RU

Parlamentin yaz sessiyası öz işinə başladı

Fevralın 2-də Milli Məclisin 2026-cı ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra spiker diqqətə çatdırıb ki, Milli Məclis ötən ili uğurla başa vurub. Öz fəaliyyəti ilə parlament Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görüb. Sədr ötən ilin yekunları barədə ətraflı məlumat verdiyini deputatlara xatırladaraq qeyd edib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Deputatlar 2 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər.  Parlamentin 10 üzvü tərəfindən 6 xarici ölkəyə 18 səfər həyata keçirilib. Ay ərzində 5 ölkənin və 1 beynəlxalq təşkilatın 6 nümayəndə heyəti, ümumən 44 nəfər xarici qonaq Milli Məclisdə olub. 

Spiker qeyd edib ki, onun başçılığı ilə  nümayəndə heyəti  yanvarın 25-də və 26-da Bəhreyn Krallığında rəsmi və işgüzar səfərdə, yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərində işgüzar, yanvarın 28-də isə Oman Sultanlığında  rəsmi səfərlərdə olub. 

Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Milli Məclisin Sədrinin Bəhreyn Kralı Həmədbin İsa Al Xəlifə, Şura Məclisinin Sədri Əli bin Saleh Al Saleh, Nümayəndələr Şurasının Sədri Əhməd bin Salman Al Musalam ilə görüşləri olub. Səfər zamanı Azərbaycan Milli Məclisi ilə Bəhreyn Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi parlament sədrləri imzalayıblar.

Bəhreyn Krallığına işgüzar səfərdə məqsəd Asiya Parlament Assambleyasının yanvarın 26-da keçirilən 16-cı plenar sessiyasında iştirak etmək idi. Sessiyada Sahibə Qafarova son 2 ilə yaxın dövr ərzində Milli Məclisin Parlament Assambleyasına sədrlik fəaliyyətinin nəticələri  barədə məlumat verib. 

Plenar sessiyanın yekununda Manama Bəyannaməsi qəbul edilib. Bəyannamədə Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə, təşkilatın məqsədlərinin reallaşdırılması işində liderliyinə və səylərinə görə Milli Məclisə təşəkkür ifadə edilir. Bəyannamədə həmçinin multikulturalizmin, tolerantlığın təşviq olunmasında ölkəmizin ardıcıl və prinsipial səyləri yüksək qiymətləndirilir. 

Yanvarın 27-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərdə isə əsas məqsədlərdən biri Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında iştirak etmək idi.  Spiker bildirib ki, oradakı çıxışında tədbirin mövzusunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. Azərbaycanda gender bərabərliyi sahəsində mövcud olan vəziyyət və müsbət təcrübə haqqında tədbir iştirakçılarına məlumat verib. 

Milli Məclisin Sədrinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Federal Milli Şurasının Sədri Saqr Qobaş ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunub. 

Spiker Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldüyünü xatırladıb. O, dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayedin adını daşıyan belə nüfuzlu mükafata layiq görülməsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Qeyd olunub ki, səfərdə məqsədlərdən biri də Aralıq Dənizi Parlament Assambleyasının Sədri Cülio Çentemero ilə görüşüb danışıqlar aparmaq idi. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər nəzərdən keçirilib. Spiker xüsusən Parlament Assambleyasının Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib. Yekun qərar verildikdən sonra bu statusun parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.

Yanvarın 28-də və 29-da Oman Sultanlığına rəsmi səfər çərçivəsində spiker Sahibə Qafarovanın bu ölkənin Şura Məclisinin Sədri Şeyx Xalid bin Hilal Al Mavali,  Dövlət Şurasının Sədri Şeyx Əbdülməlik Al Xəlili və xarici işlər naziri Bədr Al Busaidi ilə görüşləri olub. Görüşlərdə Azərbaycanla Oman arasında siyasi və digər münasibətlərin yüksək səviyyədə olmasından, parlamentlər səviyyəsində əlaqələrin dərinləşməsindən məmnunluq ifadə edilib. Azərbaycan Milli Məclisi ilə Oman Şura Məclisi arasında Anlaşma Memorandumunun imzalanması barədə də razılıq əldə olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. 

Milli Məclisin Sədri 3 ərəb ölkəsinə rəsmi və işgüzar səfərlərin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib. 

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasəti, dövlətimizin beynəlxalq fəaliyyətinə strateji baxışı parlament diplomatiyasının uğurunun əsas amilidir. 

Sonra Milli Məclisin Sədri bildirib ki, ölkəmizdə fevralın 2-də Gənclər Günü qeyd edilib. Ölkə Prezidentinin sərəncamı ilə bir sıra fəaliyyət sahələrində fərqlənən gənclərə Prezident mükafatının verildiyini diqqətə çatdıran spiker Sahibə Qafarova deyib ki, Azərbaycan gəncləri  dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər. Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynayıblar. Spiker Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb. 

Sonra Milli Məclisin Sədri yaz sessiyasında görüləcək işlər haqqında qısa məlumat verib. Qeyd edib ki, sessiyanın qanunvericilik işləri planı hazırlanıb və iclasda müzakirə ediləcək. Bildirilib ki, bu sessiyada qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatı da dinləniləcək. Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2025-ci  ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun və gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik hesabat, məlumat və məruzələri də dinləniləcək. 

Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı, parlamentin səlahiyyətləri ilə bağlı olan digər məsələlər də diqqət mərkəzində saxlanılacaq. 

Spiker çıxışının sonunda Milli Məclisin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib və sessiyada deputatlara uğurlar arzulayıb.

Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb. Müzakirələrdə komitə sədrləri Tahir Rzayev, Zahid Oruc, Fazil Mustafa, deputatlar Razi Nurullayev, Elnarə Akimova, Rövşən Muradov, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Asif Əsgərov və Hikmət Məmmədov gündəmdə olan məsələlərə münasibət bildiriblər. Qeyd olunub ki, dövlətimizin başçısı cənab 

İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət ölkəmizin milli maraqlarını etibarlı şəkildə qorumağa, Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu uğurla davam etdirməsinə imkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin 56-cı Davos İqtisadi Forumunda iştirakı və burada keçirdiyi çoxsaylı mühüm görüşlər ölkəmizin qlobal iqtisadi və siyasi gündəmdə fəal aktor kimi rolunu bir daha təsdiqləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Sülh Şurası kimi yeni beynəlxalq təşəbbüsə təsisçi üzv qismində dəvət olunması Prezident İlham Əliyevin sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi istiqamətində apardığı ardıcıl siyasətin növbəti mühüm nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi onun sülhün, dialoqun, multikultural dəyərlərin və humanist prinsiplərin təşviqi istiqamətində apardığı ardıcıl və məqsədyönlü siyasətə verilən yüksək beynəlxalq qiymətin bariz nümunəsi kimi dəyərləndirilib.

Həmçinin Zəngəzur dəhlizinin (Tramp marşrutu) işə düşməsi ilə bağlı aparılan müzakirələrə və bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsinə yönələn təşəbbüslərə toxunan çıxışçılar qeyd ediblər ki, bu addımlar regional etimadı, iqtisadi əməkdaşlığı daha da gücləndirəcək.

Millət vəkilləri çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və müvafiq sərəncamı ilə hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur və bu tarix gənclərə göstərilən dövlət qayğısının rəmzidir. Deputatlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan da bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə gənclərin fiziki və mənəvi inkişafına, onların müasir düşüncəli, intellektual və vətənpərvər ruhda yetişməsinə daim önəm verilir, bu məqsədlə ardıcıl şəkildə dövlət proqramları və layihələr icra olunur.

Cari məsələlərin müzakirəsindən sonra spiker Sahibə Qafarova gündəliyin birinci məsələsinin "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun ikinci səsverməsi ilə bağlı olduğunu deyib. Nəzərə çatdırıb ki, konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. O, bu qanun layihəsinə də 6 ay öncə birinci səsvermədə münasibət bildirildiyini, indi isə ikinci səsverməyə çıxarıldığını söyləyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələ ilə bağlı məlumat verib. O, sənədin Milli Məclisdə üç oxunuşdan keçdiyini, geniş müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.

Komitə sədri Siyavuş Novruzovun məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra Konstitusiya qanunu səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.

Daha sonra komitə sədri Əli Hüseynli "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə) barədə məlumat verib. Nəzərə çatdırılıb ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra "Normativ-hüquqi aktlar haqqında" Konstitusiya Qanununun müvafiq maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.

Bu Konstitusiya qanunu da səsə qoyularaq ikinci səsvermədə qəbul edilib.

Sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə təqdim olunub. Məsələnin müzakirəsində komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Azay Quliyev, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Əli Məsimli, Bəhruz Məhərrəmov, Kamal Cəfərov, Sahib Alıyev çıxış edərək, məsələ barədə öz fikir və təkliflərini səsləndiriblər. Spiker Sahibə Qafarova deputatların qarşıdakı yaz sessiyasının iş planı ilə bağlı irəli sürdükləri təkliflərin nəzərə alınaraq müvafiq qərarların qəbul ediləcəyini diqqətə çatdırıb. 

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərar layihəsi qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova növbəti məsələni təqdim edərək bildirib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə uyğun olaraq, yaz sessiyasının birinci iclasında Milli Məclisin Hesablayıcı komissiyası yaradılmalıdır. O, qeyd edib ki, komissiya bir il müddətinə və 7 üzvdən ibarət tərkibdə seçilir.

Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Sahibə Qafarova gündəliyin beşinci məsələsi ilə əlaqədar nəzərə çatdırıb ki, Daxili Nizamnamənin 41-ci maddəsinə əsasən, Milli Məclisin İntizam komissiyası da yaradılmalıdır. Komissiya bir il müddətinə və 11 üzvdən ibarət tərkibdə seçilir.

Milli Məclisin İntizam komissiyasının  yaradılması haqqında qərar layihəsi də qəbul edilib.

Gündəliyin altıncı məsələsi olan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib. 

Komitə sədri bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasında idman federasiyalarını, dini konfessiyaları və yaradıcılıq təşkilatlarını təmsil edən şəxslərin qanunda göstərilən  səlahiyyət müddəti başa çatdığına görə, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən təşkilati tədbirlər görülüb. Komitə sədri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına  idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədləri təqdim edib.

Məsələ ilə bağlı komitə sədri Fazil Mustafa, deputatlar Azay Quliyev və Hikmət Məmmədov çıxış edərək fikirlərini bildiriblər. 

Müzakirələrin yekununda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə üç təşkilatın hərəsindən 2 nəfər olmaqla 6 nəfərin namizədliyi göstərilib və biz onlardan üç nəfəri seçməliyik.

Sonra təqdim olunan namizədlərlə bağlı səsvermə keçirilib. Səsvermə nəticəsində  idman federasiyalarından Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatlarından Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Sahibə Qafarova Yayım Şurasının yeni üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb, tövsiyələrini çatdırıb.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi ilə bağlı  Azərbaycan Respublikası qanununun layihəsi təsdiq olunub. 

Qısa fasilədən sonra iclas işini davam etdirib.

Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təsdiq olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsində nəzərdə tutulan dəyişiklik qanunun tətbiq edilmə müddətinin uzadılması ilə bağlıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılır. 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, Məcəlləyə təklif edilən dəyişikliyin minimum əməkhaqqının məbləğinin müəyyən edilməsinin dövriliyini nəzərdə tutduğunu və mühüm mütərəqqi əhəmiyyət daşıdığını deyib.

Təklif olunan dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Banklar haqqında" və "Gömrük tarifi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin elektron ticarətin tənzimlənməsi və bu sahədə vergi nəzarətinin gücləndirilməsi, dövlət qurumlarının bank əməliyyatlarının daha sistemli və vahid qaydada həyata keçirilməsi üçün hüquqi mexanizmlərin dəqiqləşdirilməsi, habelə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı vergi və gömrük məsələlərinin operativ şəkildə həll edilməsi məqsədi daşıdığını bildirib. 

Qeyd edilib ki, sənəd dövlət maliyyəsinin idarə olunmasını, dövlət sektorunda mərkəzləşdirilmiş nəzarət mexanizminin və uçot sisteminin təkmilləşdirilməsini nəzərdə tutan dəyişiklikləri əhatə edir. Layihəyə əsasən, dövlət qurumlarının uçota alınması, yenidən təşkili, bank hesablarının açılması ilə bağlı məlumatlar elektron qaydada müvafiq orqana təqdim ediləcək. Bu məqsədlə Vergi Məcəlləsinə və "Banklar haqqında" qanuna dəyişikliklər təklif olunur.

Bununla yanaşı, bildirilib ki, şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Bu məqsədlə 2023-cü il dekabrın 22-də Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında müvafiq saziş imzalanıb və qanunla təsdiq edilib. Həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmalarının tətbiqi məqsədəuyğun hesab edilir. Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və 2025-ci il sentyabrın 1-dən 1 il müddətinə tətbiq olunacaq.

Qanun layihəsinə əsasən, Vergi Məcəlləsinə dəyişikliklər Azərbaycan bazarında elektron qaydada xidmət göstərən və illik dövriyyəsi 10 min ABŞ dolları ekvivalentini keçən qeyri-rezident şəxslər üçün vergi orqanlarında uçota alınma və əlavə dəyər vergisi öhdəliyinin yerinə yetirilməsi tələblərini təsbit edir. Dövriyyəsi bu həddə çatmayanlar üçün qeydiyyat könüllü olacaq. Eyni zamanda bəzi xidmətlər, o cümlədən hüquq, maliyyə, mühasibat, dizayn, mühəndislik və real vaxt rejimində tədris xidmətləri elektron ticarət xidməti kimi qiymətləndirilməyəcək. Bu dəyişiklik yerli və xarici şirkətlər arasında bərabər rəqabət şərtlərini təmin edir, yerli sahibkarlarla xarici platformalar arasında ədalətli vergi rejimi yaradır, büdcə daxilolmalarını artırır. 

Habelə, Məcəlləyə təklif olunan dəyişikliklərə əsasən, müvafiq təsdiqedici sənəd əsasında müəyyən ediləcək siyahı ilə incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı ƏDV-dən azad ediləcək. Bununla yanaşı, il ərzində məhdud sayda nadir avtonəqliyyat vasitələrinin idxalı ilə bağlı xüsusi qaydalar müəyyən edilir. 

Deputat Qüdrət Həsənquliyev məsələyə dair fikirlərini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, hazırda müvafiq qanunvericiliyə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Təklif edilən dəyişikliklərdə onkoloji xəstələrə göstərilən tibbi yardımın dövlət onkoloji tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsi ehtiva olunur.

Müzakirələr zamanı parlamentin komitə sədri Hicran Hüseynova, deputatlar Razi Nurullayev, Elçin Mirzəbəyli məsələ ilə bağlı bəzi qeyd və təkliflərini bildiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirib, sualları cavablandırıb.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanunda dəyişiklik edilməsi barədə  qanun  layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihə ölkəmizin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulmasının dəstəklənməsi məqsədini daşıyır. "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə əsasən, hər bir üzv ölkənin emal edilməmiş almazların ixracına və idxalına nəzarəti həyata keçirən səlahiyyətli qurumu müəyyən olunmalı, ölkəyə gətirilən və ölkədən aparılan almazlara nəzarətın həyata keçirilməsi məqsədilə səlahiyyətli orqan tərəfindən rəy verilməli, ixrac zamanı emal edilməmiş almazlar Kimberli Prosesinin tələblərinə uyğun olan sertifikatla müşayiət olunmalıdır. 

Diqqətə çatdırılıb ki, adıçəkilən beynəlxalq sənədə qoşulmaq məqsədilə dövlət başçısı tərəfindən "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında" 25 fevral 2025-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, təqdim edilən qanun layihəsində emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarəti mexanizminin yaradılması, emal edilməmiş almazın ixracı ilə əlaqədar sertifikatın forması və verilməsi qaydasının "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğunlaşdırılması, emal edilməmiş almazın idxalının yalnız "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə üzv dövlətlərdən həyata keçirilməsi ilə bağlı məsələlər təsbit olunur, habelə emal edilməmiş almazın idxalı və ixracı ilə bağlı müəyyən olunacaq mexanizmin pozulmasına, yəni müvafiq rəy olmadan idxal və ixracın həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb. Bildirilib ki, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanına əsasən, "Rəqəmsal dövlət maliyyəsi"  informasiya sisteminin yaradılması müəyyənləşdirilib. Buna uyğun olaraq, təqdim edilən qanun layihəsində bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Belə ki, "Büdcə sistemi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə həyata keçiriləcək. "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi mühasibat uçotu sahəsindəki fəaliyyəti də əhatə etdiyindən "Mühasibat uçotu haqqında" qanuna müvafiq dəyişiklik təklif olunur və "e-mühasibat"  informasiya sistemi ifadəsi "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi" ifadəsi ilə əvəz olunur.

"Dövlət satınalmaları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələrinin elektron qaydada - "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi vasitəsilə bağlanılması, həmçinin bu proseslə bağlı bir sıra məsələlərin tənzimlənməsi təmin ediləcək.

Deputatlar Qüdrət Həsənquliyev, Vasif Qafarov, Samir Vəliyev, Rəşad Mahmudov  məsələ ilə əlaqədar öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda qəbul edilib.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Избранный
5
2
azerbaijan-news.az

7Источники