RU

Azərbaycan nümayəndə heyəti Vyetnamın Hoşimin və Vunqtau şəhərlərində olub  

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasına səfər çərçivəsində bu ölkənin iqtisadi-maliyyə mərkəzi və əhali sayına görə ən böyük şəhəri olan Hoşimin şəhərində bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Hoşimin Xalq Komitəsinin sədri Vo Van Minh və Hoşimin Şəhər Statistika İdarəsinin direktoru Nquyen Xak Hoanq ilə görüşlərdə bir-birinin maraqlarına hörmətlə yanaşan Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.

Qarşılıqlı səfərlərin təcrübə mübadiləsi və müxtəlif istiqamətlərdə, o cümlədən statistika sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıdığı bildirilib.

Səfər zamanı nümayəndə heyətinin ölkənin neft sənayesi mərkəzi olan Vunqtau şəhərində “Vietsovpetro” şirkətinin rəhbərliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Vunqtau bölməsinin üzvləri ilə də görüşü olub.

Görüşdə “Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra - 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başçılıq etdiyi SSRİ nümayəndə heyətinin Vunqtauya səfəri və daha sonra Vyetnama göstərilən dəstək sayəsində dənizdə ilk neftin hasil edildiyi xüsusi vurğulanıb. Azərbaycanlı mütəxəssislərin bu ölkənin neft-qaz sənayesinin qurulmasında xidmətlərinin əvəzsiz olduğu, Vyetnamın sözügedən sahədə kadr hazırlığı istiqamətində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinə və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük maraq göstərdiyi qeyd edilib. Vunqtau ilə Bakının qardaşlaşmış şəhərlər olduğu bildirilərək iki ölkənin regionları arasında da işbirliyinin perspektivləri müzakirə olunub. Bu sahədə görüləcək işlərin Azərbaycan-Vyetnam münasibətlərinə dinamizm gətirəcəyinə inam ifadə edilib.

Nümayəndə heyəti Hoşimin şəhərindəki Müstəqillik Sarayını, Vunqtauda isə “Vietsovpetro” şirkətinin muzeyini və Bakı küçəsini ziyarət edib.

Избранный
42
5
azerbaijan-news.az

10Источники