RU

Dünyanı məhvə sürükləyən təhlükə: ABŞ-Rusiya-Çin nədə razılığa gələ bilmir

Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (START)  faktiki dağılması qlobal təhlükəsizlik arxitekturasında ən kritik dönüş nöqtələrindən biri hesab olunmaqdadır. Soyuq Müharibənin sonundan bəri ABŞ və Rusiya arasında strateji sabitliyin əsas sütunlarından biri sayılan silah nəzarəti mexanizmləri ilk dəfə olaraq tam iflas riski ilə üz-üzədir.

Silah nəzarətinin son qalası niyə dağıldı?
2010-cu ildə imzalanmış Yeni Strateji Silahların Azaldılması Müqaviləsi ABŞ və Rusiyanın uzun mənzilli nüvə başlıqları və daşıyıcı sistemləri üzərində limitlər qoyan son böyük saziş idi. Bu sənəd yalnız silahların sayını məhdudlaşdırmırdı, amma qarşılıqlı yoxlama, şəffaflıq və inam mexanizmlərini təmin edirdi.
Müqavilənin başa çatması ilə bu mexanizmlər də faktiki olaraq yox olur. Bu isə strateji səhv hesablamalar, yanlış siqnallar və təsadüfi eskalasiya riskini kəskin artırır.

ABŞ-Rusiya ziddiyyətinin mərkəzində Çin faktoru
Vaşinqtonun müqaviləni uzatmaqdan çəkinməsinin əsas səbəbi Pekinin nüvə arsenalının sürətli artımıdır. Çinin nüvə arsenalının sürətli artım tendensiyası isə Vaşinqtonda narahatlıq yaradır.
ABŞ rəhbərliyi hesab edir ki, 21-ci əsrdə nüvə silahlarına nəzarət yalnız üçtərəfli formatda mümkün ola bilər.

ABŞ prezidenti Donald Trampın açıqlamaları Vaşinqtonun mövqeyini daha aydın göstərir. Tramp “Yeni START” sazişini ABŞ üçün “zəif danışıqlar nəticəsində əldə olunmuş köhnə müqavilə” kimi qiymətləndirərək onun sadəcə uzadılmasına qarşı çıxır.
Onun fikrincə, ABŞ artıq köhnə model razılaşmalarla kifayətlənməməli, daha uzunmüddətli, modern və geniş tərkibli yeni nüvə sazişi hazırlamalıdır. Tramp xüsusilə vurğulayır ki, XXI əsrdə real silah nəzarəti yalnız Rusiya ilə deyil, Çinin də daxil olduğu formatda mümkün ola bilər.
Bu yanaşma Vaşinqtonun strateji baxışında mühüm dəyişiklik deməkdir: ABŞ artıq nüvə balansını ikiqütblü deyil, üçqütblü sistem kimi görür.
Beləliklə, nüvə nəzarəti mexanizmləri ikiqütblü sistemdən üçqütblü sistemə keçidin qurbanına çevrilir. 

Pekinin arqumentləri: Çin niyə prosesə qoşulmaqdan imtina edir?
Çin isə ABŞ-ın bu çağırışlarını “ədalətsiz və əsassız” hesab edir. Pekinin əsas arqumentləri bunlardır:
Çin bəyan edir ki, onun nüvə arsenalı ABŞ və Rusiya ilə müqayisədə xeyli kiçikdir. Bu səbəbdən Pekin eyni səviyyədə öhdəlik götürməyin qeyri-bərabər olacağını düşünür.
Pekin hesab edir ki, qlobal nüvə silahlarının böyük əksəriyyəti ABŞ və Rusiyaya məxsusdur. Buna görə də ilk növbədə məhz bu iki dövlət daha böyük azalma öhdəlikləri götürməlidir.
Çin ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu və raket müdafiə sistemlərini əsas risk kimi göstərir. Pekin bu şəraitdə nüvə məhdudiyyətlərinə getməyin təhlükəsizlik balansını poza biləcəyini düşünür.

Üçtərəfli çıxılmaz vəziyyət
Beləliklə, mövcud böhran strateji paradoks yaradır: ABŞ Çin olmadan müqavilə istəmir, Çin isə ABŞ və Rusiya azalmadan prosesə qoşulmur. Rusiya tərəfi isə çoxtərəfli formatı mümkün sayır, amma ABŞ-dan cavab gözləyir
Bu qarşılıqlı şərtlər qlobal nüvə nəzarəti prosesini faktiki olaraq dalana dirəyir və yeni silahlanma yarışının risklərini daha da artırır.

“İdarə olunan tarazlıqdan” “nəzarətsiz oyuna”
Ekspertlərin ən böyük narahatlığı müqavilənin bitməsi ilə strateji şəffaflığın yox olmasıdır.
Bu nə deməkdir? Qarşılıqlı yoxlamalar dayanır, raket yerləşdirmə və modernləşdirmə gizliləşir, tərəflər rəqibin real imkanlarını dəqiq qiymətləndirə bilmir
Nəticədə təhlükəsizlik dilemması dərinləşir: tərəflər özlərini qorumaq üçün daha çox silah istehsal edir, bu isə rəqibi daha da silahlanmağa məcbur edir. Klassik silahlanma spiralı yenidən işə düşür.

Avropa niyə ən böyük risk zonasıdır?
Yeni müqavilənin  imzalanmaması Avropanı birbaşa risk zonasına çevirir. Bunun səbəbi isə ABŞ nüvə silahlarının Avropada yerləşdirilməsi, NATO-Rusiya qarşıdurmasının coğrafiyası, qısa və orta mənzilli raketlərin yenidən gündəmə qayıtmasıdır.
Soyuq Müharibə dövründə olduğu kimi, Avropa yenidən nüvə qarşıdurmasının potensial meydanına çevrilə bilər.

Yeni silahlanma yarışının başlanğıcı
Mövcud rəqəmlər vəziyyətin miqyasını göstərir: Rusiyanın təqribən 5459, ABŞ-ın 5177 nüvə başlığı var. Çinin 600-dən çox və  bu sürətlə artır.
Müqavilə olmadıqda bu rəqəmlərin artması üçün heç bir hüquqi maneə qalmır. Bu isə yalnız sayın deyil, həm də texnologiyanın sürətlə modernləşdirilməsi deməkdir: hipersəs raketləri, kosmik silahlar, süni intellekt əsaslı sistemlər.

Diplomatiya hələ mümkündürmü?
Paradoks ondan ibarətdir ki, həm Moskva, həm də Vaşinqton yeni müqavilənin mümkünlüyünü tam inkar etmir. Lakin tərəflər artıq köhnə formatın bitdiyini qəbul edir. Yeni sistem daha geniş coğrafiyanı, daha çox nüvə dövlətini, yeni texnologiyaları əhatə etməlidir.
Yeni müqavilənin imzalanmaması yalnız bir müqavilənin bitməsi deyil. Bu, bütün silah nəzarəti erasının sonu kimi qiymətləndirilə bilər.

Dünya artıq “idarə olunan nüvə tarazlığı” mərhələsindən çıxaraq qeyri-müəyyən və riskli yeni təhlükəsizlik reallığına daxil olur. Əgər yaxın illərdə yeni çoxtərəfli mexanizm yaradılmasa, XXI əsr tarixə yeni nüvə silahlanma yarışı dövrü kimi düşə bilər.

 Mürtəza

Избранный
35
1
olke.az

2Источники