləyir. Belə ki, Xəzər şelfində yataqların birgə işlənməsi haqqında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilənin imzalanması zamanı Ulu Öndər Heydər Əliyevin nitqindən (20 sentyabr 1994-cü il, "Gülüstan" sarayı) bir cümləni diqqətə çatdırmaqla kifayətlənmək olar. Ulu Öndər nitqində demişdir: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər".

Yekun olaraq qeyd etmək olar ki, "Neft və davamlı inkişaf: Azərbaycanın enerji strategiyası" əsəri Azərbaycan enerji siyasətinin elmi təhlili üçün möhkəm nəzəri və faktoloji baza yaradır və onu "Azərbaycanın müasir neft tarixinin ensiklopediyası" adlandırmaq olar. Kitab yalnız keçmişin xronikasını təqdim etmir, eyni zamanda gələcək enerji strategiyalarının formalaşdırılması üçün konseptual düşüncə məkanı açır. Bu baxımdan əsər Azərbaycan elmi ictimaiyyəti, ali təhsil müəssisələri və enerji sektorunda çalışan mütəxəssislər üçün dəyərli və tövsiyə olunan fundamental nəşr kimi qiymətləndirilə bilər.

Arif HƏŞİMOV,

akademik

Избранный
53
50
azerbaijan-news.az

10Источники