Bu gün Misli premyer-liqasında növbəti – 18-ci tura start veriləcək. “Karvan-Yevlax” – “Sumqayıt” matçı istisna olmaqla, bütün oyunlarda eyni hədəf uğrunda mübarizə aparan komandaların duellərinə şahidlik edəcəyik. Yəni həm avrokuboklara iddialıların, həm də premyer-liqada qalmaq üçün döyüşənlərin çarpışması gözlənilir. Deməli, bu qarşılaşmalara maraq göstərməkdə fayda var. Stadionlara yollana bilməyəcək azarkeşlərin nəzərinə: oyunlar həmişə olduğu kimi “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 18-ci tur
30 yanvar
Karvan-Yevlax – Sumqayıt
“Karvan-Yevlax” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: Pedro Pinto (Sumqayıt).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: ƏLİ ƏLİYEV, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
Yevlax, şəhər stadionu. Saat 14.30.
Sürətlə 1-ci liqaya doğru yuvarlanan “Karvan-Yevlax” yeni ilə də uğurlu başlamadı. “Sabah”ın meydanından böyükhesablı məğlubiyyətlə ayrılan bölgə təmsilçisi nə baxımlı oyun göstərdi, nə də inamlı performans sərgilədi. Belədə yevlaxlıların baş məşqçisi Füzuli Məmmədovun narahatlığını gizlətməməsi anlaşılandı. Hələ onu demirik ki, komanda artıq heyətin komplektləşdirilməsi prosesini tamamlayıb. Kəsəsi, yevlaxlıların 1-ci liqaya düşməsi, sadəcə, zaman məsələsidi. Təbii ki, hansısa möcüzə olmasa. Hər halda, “Turan Tovuz”la matçda xal itirən, bu səbəbdən ilk “dördlük”dən kənarda qalan “Sumqayıt” aşkar autsayderlə görüşdə uğursuzluğa düçar olmaq istəməyəcək. O başqa məsələ ki, rəqibə “asan yem” gözüylə baxmaq “kimyaçılar”a baha başa gələr. Axı əbəs yerə deyilməyib: “qorx o adamdan ki, itirməyə nəyisə yoxdu”!
Qəbələ – İmişli
“Qəbələ” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalılar: Yau Moses, Ezekyel Morqan (hər ikisi “İmişli”).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Rahil Ramazanov (Bakı).
Hakim-inspektor: Zöhrab Qədiyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
Qəbələ, şəhər stadionu. Saat 17.00.
“Qəbələ”də işlər qaydasında görünür. “Şamaxı”nı darmadağın edən “qırmızı-qaralar” indi daha bir əsas rəqibi üzərində qələbə qazanmaqla yolunu hamarlaşdırmağa çalışacaq. Komandanın “doğma divarlar” arasında çıxış edəcəyini nəzərə alsaq, yetərincə şansı var. Lakin “İmişli”nin mövsümün zəif komandalarından olduğunu düşünmək yersiz olar. “Pələnglər” təhlükəli zonada qərarlaşmamağı həm də bir neçə iddialı rəqibdən xal almaqla bacarıb. Deməli, meydan sahibləri qonaqlara yuxarıdan aşağı baxmamalı, uğurlu startın davamını gətirmək yolunda tər tökməkdən çəkinməməlidi. Yoxsa ötən həftə “Araz-Naxçıvan”a çətin anlar yaşadan, Andrey Demçenkonun debüt oyununda xal itirməsinə səbəb olan Aran təmsilçisi Qəbələdə də istəyinə çatacaq.
31 yanvar
Kəpəz – Şamaxı
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 13:+4=5-4, 10:12.
2010/11 – 1:0; 2011/12 – 0:1; 2012/13 – 0:2; 2015/16 – 0:0, 1:1; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:1, 1:1; 2022/23 – 2:1, 3:2; 2024/25 – 0:2, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: CAVİD DƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax, şəhər stadionu. Saat 14.30.
Heç şübhəsiz, “Kəpəz”in düşərgəsində hələ də şadyanalıq hökm sürür. Zarafat deyil, “sarı-göylər” ilə “Qarabağ”ı iki cavabsız qolla məğlub edərək başladı. İş ondadı ki, indi eyforiyaya qapılmağın, arxayınlaşmağın vaxtı deyil. Azər Bağırov komandasını “Şamaxı”yla matça o qədər yaxşı kökləməlidi ki, təhlükəli zonadan uzaqlaşmaq yönündə daha bir inamlı addım atılsın. Onsuz da “şirlər” “qırmızı-qaralar”la oyunda həm fiziki, həm də psixoloji baxımdan yaxşı vəziyyətdə olmadıqlarını göstərdilər. Yəqin ki, baş məşqçi Ayxan Abbasov bu problemləri aradan qaldırmaq üçün yetərincə vaxt sərf etməli olacaq. Belədə “Kəpəz”ə fürsətdən yararlanmaq, “Şamaxı”ya qısa müddətdə toparlanıb mövqeyini möhkəmləndirmək qalır.
Komandalar indiyə qədər 39 dəfə qarşılaşıb. Bunların 10-da “Kəpəz”, 19-da “Şamaxı” qalib gəlib, 10-da “sülh” qeydə alınıb. Topların nisbətində “şirlər” öndədi – 63:42.
Zirə – Sabah
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 14:+3=5-6, 12:18.
2018/19 – 0:2, 0:2; 2019/20 – 1:1, 2:0; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:1, 2:0; 2022/23 – 1:3, 0:2; 2023/24 – 1:0, 0:1; 2024/25 - 1:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov (Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Orxan Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.
Ötən həftə “Neftçi”ylə bacarmayan “Zirə” ilk “dördlük”dəki mövqeyini itirmək təhlükəsi ilə üz-üzədi. Maliyyə sıxıntısı səbəbindən qış “transfer pəncərəsi” çərçivəsində yetərincə güclənə bilməyən komanda növbəti xal itkiləri yaşamamalıdı. Axı avrokuboklar uğrunda mübarizə aparan 7 komanda var. Belədə Rəşad Sadıqovun ciddi sınaqla baş-başa olduğunu görürüksə, komandanın performansında müəyyən enişin yaşandığı da sirr deyil. Etiraf edək ki, “qartallar”ın bu şəraitdə liderə - “Sabah”a müqavimət göstərəcəyinə inanmaq çətindi. Öz aramızdı, Masazır təmsilçisi sonuncu dəfə avqustda uduzub. “Bayquşlar” bu dəfə də məğlub olmasa, uğurlu seriya 5 aya çatacaq! Əlbəttə, həm birinci sıradakı yerini möhkəmlətmək, həm də bu cür statistikanı yaxşılaşdırmaq məqsədilə döyüşməyə dəyər və “Sabah” meydana məhz bu məqsədlə çıxacaq.
Komandalar indiyə qədər 28 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 8-də “Zirə”, 11-də “Sabah” qələbə qazanıb, 9-da qalib müəyyənləşməyib. Topların nisbətində Masazır təmsilçisi öndədi – 35:29.
1 fevral
Araz-Naxçıvan – Neftçi
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+3=2-1, 5:9.
2000/01 – 0:7; 2001/02 – 0:0; 2023/24 – 1:0, 1:0; 2024/25 – 1:1, 2:1.
Cəzalı: Bəxtiyar Həsənalızadə (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-20-40.
Hakimlər: RAUF CABBAROV, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov (hamısı Bakı).
VAR hakimi: Vüqar Həsənli (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.
“Araz-Naxçıvan” bu turda Andrey Demçenkonun həmyerlisi Yuri Vernidubun çalışdırdığı “Neftçi”ni qəbul edəcək. Yuxarıda da vurğuladığımız kimi, komandaların hədəfi eynidi: avrokuboklara vəsiqə qazanmaq. Odu ki, heç-heçənin hər iki tərəf üçün sərfəli nəticə olmadığı göz önündədi. Belədə tərəflərin yalnız qələbə qazanmağa çalışacağını, nəticədə baxımlı oyuna şahidlik edəcəyimizi proqnozlaşdıra bilərik. Hər halda, bu gün hər iki komanda diqqət mərkəzindədi. Elmar Baxşıyevlə yollarını ayırdığı üçün qınanılan “qırmızı-ağlar” da, əzəmətini Vernidub sayəsində bərpa edib-etməyəcəyi sual altında olan “ağ-qaralar” da.
Komandalar indiyə qədər 13 dəfə üz-üzə gəlib. Bunların 4-də “Araz-Naxçıvan”, 4-də “Neftçi” qalib olub, 5-də heç-heçə qeydə alınıb. Topların nisbətində paytaxt təmsilçisi öndədi – 25:10.
Qarabağ – Turan Tovuz
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+4=0-2, 14:7.
2022/23 – 3:0, 3:1; 2023/24 – 3:0, 4:3; 2024/25 – 0:1, 1:2.
Cəzalı: Xorxe Silva (Turan Tovuz).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.30.
Liverpulda 6 cavabsız qolla uduzan “Qarabağ” ÇL-in pley-off mərhələsinə vəsiqə qazandığına görə xoşbəxtdi. Təbii ki, günlərlə belə uğurun dadını çıxarmağa dəyər. Amma vaxt yoxdu! Dünən vətənə qayıdan “köhlən atlar” bazar günü “Turan Tovuz”la qarşılaşmağa məcburdu. Çempionluq uğrunda mübarizə aparan komandaların duelinin nə ilə nəticələnəcəyini təxmin etmək çətin olsa da, ağdamlıların gücünün tükəndiyinə şübhə yoxdu. Böyük ehtimalla, Qurban Qurbanov heyətdə rotasiyalara əl atacaq. İş ondadı ki, belədə “bozqurd”un qələbə qazanmaq ehtimalı böyük ölçüdə artacaq. Hər halda, “Turan Tovuz” çempionluq istəyirsə, məhz bu fürsətdən maksimum yararlanmağa borcludu!
Komandalar indiyə qədər 13 dəfə qarşılaşıb. Bunların 9-da “köhlən atlar”, 2-də “bozqurd” qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “Qarabağ” öndədi – 30:14.
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// Komandaların yeganə oyununda hər ikisi qol vurub. Bu mövsüm keçirilən matçda “Sumqayıt” böyükhesablı qələbə qazanıb – 1:4.
// 1-ci dövrəyə təsadüf edən yeganə qarşılaşmada qalib müəyyənləşməyib. Məhsuldar görüşdə (2:2) həm “Qəbələ”, həm də “İmişli” qol sevinci yaşayıb.
// “Kəpəz” son 4 oyunda qol vurub. “Şamaxı” son 6 səfərdən qolsuz dönməyib.
// “Zirə” son 4 matçda qalib gəlməyib. “Sabah” son 3 səfərin hərəsində 1 qol vurub.
// “Araz-Naxçıvan” son 5 qarşılaşmada uduzmayıb. Son 3 görüşdə hər iki komanda qol vurub.
// “Qarabağ”la “Turan” arasındakı son 5 matçda qonaq komanda xal qazanıb. Son üç qarşılaşmada hər iki tərəf qol sevinci yaşayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта