RU

Məhkəmə arvadına uşaqlarının gözü qarşısında əzab verən şəxsin cəzasını azaltdı

Şirvan Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Nadir Namazovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu prosesdə qərar elan olunub.


Qərara əsasən, təqsirləndirilən şəxsin və müdafiçəçisinin apellyasiya şikayəti və ona əlavə təmin edilməyib, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub, Masallı Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Nadir Namazovun 2 müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti ağırlaşdırılaraq 3 il cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1 və 5.2.3-cü bəndləri tətbiq edilib və onun barəsində təyin edilmiş 3 il azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılaraq üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Nadir Namazov rəsmi nikahda olduğu arvadı, zərərçəkmiş Mahirə Namazova (adı, soyadı şərtidir) ilə 2007-ci ildə ailə həyatı qurub. O, birlikdə yaşadığı müddət ərzində qadına qarşı mütəmadi olaraq fiziki və psixoloji zorakılıq edib. Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda həyat yoldaşını döyərək və digər zorakı hərəkətlər etməklə zərərçəkmiş şəxsə güclü fiziki ağrı və psixi iztirablar yaşadıb.


İttihama görə, Nazdir 2020-ci ildə birlikdə yaşadıqları Masallı rayonu ərazisində yerləşən mənzillərimdə Mahirəyə məxsus daşınmaz əmlakların onun adına keçirilməməsini bəhanə edib. Təqsirləndirilən şəxs azyaşlı övladlarının gözü qarşısında zərərçəkmiş şəxsin baş və alın nahiyələrinə yumruq zərbələri endirib. Nəticədə qadın alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti alıb.


Bununla kifayətlənməyən təqsirləndirilən şəxs 2021-ci ildə mənzillərində növbəti zorakı hərəkətlərə yol verib. Belə ki, yenə də Mahirəyə məxsus daşınmaz əmlakların onun adına keçirilməməsini bəhanə edərək şüşə qabı qəsdən zərərçəkmiş şəxsə tərəf atıb. Şüşə qabın dəyməsi nəticəsində qadının sağ əlin I barmağının əsas falanqa nahiyəsinin kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti alıb.


İstintaq materialları ilə müəyyən edilib ki, Nadir sonrakı dövrlərdə də müxtəlif tarixlərdə və ünvanlarda zərərçəkmiş şəxsə qarşı zorakı davranışlarını davam etdirib. O, arvadını tək olduğu zamanlarda, ailə üzvlərinin və digər şəxslərin yanında mütəmadi olaraq təhqir edib, söyüşlər söyərək psixi iztirablar verib. Eyni zamanda barmaqlarını geri qatlayıb sıxmaqla, bədənini çimdikləməklə, saçlarını dartaraq yolmaqla, yumruq və təpik zərbələri endirməklə, ayaqlarını tapdalamaqla fiziki zorakılıq tətbiq edib.


Sonuncu dəfə isə 2024-cü ildə mənzillərində Nadir zərərçəkmiş şəxsin çox pul qazanmasını, lakin ailəyə az vəsait verməsini bəhanə edərək azyaşlı övladının gözü qarşısında Mahirəni yumruq və təpik zərbələri ilə döyüb, onu itələyərək yerə yıxıb. Nəticədə zərərçəkmiş şəxs sol dirsək, sağ və sol diz oynaqları nahiyələrinin yumşaq toxumalarının əzilməsi və geniş qançırlar, həmçinin sağ saidin yuxarı 1/3 hissəsinin sıyrığı kimi bədən xəsarətləri alıb. Bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib.


Məhkəmə hesab edib ki, Nadir arvadına qarşı Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində nəzərdə tutulan ağır nəticələrə səbəb olmayan, lakin mütəmadi döymə və işgəncə vermə xarakteri daşıyan hərəkətlər törədib.


Masallı Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Nadir Namazovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.


Kamal Məmmədov 

Tarix: 6 Fevral 2026, 08:37   
Избранный
71
pravda.az

1Источники