
İsrailin Mərkəzi Statistika Bürosu “İsraillilərin beynəlxalq miqrasiyası: ölkəni tərk edən və geri qayıdan İsrail vətəndaşları” mövzusunda 2024-cü ilə dair məlumatları açıqlayıb.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, 2024-cü ildə 82 min 774 İsrail vətəndaşı ölkəni tərk edən miqrant kimi qeydə alınıb. Bu göstərici 2023-cü ildəki 59 min 366 nəfərlə müqayisədə 39,4 faiz çoxdur.
Eyni dövrdə ölkəyə qayıdan İsrail vətəndaşlarının sayı 24 min 150 nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,4 faiz azalma deməkdir.
2025-ci ilin ilkin məlumatları xaricə köçən israillilərin sayının 2024-cü illə müqayisədə azaldığını göstərsə də, bu rəqəm 2023-cü ildən əvvəlki illərin göstəricilərindən hələ də yüksəkdir. Eyni zamanda, geri qayıdanların sayı 2024-cü ildən əvvəlki onillik dövrdəki orta göstəricidən aşağıdır.
Hesabat dövründə ölkəni tərk edənlərin səviyyəsi hər min nəfərə 8,5 nəfər, geri qayıdanların səviyyəsi isə hər min nəfərə 2,5 nəfər təşkil edib.