RU

Akademiyanın həndəvərində heç kitab satarlar?!

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Nizami Cəfərovu tanımırdım. İlk dəfə mərhum prezident Heydər Əliyevlə yazıçıların görüşündə tanımışdım.

Həmin görüşdə Nizami Cəfərov yazıçılara üzünü tutub demişdi ki, ətrafa baxsınlar, dövlətin uğurlarından yazsınlar. Axırda da danlaq tonunda "gül vurdu": "Hər şey sizin iç dünyanızda baş vermir, bayır dünya da var".

Həmin görüşdəki həmin çıxışla Nizami Cəfərov yazıçıları Saray ədəbiyyatı yaratmağa çağırdı. Əslində bilirdi ki, Saraya gələn də çox olacaq, gəlməyən də özü bilər. Xoşqədəm Baxşəliyeva demişkən, "demokratik ölkədə yaşayırıq".

Nizami Cəfərovun dərdi bu deyildi, yəni tək bu deyildi. Hərçənd çağırışına hay verənlər az olmadı. Əsas məsələ Nizami Cəfərovun özünü rəhbərə təqdim eləməsi idi, elədi də. Sürətlə qalxdı, deputat oldu, Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinə üzv oldu, akademik oldu, hələ də missiyası heç kimə məlum olmayan Atatürk Mərkəzində rəhbər oldu. Milli Məclisdə komitə sədri oldu. Özü də mədəniyyət komitəsinin. O mədəniyyətlə (çox xırdalamayaq).

İndi də durub deyir ki, yazıçı küçədə kitabını satmamalıdır. Bir yandan baxanda düz deyir; ədəbiyyatın cəmiyyətlə, hətta dünya cəmiyyəti ilə əlaqəsi yaransa, çap olunan kitab gedib oxucusuna çatsa, yazıçının özünün küçədə kitab satmağına ehtiyac qalmayacaq. Ancaq hələ ki o imkanlar yaradılmayıb. Hələ ki yeni mədəniyyət konsepsiyası da təzəcə təsdiq olunub, sadəcə, çox gözəl bir kağızdır. Bu konsepsiya işə düşənə qədər, ədəbiyyatın ticarət zənciri yaranana qədər Kəramət Böyükçöl nə etməlidir?! Hava ilə yaşamalıdır. Hərçənd o açıq hava da indi, deyəsən, ona çox görülür. Kitabxanaları bağlayıb, yerində kababxana açan maksimalist zehniyyəti yazıçının fizioloji minimumu çətin ki düşündürür.

Bir zamanlar metroda, küçədə, meydanda qəzet satışını qadağan edib, sonra dedilər ki, qəzet alan qalmayıb. Halbuki indi metroda əvvəlkindən çox basabas var, nəinki mərkəzi küçələr, hətta "yataq" rayonları da adamlarla dolub-daşır. Oxucudan qəzeti gizlədəndə, əlbəttə, qəzet alan da olmayacaq. İstəsə də ala bilməyəcək. Metroda oxucu yenə var, həm də əvvəlkindın çox var, ancaq orda artıq qəzet yoxdur.

Nə?! Qəzet köşkləri?!

Güldürməyin məni, siz Allah! O köşklətdə çoxdandır ki, qəzetdən başqa hər şey satıldığını özünüz də bilirsiniz axı.

Bir sözlə, küçələrdən ticarəti yığışdırmışdıq, sonra siyasəti də yığışdırdıq (daha mitinqin izi-tozu da yoxdur!). Küçədə təkcə mədəniyyət qalmışdı (yəni mədəniyyətin fraqmentləri: kitab, küçə musiqisi və sair), onu da yığışdıraq, yığaq Kəramət Böyükçölün avtobusuna, göndərək Ceyrançölə. Ya da ən yaxşı halda Mil, Muğan düzlərinə. Tam olsun.

Odur ki, Mədəniyyət Komitəsinin keçmiş sədri Nizami Cəfərov düz deyir. Mədəniyyətin şəhərdə nə işi var?! Getsin, dağlara dırmaşsın, düzəngahda sürünsün, meşələrdə veyillənsin, dərələrdə gicəllənsin, bircə şəhərin mərkəzinə gəlməsin. Ərəblərə göstərməyə "bədəniyyət", bir də gödəniyyət lazımdı, o da, həmd olsun ki, var. Orda kitaba yer yoxdur, atam.

O mədəniyyət dediyin şey Elmlər Akadeiyası parkına heç gəlməsin. Elm olan yerdə, Akademiyanın həndəvərində heç kitab satarlar?! Hələ yanında üç dənə ali məktəb varsa, aman-aman!

Dağıl, a dünya, dağıl!

Necə ki dağılırsan...

Bahəddin Həzi,

bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
73
bizimyol.info

1Источники