RU

Filippin parlamenti prezidentə qarşı impiçment ərizələrini rədd edib  

Filippin Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) Ədalət komitəsi Prezident Ferdinand Markosa (oğul) qarşı iki impiçment ərizəsini rədd edib. Bu barədə "GMA News" xəbər verib. 

Qərar böyük səs çoxluğu ilə qəbul edilib. Ərizələrdə F. Markos  korrupsiya, konstitusiya pozuntuları və ictimai etimada xəyanət etməkdə ittiham olunurdu. Filippinli vəkil Andre de Jesus ölkə başçısını keçmiş prezident Rodriqo Dutertenin oğurlanmasına və Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) ekstradisiyasına kömək etməkdə və prosesi dəstəkləməkdə ittiham edib. O, bunun qanuni prosedur olmadan baş verdiyini bildirib. 

Lakin parlament komitəsi prezidentə qarşı ittihamların əsassız olduğunu müəyyən edib.

Filippin polisi R. Duterteni ötən ilin mart ayında Honkonqdan Manilaya təyyarə ilə gələrkən insanlığa qarşı cinayətlərə görə ICC-nin orderi ilə həbs edib və o, dərhal Haaqaya köçürülüb. 

R. Dutertenin qızı vitse-prezident Sara Duterte-Karpio atasının həbsini tənqid edərək, bunu "suverenliyə və ölkənin müstəqilliyinə inanan hər bir filippinliyə qarşı kobud təhqir" adlandırıb.

Prezident Ferdinand Markosun atası Ferdinand Markos 1965-ci ildən 1986-cı ilə qədər Filippinə rəhbərlik edib. O, 1972-ci ildə ölkə konstitusiyasını ləğv edərək fövqəladə vəziyyət elan edib. 1986-cı ildə hərbi çevriliş və geniş yayılmış etirazlar nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb, bundan sonra Havay adalarına köçüb. 

F. Markos 1989-cu ildə vəfat edib və 2016-cı ildə ölkə başçısı olan Rodriqo Dutertenin qərarı ilə onun qalıqları Filippində yenidən dəfn edilib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
33
azerbaijan-news.az

1Источники