RU

Müəllimi güllələyən şagirdə HANSI CƏZA veriləcək – Günahkar kimdir?

Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş vermiş silahlı insident cəmiyyət üçün ciddi təhlükə siqnalı olmaqla yanaşı, tərbiyə, nəzarət, psixoloji dəstək və sosial məsuliyyət sahəsində mövcud olan boşluqları bir daha üzə çıxardı. Məktəb mühitində bir şagirdin odlu silahla müəllimə xəsarət yetirməsi təkcə fərdi aqressiya nümunəsi deyil, uzun müddət yığılıb qalmış problemlərin nəticəsidir. Bu hadisə göstərdi ki, uşaqların inkişafında ailə, məktəb, media və dövlət institutları arasında əlaqə zəiflədikdə, təhlükəli nəticələr qaçılmaz olur.

Hadisənin hüquqi tərəfinə baxdıqda, məsuliyyət yalnız şagirdin üzərində qalmır. Əgər şagirdin yaşı cinayət məsuliyyəti həddinə uyğundursa, o, törətdiyi əmələ görə qanun qarşısında cavab verəcək. Lakin silahın atasına məxsus olması valideynin ciddi məsuliyyət daşıdığını göstərir. Təhlükəli əşyaların ev şəraitində nəzarətsiz saxlanılması, uşağın onlara çıxış əldə etməsi ailədaxili məsuliyyətsizliyin bariz nümunəsidir. Bununla yanaşı, məktəbdə təhlükəsizlik mexanizmlərinin zəif olması, giriş-çıxışa lazımi nəzarətin edilməməsi və şagirdlərin psixoloji vəziyyətinin düzgün izlənilməməsi də hadisənin baş verməsində rol oynayıb.

Elçin Bayramlı

NOCOMMENT.az-a məsələni şərh edən sosioloq Elçin Bayramlı bildirir ki, bu tip hadisələr cəmiyyətin ümumi sosial durumunun güzgüsüdür.

Onun fikrincə, son illər ailə institutunun zəifləməsi, valideynlərin maddi problemlər və gündəlik qayğılar səbəbindən övladlarına kifayət qədər vaxt ayıra bilməməsi uşaqları mənəvi boşluqda qoyur. Bu boşluq isə çox vaxt sosial şəbəkələr və virtual mühit tərəfindən doldurulur.

Sosioloq qeyd edir ki, həmin platformalarda zorakılıq, aqressiya və məsuliyyətsiz davranışlar adi hal kimi təqdim olunur və yeniyetmələr bunu normal qəbul etməyə başlayırlar:

“Bir çox valideyn uşağın yalnız dərslərinə və maddi təminatına diqqət yetirir, onun daxili dünyasını, qorxularını, narahatlıqlarını və psixoloji vəziyyətini isə nəzərə almır. Nəticədə uşaq özünü ailədə və cəmiyyətdə tək hiss edir. Bu təkliyə düşən yeniyetmə emosiyalarını idarə edə bilmir və aqressiv davranışlara meyllənir. Məktəblərdə sosial adaptasiya proqramları zəifdir, şagirdlərin bir-biri ilə münasibətləri, bullinq halları və təzyiqlər lazımi səviyyədə araşdırılmır. Bu isə risk qrupuna daxil olan uşaqların vaxtında müəyyən edilməsinə mane olur. Cəmiyyət olaraq biz uşaqlardan ideal davranış gözləyir, lakin onların formalaşması üçün lazımi sosial mühit yaratmırıq. Media da çox zaman zorakılığı sensasiya kimi təqdim edir, bunun mənəvi fəsadları haqqında isə az danışır. Elçin Bayramlı hesab edir ki, bu problemlərin həlli üçün ailə-məktəb-media üçbucağı gücləndirilməli, uşaqlarla bağlı vahid sosial strategiya hazırlanmalıdır”.

Natiq Ələsgərov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov bildirir ki, belə hadisələrdə cəzanın müəyyən edilməsi bir neçə hüquqi meyar əsasında aparılır.

Onun sözlərinə görə, ilk növbədə şagirdin yaşı, psixoloji durumu və törətdiyi əməli dərk edib-etməməsi araşdırılır:

“Əgər o, cinayət məsuliyyəti yaşına çatıbsa və hadisəni şüurlu şəkildə törədibsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunur.

Müəllimə odlu silahla xəsarət yetirilməsi “qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma” və “silahdan istifadə etməklə xuliqanlıq” kimi tövsif edilə bilər. Əgər ekspertiza nəticəsində xəsarətin ağır və ya həyat üçün təhlükəli olduğu müəyyən olunarsa, bu halda Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, təqsirli şəxs 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Xəsarət az ağır hesab edilərsə, 3 ildən 8 ilədək həbs cəzası tətbiq oluna bilər. Hadisə xuliqanlıq niyyəti ilə və silahdan istifadə olunmaqla törədilibsə, əlavə olaraq 221-ci maddə də tətbiq edilə bilər ki, bu da 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər”.

Natiq Ələsgərov vurğulayır ki, əgər şagird yetkinlik yaşına çatmayıbsa, ona qarşı xüsusi qaydalar tətbiq olunur:

“Yetkinlik yaşına çatmayanlar üçün məhkəmə əsasən cəzanın yüngülləşdirilməsi prinsipinə əməl edir və müəyyən hallarda həbs əvəzinə islah-tərbiyə tədbirləri, xüsusi təhsil müəssisələrinə yerləşdirmə və ya nəzarət tədbirləri seçilə bilər. Lakin törədilən əməl ağır cinayət hesab edilərsə, yetkinlik yaşına çatmayan şəxs də müəyyən müddətə azadlıqdan məhrum edilə bilər. Silahın atasına məxsus olması valideyn üçün də hüquqi məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, odlu silahlar xüsusi seyflərdə, kilidli və təhlükəsiz şəraitdə saxlanılmalıdır. Bu tələblərin pozulması inzibati məsuliyyətlə yanaşı, ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti də yarada bilər. Belə hallarda valideynə qarşı “silahın saxlanma qaydalarının pozulması” maddəsi ilə cərimə, hüquqların məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

Natiq Ələsgərovun fikrincə, məktəbin məsuliyyəti də istisna edilmir:

“Əgər istintaq zamanı məlum olsa ki, təhsil müəssisəsində təhlükəsizlik tədbirləri kifayət qədər olmayıb, giriş-çıxışa nəzarət zəif olub və ya rəhbərlik riskləri bilərəkdən nəzərə almayıb, bu halda məktəb rəhbərliyi inzibati məsuliyyətə cəlb oluna və müəyyən hallarda vəzifədən uzaqlaşdırıla bilər”.

Tunar

NOCOMMENT.az

Избранный
77
nocomment.az

1Источники