RU

Yeni nəqliyyat dəhlizləri Özbəkistan və Türkiyə liderlərinin danışıqlarında əsas mövzulardan biri olub

Bakı, 30 yanvar, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə rəsmi səfərdə olub.

AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki liderin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib. Danışıqlardan sonra əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş ikitərəfli sənədlər paketi imzalanıb.

Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Amir Sultonov dövlət başçısının Ankaraya səfərinin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və praktik məzmunla tamamlanmasında mühüm addım olduğunu qeyd edib. O vurğulayıb: “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasından sonra iki ölkə arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün prioritet sahələri müəyyən edən Birgə Bəyanat imzalandı. Bundan əlavə, əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə yönəlmiş mühüm qərar qəbul edildi. Xüsusilə, müxtəlif sahələrdə daimi birgə komitələrin yaradılması, eləcə də birgə layihələrin həyata keçirilməsi üçün sistemli mexanizmin hazırlanması nəzərdə tutulur”.

Özbəkistan XİN nümayəndəsi qeyd edib ki, iqtisadi əməkdaşlıq, xüsusən yeni nəqliyyat dəhlizləri görüşün əsas mövzularından biri olub. O əlavə edib: “Nəqliyyat sektorunda qarşılıqlı fəaliyyətə dair mühüm razılaşmalar əldə edilib. Özbəkistanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən yeni beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı planları üzərində iş gedir. Bu kontekstdə Özbəkistan-Türkmənistan-İran-Türkiyə marşrutu üzrə konteyner dəmir yolu nəqliyyatının istifadəyə verilməsi planlaşdırılır. Bu, ixrac və idxal əməliyyatlarını sürətləndirəcək və sahibkarların yeni bazarlara çıxması üçün əlavə imkanlar yaradacaq. Həmçinin xüsusi iqtisadi zonaların inkişafı sahəsində əməkdaşlıq barədə razılığa gəlinib ki, bu da Türkiyədən Özbəkistana əlavə investisiyaların və müasir texnologiyaların cəlb edilməsini asanlaşdıracaq”.

Özbəkistan rəsmisinin sözlərinə görə,, səhiyyə sahəsində əhəmiyyətli bir razılaşmanı da qeyd etməyə dəyər. Bu razılaşmaya əsasən, Özbəkistan vətəndaşları müəyyən edilmiş kvota çərçivəsində hər il Türkiyənin tibb müəssisələrində pulsuz olaraq yüksəkixtisaslı tibbi yardım ala biləcəklər.

Избранный
33
50
azertag.az

10Источники