RU

Epşteyn qalmaqalı: “Həqiqət geciksə də, onu tamamilə boğmaq mümkün deyil...”

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu qalmaqalın yaratdığı sarsıntılar uzun müddət davam edəcək və hələ qarşıdakı illərdə də yeni detallar ortaya çıxacaq...”

“Epşteyn qalmaqalı əslində tək bir şəxsin cinayət işi olmaqdan çox, qlobal miqyasda mənəvi aşınmanın və güc münasibətlərinin nə qədər çürük əsaslar üzərində qurulduğunu üzə çıxardı. Ortaya çıxan sənədlərin və əlaqələrin miqyası o qədər genişdir ki, onların hamısını bir nəfərin qısa müddətdə təhlil etməsi mümkün deyil. Aydındır ki, bu qalmaqalın yaratdığı sarsıntılar uzun müddət davam edəcək və hələ qarşıdakı illərdə də yeni detallar ortaya çıxacaq.”

Bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ifadə edib.

“İctimai müzakirələrdə geniş şəkildə səslənən iddialardan birinə görə, - bu iddia bir çoxları üçün olduqca inandırıcı görünür, - Epşteyn müəyyən xarici kəşfiyyat strukturları, o cümlədən İsrailin “Mossad” xidməti ilə əlaqəli ola bilərdi. Hətta onun agent kimi istifadə edildiyini irəli sürən fikirlər də mövcuddur. Bu yanaşmaya görə əsas məqsəd nüfuzlu şəxsləri - siyasətçiləri, iri kapital sahiblərini, media və akademiya nümayəndələrini - kompromat vasitəsilə nəzarət altına almaq və lazım gəldikdə onlardan təzyiq aləti kimi istifadə etmək idi. Bunlar hələlik sübuta yetirilməmiş iddialardır, lakin müzakirə olunmasının özü sistemin nə qədər dərin etimad böhranı yaşadığını göstərir”, - deyə davamında alim bildirib.

Siyasi şərhçi Epşteyn qalmaqalının eyni zamanda daha ağrılı bir məsələni də gündəmə gətirdiyini söyləyib: 

“Dünyada itkin düşmüş on minlərlə, hətta yüz minlərlə uşağın taleyi ilə bağlı ailələr arasında belə bir qorxu var ki, bu uşaqlar müxtəlif beynəlxalq istismar şəbəkələrinin, o cümlədən Epşteyn ətrafında formalaşmış cinayət dairələrinin qurbanı ola bilər. Bu narahatlıq təsadüfi deyil və cəmiyyətlərin özlərini güvənli hiss etməməsinin əsas səbəblərindən biridir...”

“Epşteynin 2019-cu ildə həbsxanada “intihar etməsi” rəsmi versiya kimi təqdim olunsa da, bu izah ictimaiyyətin böyük bir hissəsini inandıra bilmədi. Bir çoxları onun aradan götürüldüyünü ehtimal edir. Hər halda bir fakt dəyişməz olaraq qalır: Epşteynin ölümü həqiqətin üzə çıxmasının qarşısını ala bilmədi. Əksinə, onun yoxluğu daha çox sual doğurdu və sistemə olan inamsızlığı daha da dərinləşdirdi. Bu qalmaqal göstərdi ki, həqiqət geciksə də, onu tamamilə boğmaq mümkün deyil”, - deyə Əli Əskərli vurğulayıb.

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
moderator.az

2Источники