RU

Bu pensiyalar 9 faiz artacaq

“Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələbidir.

Yəni bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş haqqıdır.

Nəhayət, qanunla müəyyən edilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb.

Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərəncam veriləcək”.

Bunu Milli Məclisin deputatı Əli Məsimli 2026-cı ilin pensiya artımları ilə bağlısuala aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da tezliklə yox, növbəti ilin yanvar ayında olur.

“Ona görə də 2026-cı ilin pensiya artımları barədə çoxsaylı müraciətləri sistemləşdirərək, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq birincisi, pensiya indeksləşdirmə prinsipinə əsasən müəyyənləşdirilir.

“Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun həyata keçirilir.

Əvvəlki illərin göstəricisinə 2025-ci ildə əmək pensiyaları Dövlət Statistika Komitəsinin elan etdiyi 2024-cü ilin orta aylıq əmək haqqının nominal artım göstəricisinə uyğun olaraq 8,1% artırılıb. Həmin qayda ilə bu il də əmək pensiyaları 2025-ci ilin orta aylıq əmək haqqının artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.

Hələlik bu artımın dəqiqləşdirilmiş son göstəricisi yoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta əmək haqqı 2025-ci ilin yanvar-noyabr aylarında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb. Rəsmi açıqlamalarda isə 9–9,2% arasında artım olacağı barədə fikirlər səsləndirilir. Artımın dəqiq faizi isə gələn həftə, yəni fevral ayının əvvəllərində məlum olacaq.

Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan edən kimi, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident sərəncamı veriləcək”, - deputat qeyd edib.

Təxmini artıma gəldikdə deputat deyib ki, ötən il median pensiya səviyyəsində (təqribən 360 manat) pensiya alanların pensiyası təxminən 33 manat artaraq 393 manata, orta pensiya ətrafında (543 manat) pensiya alanların pensiyası isə 50 manat artırılaraq 593 manata çatacağı gözlənilir.

Избранный
11
3
sportinfo.az

10Источники