RU

Səudiyyə Ərəbistanı kralının “sağsağanlar”ı... – vallah, qorxmağa dəyməz!

Bu gün Çempionlar Liqasında “Qarabağ”ın bəxtinə düşən “Nyukasl” nə “Liverpul”du, nə də PSJ! Qorxmadan-çəkinmədən pley-off oyununa hazırlaşmaq, Bakıdakı görüşdən imkan daxilində sərfəli hesabla ayrılmaq lazımdı. Yeri gəlmişkən, “Qarabağ”ın ÇL-dəki son və qarşıdakı rəqibləri – “Liverpul”la “Nyukasl” sabah “Enfild”də qarşılaşacaq. Bunu da sözgəlişi xatırlatdım, qoy “Qarabağ”ın məşqçi korpusu üçün “oxu materialı”, müqayisə imkanı olsun!

İngiltərənin şimal-şərqində yerləşən Nyukasl-apon-Tayn şəhərini təmsil edən “Nyukasl Yunayted”in əsası 1892-ci ildə qoyulub. Özü də iki klubun – “Nyukasl İst-End ” və “Nyukasl Vest-End”in birləşməsi nəticəsində. Titullarına gəlinc, 4 qat ölkə çempionu (sonuncu dəfə uzaq 1927-ci ildə), İngiltərə kubokunun 6 qat, Liqa kubokunun, Yarmarkalar kubokunun və İntertoto klubunun qalibidi. Ötən il Liqa kubokunu qazanan “Nyukasl” 1969-cu ildən bəri davam edən titul həsrətinə son qoyub. Hazırda İngiltərənin ən titullu 9-cu klubudu.

“Nyukasl”ın ev oyunlarını keçirdiyi “Sent-Ceyms Park” 1880-ci ildə açılıb, 52409 yerlikdi. Komandaya 2021-ci ilin noyabrından bəri Eddi Hau rəhbərlik edir, kapitan isə Bruno Gimaraynşdı.

Bu qısa təqdimat yazısının sonuna çatdızsa, məndən soruşacaqsız ki, bəs, bu nə sərlövhədi yazıbsan, “Səudiyyə Ərəbistanı kralının “sağsağanlar”ı” nə deməkdi? İş ondadı ki, klubun səhmlərinin 85 faizinə Səudiyyə Ərəbistanının Suveren fondu nəzarət edir. Bu fond 1971-ci ildə Səudiyyə Ərəbistanının iqtisadiyyatı üçün strateji önəm daşıyan layihələri maliyyələşdirmək məqsədi ilə yaradılıb. Fondun əsas fiquru kral Məhəmməd bin Salman Əl Sauddu.

Yaxşı, niyə bu komandaya “sağsağanlar” deyirlər? Çox sadə səbəbi var: futbolçular meydana klassik qara-ağ formada çıxır, həmin formanın zolaqları da əsl sağsağanları xatırladır.

Hə, yalnız bu klubun əfsanəsi olan Alan Şirerdən danışmadıq ki, bunun üçün də vaxtımız olacaq.

ORXAN

Избранный
66
12
football-plus.az

10Источники