RU

Dünyada yeni güc mərkəzləri formalaşır TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünyanı cənginə alan amansız müharibələr, münaqişələr əksər ölkələrin iqtisadiyyatına ciddi zərbə vurub. Prosesin narahatedici tərəfi qiymətli metalların bahalaşmasıdır. Xüsusilə də dünya bazarında qızılın qiyməti tarixi rekord vurur. Eyni zamanda, gümüş və platinin də qiymətləri rekord səviyyəyə yüksəlib. Qızılın qiymətləri London Qiymətli Külçələr Bazarı Assosiasiyası (LBMA) tərəfindən müəyyən edilir və 2025-ci ilin birinci yarısında London Əmtəə Birjasında qiymətli metalın bir unsiyası 3 150 ABŞ dollarına qədər olub. Konkret olaraq 999,9 əyar qızılın 1 qramının qiyməti 101 ABŞ dolları, 750 əyar qızılın 1 qramının qiyməti 76 ABŞ dolları, 585 əyar qızılın 1 qramının qiyməti isə 59 ABŞ dolları təşkil edir. Hazırda isə dolların zəifləməsi qiymətli metalların dəyərinin artmasına yeni təkan olub. Hazırda qızıl tək bir ticarət sessiyasında 3% sıçrayışdan sonra unsiya üçün 5300 dollar həddini keçib. Onun qiyməti ilin əvvəlindən bəri 20%-dən çox artıb. Gümüş ilin əvvəlindən bəri 60% artaraq daha da sürətlə yüksəlir. O, unsiya üçün 117.69 dollarlıq yeni rekord səviyyəyə çatdı, baxmayaraq ki, o vaxtdan bəri 112.59 dollara düşüb. İqtisadi təhlilçilər o fikirdədirlər ki, qızılın unsiyası üçün 6000 dolları keçəcəyi proqnozlaşdırılır. Təbii ki, dolların sürətlə zəifləməsi və qızılın bahalaşması böyük güc mərkəzlərinə çevrilməkdə olan Asiya kimi dövlətlərin valyutalarının möhkəmlənməsinə gətirib çıxaracaq. Xüsusi ilə Çin yuanı bahlaşa bilər. Düzdür, belə bir fikir ifadə olunur ki, ABŞ-ın indiki hakimiyyəti dünya birjalarında qızılın bahalaşmasına təsirlər göstərir. Baxmayaraq ki, qızılın bahalaşması fonunda dollar ucuzlaşır. Lakin dollar zəifləsə də, qarşılığında qızıl bahalaşır ki, bu da ABŞ-a trilyon dollarla gəlir gətirir. Çünki ABŞ dünyada qızıl ehtiyatlarına görə birinci yerdədir. Dünya Qızıl Birliyinin məlumatlarına görə, ABŞ-ın 8 min 133 tondan çox qızıl ehtiyatı var. Ölkənin xarici borc isə 8 trilyon dollar hesablanır. Qızılın fantastik formada bahalaşmasından istifadə etməklə ABŞ xarici borclarının bir hissəsini əldə etdiyi gəlirlərlə ödəyə biləcək. Artıq bununla bağlı Ağ Ev rəsmiləri açıqlamalarla çıxış edirlər. Konqres də Ağ Evin mövqeyini dəstəkləyir.

Dollar ən ucuz valyutaya çevrilir

Söz yox ki, ABŞ dollarının zəifləməsi ölkənin imicinə ciddi zərbə olacaq. Məlumata görə, dolların il ərzində azalması 9,53%, yanvar ayının birinci yarısında isə 2,21% olub. Dollar 2022-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə çatıb. ABŞ dollarının satışı digər əsas valyutaların məzənnələrində də əks olunub. Avro 2021-ci ildən bəri ən yüksək səviyyə olan 1.199 dollara çatıb. Funt sterlinq də dollara qarşı beş illik maksimuma çatıb. İsveçrə frankı hətta 2015-ci ildən bəri dollara qarşı ən yüksək məzənnəyə qədər möhkəmlənib. Bu arada, zəifləyən Yapon yuanı son bir həftə ərzində dollara qarşı təxminən 5% möhkəmlənib. Yaponiyanın Baş naziri Sanae Takaiçi son illərdə ölkəsinin inflyasiya yaşasa da, maliyyə stimullaşdırma planı təklif edib. Qlobal bazarların bir-biri ilə əlaqəli təbiətini nəzərə alsaq, Yaponiya dövlət istiqrazları üzrə artan gəlirlilik qaçılmaz olaraq ABŞ da daxil olmaqla digər aparıcı iqtisadiyyatların dövlət borclarına yük yaradacaq. Yaponiyada keçirilməsi nəzərdə tutulan 2026-cı il 8 fevral seçkilərindən sonra yapon investorlarını 5 trilyon dollarlıq xarici aktivlərini satmağı planlaşdırmaları vəziyyətin daha da ağırlaşacağını ehtimal edir. Əgər yapon investorları 5 trilyon dollarlıq xarici aktivlərini satsa bu, ABŞ və Avropa dövlət istiqrazları bazarlarına böyük zərbə ola bilər. Həm Vaşinqton, həm də Brüssel bu yaxınlarda ABŞ xəzinədarlıq istiqrazlarını satmaq barədə müzakirə aparıblar ki, bu da geniş şəkildə fəlakətli hesab edilən bir fikirdir. Lakin Yaponiya maliyyə sistemi üçün çarəsizlikdən buna əl atmağa hazırdır.

Dolların zəifləməsinin səbəbi səhv siyasətin aparılması ilə əlaqələndirilir

İqtisadçıların gəldiyi qənaətə görə, dolların zəifləməsinin səbəbi ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı investorların qeyri-müəyyənliyindən qaynaqlanır. Venesuela prezidenti Nikolas Maduronun devrilməsi, Qrenlandiya ilə bağlı mübahisələr, Kanadaya qarşı torpaq iddiaları, yeni tariflər təhlükəsi və fars-molla rejiminin nəzarət etdikləri ərazilərə zərbə ilə bağlı fərziyyələr, eləcə də Avropa ölkələri ilə yaranan ziddiyyətlər dolların zəifləməsinə, ümumilikdə ABŞ-ın və Avropanın iqtisadiyyatının mənfiyə doğru düşməsinə gətirib çıxarıb. Tarixdə ilk dəfə olaraq ABŞ daim hər bir məsələdə eyni mövqedən çıxış edən ABŞ-la Avropa arasında ciddi qarşıdurma yaranıb. Elə bir qarşıdurma ki, tərəflər bir-birini iqtisadi sanksiyalarla hədələyirlər. Hətta Avropa ABŞ prezidenti D.Trampın ideya müəllifliyi ilə yaradılan Qəzzaya dair “Sülh şurası” na qoşulmaqdan imtina ediblər. Bu azmış kimi D. Tramp “NATO ABŞ-ın maraqlarına cavab vermir” deməklə Şimali Alyansın gələcəyinin olmadığına dair işarələr vurub. Bütün bunları nəzərə alan ABŞ Federal Ehtiyat Sistemi vəziyyətin siyasiləşdirilməsi ilə bağlı risklərdən narahatlığını bəyan edib. Hətta dolların bir qədər də zəifləyəcəyi gözlənilir. Çünki Federal Ehtiyat Sistemi növbəti iclasında faiz dərəcələrini saxlaması gözlənilir, Tramp isə ABŞ büdcəsinə borc yükünü azaltmaq üçün onları aşağı salmaqda israr edir. Buna federal hökumətin 1 fevralda bağlanması ehtimalı da əlavə olunur ki, bu da iqtisadi məlumatların dərc olunmasının dayandırılmasına gətirib çıxarır. Bağlanmanın artan reallığı, Demokratların fəal şəkildə qarşı çıxdığı Trampın immiqrasiya əleyhinə kampaniyasının sərt təbiətinin nəticəsidir. ABŞ prezidenti özü dollarla bağlı narahat olmadığını və onun zəifləməsinin qarşısını almaq niyyətində olmadığını bildirib.

Çin və Hindistan önə çıxır

Avropa və ABŞ-da cərəyan edən iqtisadi tənəzzüldən Çin və Hindistan maksimum istifadə edərək önə çıxmağı bacarırlar. Xüsusilə də, Çin ÜDM istehsalı üzrə ABŞ-ı da geridə qoyaraq 1-ci yerə yüksəlib. Düzgün iqtisadi siyasətin aparılması nəticəsində Çin dünyanın ən böyük istehsal və ixrac ölkəsinə çevrilib. Elə bir vəziyyət yaranıb ki, Çində baş verən istənilən iqtisadi dəyişikliklər dünya iqtisadiyyatına təsir edir. Yuan dolları getdikcə daha çox sıxışdırır və dünya valyuta əməliyyatlarında öz çəkisini artırmaqda davam edir.Hazırda dünyadakı ümumi valyuta ehtiyatlarının 10 faizi yuanda saxlanır. Proqnozlara görə, 2030-ci ildə dünyadakı ümumi valyuta ehtiyatlarının 20 faizi yuanda saxlanacaq. Təbii olaraq, bu valyutaya təlabat artdıqca o bahalaşacaq. Çin dünyada ən çox məhsul ixrac edən ölkədir. Dünya ticarətinin 20%-i Çinin payına düşür. Bütün bunları narahatçılıqla izləyən ABŞ hər cür təzyiq və təhdid vasitəsi ilə Çinin inkişafının qarşısını almağa çalışır. ABŞ prezidenti Donald Trampın ölkəsinin əsas rəqibi və düşməni olaraq Çini görməsidə bundan qaynaqlanır. Çinə qarşı müəyyən sanksiyalar və yüksək ticarət tarifləri tətbiq edən ABŞ-a cavab olaraq Pekin də bəzi sahələrdə əks addımlar atır. Amma Çin hakimiyyəti ABŞ-la münasibətlərin gərginləməsini istəmir. Balanslı siyasət aparmaqla münasibətlərin istiləməsinə çalışır. Bu siyasətinin fonunda ölkə daxildə elm, təhsil, iqtisadi, sosial, texnoloji düzənini daha da yaxşılaşdırmaq siyasətini davam etdirir. Çin bu gün texnologiya sahəsində lider ölkələrdən biridir. Huawei və Alibaba kimi şirkətlər dünyada məşhurdur. Təhsil sahəsində də böyük uğurlara imza atıb. Çində yüzlərlə universitet fəaliyyət göstərir. Ölkə vətəndaşları ilə yanaşı xarici dövlətlərin insanları da yüksək səviyyədə təhsil alırlar. Bu da Çinə savadlı və bacarıqlı işçi qüvvəsi qazandırır.

Hindistanda öz növbəsində iqtisadi inkişafı baxımından ABŞ-ı, Avropanı təəccübləndirən nailiyyətlərə imza atır. Hindistanın ümumi daxili məhsulunun (ÜDM) nominal dəyəri artıq 4,18 trilyon dollara çataraq dünyanın dördüncü ən böyük iqtisadiyyatı səviyyəsinə yüksəlib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının məlumatlarına görə, ölkə 2022-2025-ci illərdə orta illik 6,2-6,7 faiz artım nümayiş etdirib. Bu, G20 ölkələrinin orta göstəricisini iki dəfə, inkişaf etmiş dövlətlərin isə dəfələrlə üstələyir.

Çinin və Hindistanın iqtisadi dirçəlişi, bəzi sahələrdə ABŞ-ı, Avropanı qabaqlamaları ona dəlalət edir ki, dünyada yeni iqtisadi güc mərkəzləri formalaşır. Bu isə yeni rəqabətin, bəzi hallarda isə növbəti qarşıdurmaların yaranmasına gətirib çıxaracaq. Çünki ABŞ və Avropa dünyada hegemon mövqelərinin başqa dövlətlər tərəfindən zəbt olunması ilə barışmaq istəməyəcəklər. Bu isə iqtisadi münaqişələrə, bəzi məqamlarda isə hərbi toqquşmalara gətirib çıxaracaq.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
50
sesqazeti.az

10Источники