RU

Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri münasibətləri: yeni mərhələ, strateji tərəfdaşlıq və qlobal baxış



Müasir beynəlxalq münasibətlər sistemində uğurlu xarici siyasət yalnız ikitərəfli əlaqələrin qurulması ilə deyil, eyni zamanda regional və qlobal sabitliyə töhfə verən çoxşaxəli əməkdaşlıq modeli ilə ölçülür. Azərbaycan Respublikasının son illərdə həyata keçirdiyi xarici siyasət də məhz bu prinsiplərə əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə söykənən, milli maraqlara xidmət edən bu siyasət Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir.

Bu kontekstdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Tarixi köklərə, ortaq mənəvi dəyərlərə, qarşılıqlı hörmət və etimada əsaslanan bu əlaqələr bu gün artıq strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir.
Azərbaycan–BƏƏ münasibətlərinin əsas sütunlarından biri yüksəksəviyyəli siyasi dialoqdur. Qarşılıqlı səfərlər, dövlət və hökumət başçıları səviyyəsində mütəmadi görüşlər iki ölkə arasında münasibətlərin sabit və davamlı xarakter daşıdığını göstərir. BƏƏ Azərbaycanın sülh gündəliyini dəstəkləyən, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olan mühüm tərəfdaşdır.
Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq platformalarda bir-birinə ardıcıl dəstək nümayiş etdirir. Xüsusilə Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etdiyi dövrdə BƏƏ-nin ölkəmizin təşəbbüslərini dəstəkləməsi bu həmrəyliyin bariz nümunəsidir.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və ticarət əlaqələri son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. BƏƏ Azərbaycanın əsas investisiya tərəfdaşlarından biri kimi enerji, logistika, nəqliyyat və xüsusilə bərpa olunan enerji sahələrində fəal iştirak edir.
Bu baxımdan “yaşıl enerji” sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycanın böyük bərpa olunan enerji potensialı ilə BƏƏ-nin qabaqcıl texnologiya və investisiya imkanlarının vəhdəti uğurlu nəticələr verməkdədir. BƏƏ-nin “Masdar” şirkətinin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşası təkcə iqtisadi layihə deyil, həm də strateji enerji əməkdaşlığının rəmzidir.
İkitərəfli münasibətlərin yeni mərhələsində müdafiə sənayesi və hərbi əməkdaşlıq da ön plana çıxır. Səfər çərçivəsində müdafiə əməkdaşlığı üzrə niyyət protokolunun imzalanması bu sahədə siyasi iradənin mövcudluğunu açıq şəkildə nümayiş etdirir.
Bununla yanaşı, Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın “Sülh qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləmələri iki ölkə silahlı qüvvələri arasında qarşılıqlı etimadın və peşəkar əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqlədi. Bu təlim regional təhlükəsizlik və sabitliyin qorunmasına birgə töhfə verən mühüm addım kimi dəyərləndirilir.
Azərbaycan–BƏƏ münasibətlərinin mənəvi-siyasi zirvələrindən biri Prezident İlham Əliyevin 2026-cı il üçün nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsidir. Bu mükafat onilliklər boyu Qafqazda davam etmiş münaqişəyə son qoyan və Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə yönəlmiş sazişin paraflanmasına görə təqdim olunub.
Mükafatın müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən verilməsi Prezident İlham Əliyevin sülhün bərqərar olunması, humanitar dəyərlərin təşviqi və regional barışığın təmin edilməsi istiqamətində fəaliyyətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər bu gün artıq sadə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Yüksək səviyyəli şəxsi münasibətlər, siyasi etimad, iqtisadi maraqların uzlaşması və ortaq dəyərlər üzərində qurulan bu əlaqələr gələcəkdə daha geniş coğrafiyanı əhatə edən əməkdaşlıq imkanları yaradır.
Müasir beynəlxalq çağırışlar fonunda Azərbaycan–BƏƏ tərəfdaşlığı regional sabitliyə, qlobal enerji təhlükəsizliyinə və sülh gündəliyinin irəliləməsinə mühüm töhfə verən uğurlu model kimi çıxış edir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Избранный
41
aia.az

1Источники