RU

Mənim seçimim Müzəffər Ali Baş Komandan – İlham Əliyev



Qalib Xalqın Qalib Lideri və Suveren Azərbaycanın Yeni Tarixi 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkiləri müasir dövlətçilik tariximizin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qaldı. Bu seçkilər yalnız növbəti siyasi proses deyil, suverenliyin tam bərpa olunmasının, milli iradənin təntənəsinin və Zəfər ideologiyasının rəsmiləşdirilməsi idi. Azərbaycan xalqının cənab İlham Əliyevə 92,05 faiz səslə göstərdiyi etimad, son 20 ildən artıq dövrdə həyata keçirilən məqsədyönlü, ardıcıl və milli maraqlara əsaslanan siyasətin məntiqi nəticəsi oldu.
Bu qələbə xalqın öz Liderinə sarsılmaz inamının, görülən işlərə, qazanılan tarixi nailiyyətlərə verilən yüksək dəyərin ifadəsidir.
Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin ideoloji, siyasi və institusional əsaslarını formalaşdıran nadir tarixi şəxsiyyətdir. O, müstəqil Azərbaycanı möhkəm təməllər üzərində quraraq, bu dövləti gələcəyə aparacaq layiqli davamçıya – İlham Əliyevə etibar etdi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Ulu Öndərin siyasi xəttinə sədaqətini yalnız bəyanatlarla deyil, konkret əməli addımlarla sübut etdi. Dövlətçilik, ordu quruculuğu, iqtisadi müstəqillik, milli maraqlara əsaslanan xarici siyasət bu xəttin əsas dayaqları oldu. Azərbaycan 21 il ərzində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəldi və regionun aparıcı dövlətinə çevrildi.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk günlərdə bəyan etmişdi ki, hər bir vətəndaşın Prezidenti olacaq, işğalla heç vaxt barışmayacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bu fikirlər o zaman bəziləri üçün iddialı səslənsə də, tarix göstərdi ki, bu, strateji baxışın və qəti siyasi iradənin ifadəsi idi.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri bu vədlərin zirvə nöqtəsi oldu. Güclü ordu, möhkəm iqtisadiyyat, peşəkar diplomatiya və xalq-Lider birliyi Qələbəni labüd etdi. Ulu Öndərin “Qarabağ Azərbaycandır!” ideyası Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi reallığa çevrildi.
Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının tarixi uğuru kimi qiymətləndirilir. Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bu qələbənin beynəlxalq və sivilizasiya miqyasını təsdiqləyir. Bu Zəfər XXI əsrin müharibə modelini formalaşdırdı və Azərbaycan hərb təcrübəsi bu gün dünyanın aparıcı ölkələrində öyrənilir.
Müasir Azərbaycan təkcə hərbi-siyasi uğurları ilə deyil, qlobal enerji və nəqliyyat layihələrinin mərkəzində dayanması ilə də seçilir. Bakı–Tbilisi–Qars dəmir yolu, dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi, Avropanın enerji təhlükəsizliyinə verilən töhfə Azərbaycanın artan geosiyasi rolunun göstəricisidir.
Bu layihələr regionları, xalqları və iqtisadiyyatları birləşdirir və hamısının arxasında Prezident İlham Əliyevin strateji düşüncəsi, qətiyyətli siyasi iradəsi dayanır.
7 fevral 2024-cü il prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirildi. Şuşada, Laçında, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda və digər şəhər və kəndlərdə seçki məntəqələrinin yaradılması suverenliyin praktiki təsdiqi oldu.
Prezident İlham Əliyevin Xankəndidə səs verməsi isə dərin siyasi və tarixi məna daşıyan mesaj idi. Bu, Azərbaycanın ərazi bütövlüyünün dönməzliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan xalqı bu seçkidə yalnız Prezident seçmədi, öz gələcək yolunu bir daha təsdiqlədi. Xalq bir daha sübut etdi ki, İlham Əliyevin alternativi yoxdur. O, müstəqil siyasət yürüdən, milli maraqları hər şeydən üstün tutan, xalqını arxasınca aparmağı bacaran güclü Liderdir.
Bu gün Azərbaycan xalqı Prezidentini haqlı olaraq Müzəffər Ali Baş Komandan adlandırır və onunla qürur duyur. Çünki bu Lider ölkəsini qalib dövlətə, xalqını qalib xalqa çevirmişdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.



Избранный
69
aia.az

1Источники