Avropa İttifaqının (Aİ) Rusiyanı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından “yüksek riskli ölkələr” siyahısına salmaq qərarı qüvvəyə minib.
Avropa Komissiyasının 3 dekabr 2025-ci ildə qəbul etdiyi qərar, rəsmi dərcdən 20 gün sonra – 9 yanvar tarixindən etibarən keçərli olub. Avropa Parlamenti və ya Aİ Şurası tərəfindən ləğv edilmədiyi üçün tətbiqinə başlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, "RBC"nin xəbərinə görə, qərar çərçivəsində Aİ-də fəaliyyət göstərən banklar və maliyyə qurumları Rusiya ilə bağlı bütün əməliyyatlar üçün daha ciddi nəzarət tətbiq etmək məcburiyyətində qalacaqlar.
Xüsusilə pul köçürmələri və maliyyə əməliyyatlarında hərtərəfli yoxlama şərtləri ağırlaşdırılacaq, riskləri azaldan əlavə tədbirlər dövrəyə salınacaq.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas birliyinin Rusiya üzərindəki təzyiqi artırdığını vurğulayaraq bildirib:
"Aİ çirkli pulların yuyulması riski səbəbindən bu gün Rusiyanı qara siyahıya saldı. Bu, Rusiya bankları ilə aparılan əməliyyatları ləngidəcək və xərcləri artıracaq".
Avropa Komissiyasının siyahısı adətən FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tərəfindən hazırlanan beynəlxalq qara siyahı ilə üst-üstə düşür.
Buna baxmayaraq, Aİ FATF-ın mövqeyindən asılı olmayaraq Rusiyanı siyahıya daxil etdi.Rusiyanın Federal Maliyyə Monitorinqi Xidməti ("Rosfinmonitoring") isə qərarı siyasi adlandırıb.
Qurum Avropa Komissiyasının konkret çatışmazlıqlarla bağlı sübut təqdim etmədiyini, qiymətləndirmənin Rusiya tərəfinin iştirakı olmadan aparıldığını bildirib.
Rəsmilər qərarın yalnız Aİ yurisdiksiyasındakı qurumlar üçün məcburi olduğunu, Rusiyadakı maliyyə sisteminin isə mövcud qaydada işləməyə davam edəcəyini vurğulayıblar. Rusiya 2002-ci ildən bəri beynəlxalq qara siyahılarda yer almırdı.