Ajans.az xəbər verir ki, bu barədə açıqlanan sənədləri araşdıran The New York Times (NYT) qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, sızdırılan materiallar ehtimal ki, Epşteynin şəxsi kolleksiyasına aid təxminən 40 fotoşəkildən ibarətdir. Şəkillərdə təsvir olunan şəxslər gənc görünür, lakin onların yetkinlik yaşına çatmayan olub-olmadığını qəti şəkildə müəyyən etmək mümkün deyil. NYT bildirir ki, fotoşəkillərin çəkildiyi bəzi məkanlar — o cümlədən çimərlik əraziləri — Epşteynin şəxsi adasındakı obyektlərlə vizual baxımdan uyğun gəlir. Digər şəkillərin isə yataq otaqlarında və müxtəlif şəxsi məkanlarda çəkildiyi qeyd olunur. Qəzet şənbə və bazar günləri ABŞ Ədliyyə Nazirliyinə dərc edilmiş materiallar arasında təsvir olunan şəxslərin kimliyini müəyyən etməyə imkan verən redaktə olunmamış fotoşəkillərin yer aldığını bildirdiyini yazır. Bundan sonra departament şəkillərin əksəriyyətini silib və ya redaktə edib. Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında həbs olunub. Prokurorların iddiasına görə, o, 2002–2005-ci illər ərzində Manhettendə yerləşən evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil edib. İddialara əsasən, zərərçəkənlərin ən kiçiyi 14 yaşında olub. Epşteynin ətrafında müxtəlif ölkələrdən hazırkı və keçmiş yüksək vəzifəli məmurlar, tanınmış iş adamları və əyləncə sənayesinin nümayəndələri yer alıb. ABŞ-da maliyyəçinin cinayət təqibi 2019-cu ilin avqustunda, onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb. Medianın məlumatına görə, Epşteynin tanışları arasında ABŞ-ın 42-ci prezidenti Bill Klinton və hazırkı ABŞ prezidenti Donald Trampın da adı çəkilir. Bu arada, ABC telekanalının məlumatına əsasən, Epşteynin iddia edilən qurbanlarının vəkilləri ABŞ Ədliyyə Nazirliyinə qarşı iddia qaldıraraq işlə bağlı sənədlərin yerləşdirildiyi veb-saytın silinməsini tələb ediblər. 200-dən çox potensial qurbanı təmsil edən vəkillər bildiriblər ki, dərc olunmuş materiallarda dəfələrlə redaktə olunmamış adlar və qurbanların şəxsiyyətini müəyyən edən məlumatlar yer alıb. Vəkillərin sözlərinə görə, yeni sənədlərin dərcindən sonrakı iki gün ərzində onlar təxminən 100 qurbana təsir edən “minlərlə” redaksiya səhvi barədə səlahiyyətli qurumlara məlumat veriblər. “Ceffri Epşteynin qurbanları üçün hər saat həyati əhəmiyyət daşıyır. Zərər davam edir və bu proses geri dönməzdir”, – deyə müdafiə tərəfi vurğulayıb.