Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin ilə Moskvada görüşmək ehtimalını qəti şəkildə rədd edib. Lakin o, Kreml liderini Kiyevə dəvət edib.
Hafta.az bu barədə Zelenskinin jurnalistlərə verdiyi açıqlamaya istinadla xəbər verir.
Ukrayna lideri bildirib: “Əlbəttə, mənim Moskvada Putin ilə görüşməyim mümkün deyil. Bu, Putin ilə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə də dəvət edə bilərəm - qoy gəlsin. Sözsüz ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edirəm”, - deyə Zelenski bildirib.
O, Ukraynanın müharibənin sona çatması üçün real konstruktiv danışıqlar aparmaq, eləcə də məhsuldar ola biləcək görüş keçirmək istədiyini vurğulayıb. “Amma kimsə görüşmək istəmirsə və nədənsə bunu birbaşa deyə bilmirsə, onda Moskvaya bu dəvətnamələr göndərilir”, - deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski Ukraynanın müharibənin sona çatmasına ciddi yanaşdığını bir daha təkrarlayıb. Buna görə də liderlər səviyyəsində görüş üçün istənilən real format uyğundur.
“Bunun hansı nəticə verəcəyini bilmirəm. Amma şübhəsiz ki, bu gün baş verənlərdən daha böyük hadisə olacaq”, - deyə o əlavə edib.