RU

Aqşin Fatehin restoranı bağlanır: Cinayət tərkibi var

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən “By Fateh” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi ilə bağlı ciddi pozuntular aşkarlanıb.

Agentliyin yaydığı məlumata görə, obyekt qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib, emal sahələrində havalandırma sistemi quraşdırılmayıb, xammal ət məhsullarına dair müşayiətedici sənədlər təqdim olunmayıb. Eyni zamanda, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi, satış üçün nəzərdə tutulmuş, aşkar saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilərin aşkarlandığı bildirilib.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulların dövriyyəsinin qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, nümunələr laborator müayinəyə göndərilib.

Qeyd edək ki, yayılan məlumatlara görə, sözügedən “By Fateh” restoranının meyxanaçı Aqşin Fatehə məxsus olduğu bildirilir.

Maraqlıdır, bu nöqsanlar restoranın fəaliyyətinin dayandırılması üçün səbəb ola bilərmi? 

“Cebheinfo.az”a açıqlamasında qida eksperti Ağa Salamov bildirib ki,  burada söhbət təkcə müşayiətedici sənədlərin olmamasından və qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməkdən getmir.

O əlavə edib ki, bu, inzibati yox, birbaşa cinayət tərkibli əməldir:

“Burada yoxlama zamanı  saxtalaşdırılma əlamətləri olan “Chivas” əmtəə nişanlı alkoqollu içkilərin aşkarlanması vəziyyəti daha da ağırlaşdırır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əldə olunan sübutlar əsasında həmin məhsullardan şahid nümunələr götürülərək laborator müayinəyə təqdim edilib. Bu, obyektin fəaliyyətinin dayandırılmasına əsas verir. Bu, birbaşa cinayət tərkiblidir. Çünki alkoqollu içkilərin saxtalaşdırılması birbaşa cinayət məsuliyyəti yaradır. Düşünürəm ki, belə adamlar inzibati cəza ilə canını qurtarmamalıdır. 

Çünki burada təkcə istehlakçının aldadılması deyil, saxtalaşdırılmış alkoqollu içkilər ilə insan sağlamlığına ciddi təhlükə də var. Bu kimi hallar zəhərlənməyə, hətta ölüm hallarına səbəb ola bilər. Yəni burada birbaşa saxtalarlıqdan söhbət gedir. Qida məhsullarının düzgün saxlanılmaması kimi hallarda maarifləndirmə işləri aparıb və xəbərdarlıq tədbirləri görülüb nəsə etmək olar. Amma qəsdən saxtalaşdırma artıq cinayət məsuliyyəti yaradır. Çox güman ki, burada güc strukturları, hüquq-mühafizə orqanları da fəaliyyətə keçəcək. Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi də özü addımlar ata bilər”.

Ağa Salamov vurğulayıb ki, belə hallarda sahibkarların fəaliyyəti birmənalı olaraq dayandırılmalıdır:

“Ümumiyyətlə, obyektin havalandırmasının olmaması eyni zamanda əməyin mühafizəsi qaydalarının pozulması deməkdir. Belə şəraitdə çalışan işçilərdə baş ağrısı, halsızlıq müşahidə olunur. Uyğunsuz bir şəraitdə işləmək isə əməyin mühafizəsi tələblərinin pozulmasına gətirib çıxarır. Bu məsələyə əmək və əhalinin sosial müdafiəsi sahəsi üzrə də qiymət verilməlidir.

Amma qida təhlükəsizliyi baxımından da ciddi problemlər mövcuddur. Havalandırma sistemi olmayan məkanda qida məhsulları bir-birinin qoxusunu çəkməsi və hopması baş verir. Qida məhsulları düzgün şərtlər altında, müvafiq şəraitdə saxlanılmalıdır. Havalandırmanın olmaması soyuducuların da normal fəaliyyətinə mane olur və nəticədə çirklənmə halları başlayır. Bu isə xüsusilə riskli qida məhsullarında mikrobioloji çirklənməyə səbəb olur.

Bu kimi sahibkarların fəaliyyəti birmənalı olaraq dayandırılmalıdır. Çünki bu cür nöqsanlara qarşı çox ciddi addımlar atılmalıdır. Sağolsun Qida Təhlükəsizliyi Agentliyi bu işlərlə bağlı fəal və ardıcıl iş aparır. Maariflənmək istəyən sahibkarlar maariflənirlər, maariflənmək istəməyənlər isə agentliyin sərt addımları ilə üz-üzə qalırlar. Nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəzalar tətbiq olunur”.

Qida eksperti bildirib ki, bu gün bir çox ictimai iaşə müəssisələrində belə siyahılar tərtib edilmir və məhsulların izlənməsi düzgün aparılmır:

“Burada artıq yararlılıq müddəti bitmiş, son istifadə tarixi keçmiş məhsullardan söhbət gedir. Bu şəxs necə sahibkardır ki, heç olmasa bir dəfə də olsun işçilərinə tapşırıq vermir ki, müəssisəyə daxil olan məhsulların etiketləri mütəmadi olaraq yoxlanılsın və FIFO (first in, first out - ilk daxil olan, ilk istifadə olunan) sisteminə riayət edilsin?

Mütləq şəkildə son istifadə tarixi üzrə siyahılar olmalıdır, yəni anbarda və stokda olan məhsulların adı, miqdarı, çəkisi (kiloqram, litr və ya ədədlə olan mallar), buraxılış və son istifadə tarixləri cədvəllərdə qeyd edilməli və daim nəzarətdə saxlanılmalıdır. Çox güman ki, bu gün bir çox ictimai iaşə müəssisələrində belə son istifadə tarixi siyahıları tərtib edilmir və izləməni apara bilmirlər. Ona görə də qida təhlükəsizliyi tələbləri kobud şəkildə pozulur. Nəticədə səriştəsiz sahibkarların gördüyü kor işlərə görə əziyyət çəkən yenə də istehlakçılar olur”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
69
1
cebheinfo.az

2Источники