RU

İnternet kəsilsə də, abunə haqqı tam tutulur... – Ödəniş qaytarılmalıdır?

İnternet xidmətində baş verən fasilələrə baxmayaraq, abunə haqqının tam tutulması istifadəçilər arasında narazılığa səbəb olur.

Turkustan.az xəbər verir ki, internet xidmətinin müəyyən dövrlərdə kəsilməsi bir çox istifadəçinin mütəmadi qarşılaşdığı problemlərdən biridir. Lakin xidmətin faktiki olaraq göstərilmədiyi vaxtlarda belə aylıq abunə haqqı tam şəkildə tutulur. Bu isə ödəniş edən müştərilərin keyfiyyətli və fasiləsiz internetlə təmin olunmaması ilə nəticələnir.

Bəs belə hallarda provayder göstərilməyən xidmətə görə ödənişi geri qaytarmalıdırmı?

Mövzu ilə bağlı Yeniavaz.com-a danışan İT mütəxəssisi Fərhad Mirəliyev bildirib ki, bütün hallarda əsas meyar istifadəçi ilə provayder arasında bağlanan müqavilənin şərtləridir:

“Burada baxmaq lazımdır ki, müqavilədə hansı bəndlər mövcuddur və xidmətin dayandırılması ilə bağlı nə nəzərdə tutulub. Əksər müqavilələrdə fors-major hallar və texniki fasilələrlə bağlı maddələr yer alır. Dünyada qəbul olunmuş normaya görə, heç bir provayder 100 faiz fasiləsiz xidmət öhdəliyi götürmür”.

Fərhad Mirəliyev qeyd edib ki, qlobal texnologiya şirkətləri də bu prinsiplə fəaliyyət göstərir:

“Məsələn, “Microsoft” öz xidmətləri üçün 99 faizdən yuxarı əlçatanlıq öhdəliyi götürür. Yəni il ərzində xidmətlərin böyük əksəriyyətinin aktiv olacağını təmin edir, lakin müəyyən faiz ehtimalı saxlanılır ki, texniki nasazlıq baş verə bilər. Bu, bütün dünya üzrə qəbul olunmuş bir normadır”.

Fərhad Mirəliyev

F. Mirəliyev bildirib ki, texniki nasazlıq nəticəsində xidmətin əlçatan olmadığı müddət nəzərə alına və buna uyğun tədbirlər görülə bilər:

“Ona görə də baxılmalıdır ki, ay ərzində neçə faiz, neçə gün, neçə saat xidmət əlçatan olub və ya olmayıb. Buna uyğun olaraq müəyyən tədbirlər görmək olar. Amma əgər müqavilədə bu məsələlər qeyd olunmayıbsa, burada hər hansı geri ödəniş gözləmək və ya əvəzləşmə tələb etmək qeyri-mümkündür”.

Mütəxəssisin sözlərinə görə, bəzi provayderlər müştəri məmnuniyyətini qorumaq üçün könüllü addımlar atırlar:

“Bəzi provayderlər baş verən qəzalarla bağlı əvəzləşmələr edirlər. Məsələn, ödəniş tarixini bir neçə gün sonraya keçirirlər və ya istifadəçiyə əlavə günlər hədiyyə edirlər. Mənim istifadə etdiyim provayderdə də belə olub: əvvəl ayın 20-si ödəyirdimsə, indi artıq ayın 29–30-u ödəyirəm. Yəni ödəmə tarixi təxminən 10 gün irəli keçirilib. Bunun səbəbi isə provayderin öz xidmətlərində baş verən dayanmalara və fasilələrə görə mənə 1 gün interneti hədiyyə etməsidir. Yəni bir günü ötürüblər ki, mən müştəri olaraq narazı qalmayım və başqa provayderə keçid etməyim”.

Избранный
40
50
turkustan.az

10Источники