RU

“Nyukasl” matçı öncəsi “Qarabağ”a pis xəbər – Gerçəklər üzə çıxır…

“Qarabağ”ın “Nyukasl”la oyun ərəfəsində “Neftçi” ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciəti futbol ictimaiyyətində müzakirələrə səbəb olub. “Neftçi”nin bu müraciətə razılıq verməməsi “Qarabağ” azarkeşləri tərəfindən tənqidlə qarşılanıb və məsələ sosial şəbəkələrdə ciddi polemika yaradıb.

İndiki məqamda “Neftçi”nin belə bir qərar verməsi doğrudurmu?

Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, peşəkar baxımdan yanaşsaq, əlbəttə, “Neftçi”nin “Qarabağ”a “yox” deməsi tamamilə normaldır və dünyanın əksər ölkələrində bu praktika mövcuddur:

“Lakin Azərbaycan cəmiyyətində bu addım birmənalı qarşılanmır. Əsas səbəbi isə ölkəmizdə futbolun rəqabət səviyyəsinin yüksək olmamasıdır. Klublar arasında rəqabət, demək olar ki, dərin və prinsipial xarakter daşımır. Avropada isə vəziyyət tam fərqlidir. Məsələn, “Barselona” – “Real Madrid” rəqabəti təkcə iki klubun qarşıdurması deyil, az qala, dəyərlər sisteminin toqquşmasıdır. Ona görə də bu klubların bir-birinə güzəşt etməməsi normal qəbul olunur. Hətta güzəşt olarsa, azarkeşlər klublara etiraz edirlər. Yəni orada prinsipiallıq futbol mədəniyyətinin bir hissəsidir. Azərbaycanda isə futbol hələ o mərhələyə yüksəlməyib. Rəqabət səviyyəsi zəif olduğu üçün azarkeşlər məsələyə fərqli yanaşırlar”.

Ekspert deyib ki, indiyə qədər Azərbaycan klubları bir-birinə dəfələrlə güzəştə gediblər:

“Təkcə “Qarabağ” yox, digər klublar da oyunların təxirə salınmasını tələb edib və qarşı tərəf buna razılaşıb. Hətta böyük ehtimalla “Neftçi” də avrokuboklarda oynayarkən hansısa oyunun təxirə salınmasını tələb edib və qarşı tərəf razılıq verib. Ona görə də bu dəfə “Neftçi”nin razılaşmaması azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Azarkeşlər hesab edir ki, bu addım “Qarabağ”a yox, ümumilikdə Azərbaycan futboluna zərbədir. Çünki “Neftçi”nin bu oyunda qalib gəlməsi mümkündür, amma “Qarabağ” böyük ehtimalla əsas heyəti Avropa oyununa saxlayacaq. Əsas zərbə isə “Qarabağ”ın Avropadakı nəticəsinə dəyə bilər və bu da ölkənin reytinqinə təsir edir. Digər tərəfdən, “Neftçi”nin çempionatda iddiası yoxdur və “Qarabağ”ın əsas rəqibi sayılmır. Bu kontekstdə iddiası olmayan komandanın güzəştə getməməsi azarkeşlər tərəfindən qəbul edilmir. Əgər bunu “Sabah” klubu etsəydi, vəziyyət daha fərqli qəbul oluna bilərdi. Çünki “Sabah” çempionluq uğrunda mübarizədə “Qarabağ”ın əsas rəqibidir və belə halda azarkeşlər bu addımı daha normal qarşılayardı. Mən bu yanaşmanı peşəkarlıq baxımdan normal hesab edirəm, lakin azarkeşlərin emosional reaksiyasını da anlamaq lazımdır”.

N.Muxtarlı əminliklə deyib ki, “Qarabağ” azarkeşləri arasında da “Neftçi”ni qınamayan, əksinə qərarı anlayışla qarşılayanlar var:

“Eyni zamanda, belə suallar da yaranır: əgər vəziyyət tərsinə olsaydı, “Qarabağ” eyni addımı atardımı? Bu suala birmənalı cavab vermək mümkün deyil. Fikirlər müxtəlif ola bilər. Amma bütün hallarda belə polemikalar Azərbaycan futbolunun inkişafı və populyarlaşması baxımından faydalıdır. Əsas odur ki, bu müzakirələr futbolun daha geniş auditoriyaya çatmasına xidmət edir”.

Xatırladaq ki, Ağdam klubu oyunun təxirə salınması üçün PFL-ə müraciət edib. “Neftçi” isə bu tələblə razılaşmayıb. Nəticədə matçın 21 fevral 19:00-da “Palms Sports Arena”da baş tutmasına qərar verilib. Fevralın 24-də isə “Qarabağ” “Sent Ceyms Park” stadionunda “Nyukasl”la qarşılaşacaq.

Избранный
42
1
editor.az

2Источники