"Şərqi Avropada böyük güclərin maraqları, təhlükəsizlik bünövrələrinin dəyişməsi və təsir zonalarının yenidən formalaşması prosesi paralel şəkildə gedir. Regional güclər arasında balansın dəyişməsi danışıqlar prosesinə birbaşa təsir göstərə bilər. Əgər hansısa aktor hərbi, iqtisadi və ya siyasi baxımdan mövqeyini zəiflədərsə, bu, onun danışıqlardakı təsir imkanlarını da azaldar. Eyni zamanda, güclənən tərəf daha sərt şərtlərlə çıxış etməyə başlayar. Bu isə kompromis imkanlarını daraldır və prosesi daha da uzadır. Vasitəçilik cəhdlərinin nəticəsiz qalmasının əsas səbəbi isə əsasən maraqların üst-üstə düşməməsidir. Bir çox vasitəçi rəsmi olaraq neytral görünsə də, faktiki olaraq prosesdə öz maraqlarını qorumağa çalışır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Qeyd edək ki, Şərqi Avropada humanitar və siyasi vəziyyət getdikcə daha da ağırlaşır. Regional aktorların münaqişənin həlli istiqamətində atdığı vasitəçilik addımları isə hələlik konkret nəticə ortaya qoymur və proses çıxılmaz mərhələyə yaxınlaşır. Bu fonda regional güclər arasında mümkün qüvvə balansı dəyişikliklərinin danışıqlar prosesinə necə təsir göstərə biləcəyi aktual sual olaraq qalır.
Siyasi şərhçi qeyd edib ki, bu amil münaqişə tərəflərinin həmin vasitəçilərə olan etimadını azaldır.