RU

27 ölkənin biri qərarı dəstəkləməsə...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aİ ilə Hindistan arasındakı müqaviləyə “qırmızı işıq”

Yanvarın 27-də Avropa Komissiyası Aİ və Hindistanın sərbəst ticarət sazişi bağladığını elan edib. Təxminən 20 illik danışıqlardan sonra əldə olunan razılıq haqda məlumat verən Avropa Komissiyasının sədri Ursula fon der Leyen “biz 2 milyard insan üçün sərbəst ticarət zonası yaratdıq və hər iki tərəf bundan faydalanacaq” - deyə bildirib. AK rəhbəri müqaviləni “bütün zamanların ən böyük ticarət sazişi” adlandırıb.

Tariflər 150 faizdən aşağı endirilir...

“The Times of India” qəzetinin məlumatına görə, müqaviləyə əsasən, Hindistan Avropa meyvə şirələrinə, emal olunmuş qidalara, zeytun yağına, marqarinə və digər bitki yağlarına tarifləri ləğv edəcək və geniş bazarını Aİ kənd təsərrüfatı ixracına açacaq. Bundan əlavə, hazırda 150 faizə qədər olan Avropa spirtli içkilərinə tariflər 40 faizə endiriləcək. Nəşrin qeyd etdiyi kimi, ümumilikdə Avropa İttifaqından ixrac edilən malların 96,6 faizi tarif güzəştləri alacaq.

Aİ isə öz növbəsində ətraf mühitin mühafizəsi ilə bağlı əməkdaşlığa sadiq qalır - istixana qazı tullantılarının azaldılmasına və sənaye transformasiyasına dəstək olmaq üçün Hindistana 500 milyon avro ayıracaq.

ABŞ açıq etiraz edir

Müqavilənin bağlanması ABŞ tərəfindən birmənalı qarşılanmayıb. CNBC News-a açıqlamasında maliyyə naziri Skott Bessent ABŞ-ın Avropa İttifaqının Hindistanla ticarət müqaviləsi bağlamaq qərarından məyus olduğunu dilə gətirib. “Avropa Rusiya sanksiyası altında olan neftdən Hindistanda emal olunmuş məhsulları alır; öz ticarət danışıqlarını apardığı üçün Hindistan mallarına daha yüksək tariflər tətbiq etmək istəmir. Avropalılar bizə qoşulmaq istəmirdilər. Onlar özləri üçün ən yaxşısını etməlidirlər, amma mən avropalılardan məyus oldum”.

Qeyd edək ki, Bessent bu müqaviləni “Avropalılar özlərinə qarşı müharibəni maliyyələşdirirlər”, - deyə xarakterizə edib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında Vaşinqton Hindistan mallarına əlavə 25 faizlik tarif tətbiq edib. Bu, Hindistanın birbaşa və ya dolayı yolla Rusiyadan neft idxal etməsi ilə bağlı idi. O dövrdə tarif dərəcəsi 50 faizə çatmışdı.

Kim nə qazanacaq?

2007-ci ildən bu yana müzakirəsi aparılan müqavilə rekord müddətdə - təxminən 20 ildə ərsəyə gəlib. Bu müqavilə nəticəsində baş verəcək yeniliklərə nəzər saldıqda:

- Avtomobil sənayesi: Avropa avtomobillərinə tariflər 110 faizdən 10 faizə endirilir. Kvota ildə 250 min avtomobildir. Bu, potensial 1,6 milyard avro gəlir deməkdir.

- Dəzgahlar və elektrik avadanlıqları: Tarif 44 faizdən 0 faizə endirilib. Bu kateqoriyada ixrac artıq 16,3 milyard avro təşkil edir - indi ikiqat arta bilər.

- Aerokosmik: Tarif 44 faizdən 11 faizə endirilib.

- Tibbi avadanlıq və əczaçılıq: Tariflər sıfırdır (əvvəllər müvafiq olaraq 27,5 faiz və 11 faviz olub).

- Alkoqol və qida məhsulları: Premium şərab: tarif 150 faizdən 20 faizə endirilib; pivə: 110 faizdən 50 faizə düşürülüb. Zeytun yağı, şokolad, emal olunmuş qidalar isə 50 faizlik tarifdən 0 faizə düşürülüb.

Mütəxəssislərin proqnozuna görə, Avropa Komissiyası 2032-ci ilə qədər Hindistana ixracın 107,6 faiz artacağını gözləyir. Aİ müəssisələri tariflərdə ildə 4 milyard avroya qədər qənaət edəcək və Avropada 800 min iş yerini dəstəkləyəcək.

Hindistana gəldikdə isə, Yeni Dehli mallarının 99 faizi üçün sadələşdirilmiş giriş tətbiq olunacaq. Xüsusilə, tekstil və geyim məsələsində bu böyük rəqəmlərlə müşayət oluna bilər. Hindistan fabrikləri artıq Aİ-dən əldə etdiyi güzəştlə Banqladeş və Pakistanla rəqabət aparmaq imkanı qazanır. Bundan başqa, zərgərlik və dəniz məhsulları üzrə tarif tamamilə aradan qaldırılır.

Müqavilə imzalansa da...

Müqavilə bağlansa da, onun tətbiqi real görünmür. Belə ki, bu qərar kollegial şəkildə bütün dövlətlər tərəfindən dəstəklənməlidir. Başqa sözlə, saziş bütün 27 Aİ üzvü dövlətlərin parlamentləri tərəfindən ratifikasiya olunmalıdır. Prosesi illərlə bloklamaq üçün yalnız bir ölkənin “yox” deməsi və ya prosesi gecikdirməsi kifayətdir. Paralel olaraq, Aİ daxilində də qərarın əleyhinə olan qüvvələr az deyil. Məsələn, Aİ ölkələrində fermer təsərrüfatı ilə məşğul olan milyonlarla insan bu sazişdən açıq narazıdır - onlar Hindistan kənd təsərrüfatı məhsullarının sadələşdirilmiş idxalının nələrə gətirib çıxaracağını artıq bilirlər.

Eyni zamanda, burada vaxt məsələsi də mühüm rol oynayır. Çünki tarif endirimləri dərhal deyil, tədricən tətbiq olunacaq. Bütün dövlətlər bu qərarı “dəstəkləsə” bunun iqtisadi təsiri yalnız 2027-2028-ci illərdə hiss oluna bilər.

Böyük Britaniya Çin ilə daha da yaxınlaşa bilər...

Yaranan situasiya Aİ-dən kənar qitə dövlətlərini də hərəkətə gətirib. Belə ki, artıq Böyük Britaniya Çin ilə əlaqələrini daha da gücləndirəcəyini bəyan edib. Böyük Britaniyanın Baş naziri Kir Starmer Çin Xalq Respublikasının Sədri Si Cinpinin iki ölkə arasında münasibətlərdə yeni səhifə açmaq, ticarətin həcminin artırmaq və təhlükəsizliyi gücləndirmək istədiyini bildirib. Kir Starmer Çinə dördgünlük səfəri çərçivəsində Si Cinpin ilə 80 dəqiqəlik görüş keçirib. Starmer dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə münasibətlərin yaxşılaşdırılmasını prioritet olaraq təyin edib. Baş nazir görüş zamanı Çin liderinə deyib: “Çin qlobal səhnədə vacib aktordur və əməkdaşlıq imkanlarını müəyyən edə biləcəyimiz, eyni zamanda fikir ayrılığımız olduğu sahələrdə mənalı dialoqa imkan verəcəyimiz daha mükəmməl bir münasibət qurmağımız vacibdir”.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
42
yeniazerbaycan.com

10Источники