RU

Müharibələrə alternativ: Azərbaycanın qalib paradiqması

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Məşhur Prussiya sərkərdəsi Karl fon Klauzevits təkcə döyüşmürdü, həm də müharibənin fəlsəfəsini yazırdı. Bir əlində silah, bir əlində qələm vardı. Tarixdə belələri azdır. Onun "Müharibə haqqında" əsəri hərbi strategiyanın klassik nümunəsi sayılır.

General Klauzevitsin həmin əsərində çox məşhur bir frazası var: "Müharibə siyasətin başqa vasitələrlə davamıdır".

Klauzevitsin yaşadığı 19-cu əsr deyil artıq. Ancaq hələ də müharibə gedir. Tək bir əsrdə bəşəriyyət iki dünya müharibəsi yaşadı və üçüncüsü, "Soyuq müharibə" də hesaba alınsa, əslində dördüncüsü uzun zamandır ki, müxtəlif formalarda, fərqli formatlarda hələ də davam edir. Dünyanı bölüşdürmək - bölmək üçün ölkələr, xalqlar bir-birinə vurulur, kim çıxılırsa, qalanlar sərvətləri özünə toplayır.

Klauzevitsi belə başa düşdüm: müharibə riyaziyyat üzərində qurulmuş qəddar fəlsəfədir. İndiki terminologiya ilə desək, müharibə - qeyri-səlis siyasətdir. Eyni zamanda çox qəliz. Ancaq biz qlobal siyasətlərin "dinc" müharibəsini də yaşayırıq.

ABŞ-ın dünya siyasətində yenidən və yeni biçimdə gücləndiyini görürük. Təkcə elə Sülh Şurası bu qlobal diplomatiyanın məntiqindən doğmuş bir təşəbbüs kimi çox maraqlıdır. Azərbaycanın da bu təşkilata qurucu üzv kimi qoşulması özlüyündə çox mühüm addım oldu.

ABŞ-ın gücləndiyini əks-reaksiyalar da göstərir. Məsələn, Avropa İttifaqı ilə Hindistan arasında uzun illərdən, uzun danışıqlardan sonra "bütün zamanların ən böyük ticarət razılaşması" əldə olundu. Hindistanın baş naziri Narendra Modi mərasimdə İkinci Dünya Müharibəsində qələbə qazanmış Çörçil modunda idi. Çörçil demiş, bu arada paralel olaraq, Böyük Britaniyanın indiki baş naziri də 19 illik fasilədən sonra Çinə səfər edib, ticarət sövdələşmələri müzakirə olunub. Hər iki hadisə ABŞ-dan strateji avtonomiya qazanmaq istəyi ilə bağlıdır.

Çin dünya iqtisadiyyatında liderliyə can atır. Hindistan isə qlobal gücə çevrilmə iddiasındadır. Rusiyanın itirdiyi, eləcə də, ABŞ-ın sanki könüllü imtina etdiyi mövqeləri Çin və Hindistan qazanmağa çalışır.

Əlbəttə, sual oluna bilər ki, bütün bunların Azərbaycana nə dəxli, nə təsiri var?!

Qısaca izah etməyə çalışacam. Əvvəla, hazırkı qlobal tendensiyalar hələ onillər bundan əvvəl Azərbaycanın seçmiş olduğu və davam etdirdiyi iqtisadi və siyasi, eləcə də, təhlükəsizlik sferalarında şaxələndirmə və balanslaşdırma xəttinin doğruluğunu bir daha təsdiq etdi. Buna qlobal siyasətdə Azərbaycan paradiqması da demək olar. Dünyanın idarəçiliyində iştirak etmək bəzi böyük güclərin etdiyi kimi təkcə bu və ya başqa ölkəyə müdaxilə etmək, göstəriş vermək, təzyiq göstərmək deyil ki! Öz narrativlərini yaymaq, öz paradiqmalarına tərəfdar toplamaq, ideya vermək, təşəbbüs göstərmək, zidd mövqeləri uzlaşmaya daşımaq... bunlar da idarə etmək deməkdir. Məsələnin ikinci tərəfinə gəlsək, Avropanın və xüsusilə, Böyük Britaniyanın Asiya açılımı Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın, ölkə üzərindən keçən strateji logistika xətlərinin əhəmiyyətini daha da artırır. Üçüncüsü, Avropa İttifaqı, eləcə də, Böyük Britaniya hər nə qədər Çinlə, Hindistanla ticarət sövdələşmələrinə getsələr də, siyasətdə, xüsusilə, təhlükəsizlik siyasətində ABŞ-la müttəfiqlikdən imtina etməzlər, edə bilməzlər. O baxımdan, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq üzərində işləməsi və ilkin müsbət nəticələr çox əhəmiyyətlidir. Azərbaycanın Böyük Britaniya ilə münasibətləri məlumdur; yüksək səviyyədədir. Aİ ilə də əlaqələr daha da möhkəmlənir. Ona görə deyə bilərik ki, Azərbaycanın Qərblə münasibətləri artıq yeni və daha yüksək mərhələyə keçir. ABŞ-ın vitse-prezidenti Vensin fevralda Azərbaycana gözlənilən səfəri rəsmi Bakının geopolitik cazibəsini göstərir və bu baxımdan yeni pozitiv impuls olacaq.

Bu məqamda yazının əvvəlinə qayıtmaq ehtiyacı yaranır. Bəli, Prussiya generalının dediyi kimi, müharibə - siyasətin başqa vasitələrlə davamıdırsa, siyasət də müharibələrin başqa vasitələrlə davamı, hətta müəyyən mənada sonudur. ABŞ-ın yeni administrasiyası müharibələri siyasətlə əvəz etmək, vuruşmaqdan iqtisadi, ticarət tərəfdaşlıqlarına keçid konsepsiyasını təklif edir. Bu, Azərbaycanın çoxdan qəbul etdiyi və irəlilətdiyi bir yanaşmadı. Bu baxımdan da, Vaşinqtonla mövqelər üst-üstə düşür. Azərbaycan Ermənistanla müharibəni bitirdikdən dərhal sonra bütün bölgəyə, hətta dünyaya maraqlı və faydalı olacaq iqtisadi-ticarət tərəfdaşlıq təşəbbüsləri irəli sürdü. Elə təşəbbüslər ki, bunların reallaşması Azərbaycanın dünənki müharibədə dünənki rəqibinin belə xeyrinədir. Bu, dünya siyasətinə coğrafi baxımdan kiçik bir ölkənin verə biləcəyi ən böyük töhfələrdəndir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
50
bizimyol.info

10Источники