RU

Xəzərdən Azərbaycanı gözləyən TƏHLÜKƏ – müttəfiqləri NƏ DEYİR…

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistana səfər edib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şahin Məmmədov rəsmi səfərlə Pakistanda olub.

İslamabadda o, Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nəvid Əşrəf ilə görüşüb.

Görüşdə regional dəniz təhlükəsizliyi, kadr hazırlığı, təcrübə mübadiləsi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər müdafiə əlaqələrinin dərinləşdirilməsinə və dəniz sahəsində koordinasiyanın gücləndirilməsinə sadiq olduqlarını bildiriblər. Azərbaycan nümayəndə heyətinə Pakistan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi üzrə həyata keçirilən layihələr təqdim edilib.

Səfər Xəzər dənizi və Yaxın Şərq ətrafında təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Azərbaycan son illər dəniz sərhədlərinin və enerji infrastrukturunun qorunması məqsədilə Hərbi Dəniz Qüvvələrinin imkanlarını genişləndirir. Eyni zamanda, ABŞ da Bakı ilə dəniz əməkdaşlığını inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. ABŞ Prezidenti Donald Tramp Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək planlarını, o cümlədən patrul və döyüş qayıqlarının mümkün tədarükünü açıq şəkildə elan edib.

Yada salaq ki, ötən həftə Azərbaycana səfər edən NATO baş katibinin müavini Radmila Şekerinşka deyib ki, Azərbaycanda dəniz limanının təhlükəsizliyi və vacib infrastrukturun qorunması kimi məsələləri müzakirə edilib. Beləliklə, Xəzər dənizi getdikcə ABŞ, Türkiyə, Pakistan, İsrail və İranın maraqlarının kəsişdiyi daha geniş regional təhlükəsizlik çərçivəsinin bir hissəsinə çevrilir. Bu fonda İslamabadla dialoq praktik əhəmiyyət kəsb edir. Son onilliklər ərzində Pakistanın müdafiə sənayesi dəniz sektorunda tam istehsal dövrü inkişaf etdirib və Azərbaycan üçün faydalı ola biləcək bir sıra platformalara malikdir.

Ekspertlərin fikrincə, Pakistanla dəniz sahəsində əməkdaşlıq Bakının hərbi-texniki tərəfdaşlıqlarını şaxələndirmək və dəniz təhlükəsizliyi potensialını gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Hətta ötən ilin sentyabrında Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin İslamabaddakı səfirləri Pakistanın dəniz məsələləri üzrə naziri Məhəmməd Cüneyid Ənvər Çaudri ilə müzakirələr aparıblar. Görüşdə Azərbaycan və Pakistan hərbi dənizçilərinin peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunub

Professor Elxan Mirzəyevin Musavat.com-a bildirdiyinə görə, Azərbaycan, Pakistan və Xəzər dənizi üçbucağı əsasən enerji təhlükəsizliyi, geosiyasi tərəfdaşlıq, o cümlədən regional nəqliyyat dəhlizlərinin inkişafı kontekstində strateji əhəmiyyət kəsb edir:

“Azərbaycanın Xəzər dənizindəki karbohidrogen resursları Pakistanın enerji ehtiyaclarının qarşılanmasında və Türkiyə ilə birgə formalaşan yeni nəqliyyat-enerji arxitekturasında mühüm rol oynayır. Azərbaycanın Ələt limanı vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan nəqliyyat marşrutu, Pakistanın Cənubi Asiyadan Qafqaza çıxış imkanlarını genişləndirir. Ümumiyyətlə, Cənubi Qafqazda yeni reallıqların formalaşdığı bir zamanda Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm strateji aktor kimi çıxış edir. Hazırda Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu dəniz, dəmir və avtomobil yolları şəbəkələrini birləşdirərək Çinlə Mərkəzi Asiyanı Azərbaycanın Ələt və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Avropaya bağlayır. Yəni burada logistika məsələləri mühüm rol oynayır”.

E.Mirzəyev deyib ki, Pakistanla birgə hərbi təlimlər keçirilib və bu nüvə dövlətinin təhlükəsizlik sahəsində ölkəmizə dəstəyi Xəzər dənizində də mümkündür:

“Pakistanla Azərbaycan arasında əməkdaşlıq son illərdə sürətlə inkişaf edir. Bu yaxınlıq təhlükəsizlik maraqları üzərində qurulub. “Üç Qardaş-2021” və “Sonsuz Qardaşlıq” kimi birgə hərbi təlimləri xüsusi qeyd etmək lazımdır. Ona görə də Azərbaycanın müttəfiqləri ilə əlaqələrində Xəzər dənizi də önəmli mövzudur”.

Musavat.com

Избранный
7
editor.az

1Источники