RU

START 4 imzalanacaqmı?

ABŞ ilə Rusiya arasında nüvə silahlarına nəzarət üzrə müqavilənin müddətinin  cari il fevralın 5-də bitməsindən sonra beynəlxalq ictimaiyyətin nəzərləri Ağ Evə və Kremlə dikilmişdi. Hamını bir sual düşündürürdü: Müqavilənin müddəti uzadılacaqmı və yaxud oxşar məzmunlu yeni sənəd imzalanacaqmı?

Yaşanan narahatlıq əbəs deyil. Dünya üzrə nüvə arsenalının təxminən 90 faizi bu iki ölkənin əlində cəmləşib. Nüvə silahlarına nəzarət mexanizminin olmaması supergüc nüvə dövlətlərinin nüvə silahlanmasında heç bir məhdudiyyət tanımamaları anlamına gəlir ki, bu da digər dövlətlər və bütövlükdə bəşəriyyət üçün çox ciddi təhdid deməkdir.

Ağ Evdən yeni START müqaviləsi anonsu

Nüvə silahlarına nəzarət üzrə müqavilə ətrafında Moskva ilə Vaşinqton arasında qalmaqal Rusiya-Ukrayna müharibəsi fonunda yaranıb. 2022-ci ilin avqustunda Kreml ABŞ-ın Ukraynaya dəstəyini əsas gətirməklə özünün hərbi nüvə obyektlərində inspeksiya səfərlərinin keçirilməsi ilə bağlı qarşı tərəfin müraciətini rədd edib. 2023-cü il fevralın 28-də Rusiya Prezidenti Vladimir Putin Strateji Hücum Silahları haqqında müqavilənin qüvvəsinin 2026-cı il fevralın 5-dən dayandırılması barədə fərman imzalayıb. Keçən ilin sentyabrında Putin New START müqaviləsi üzrə yerləşdirilmiş raketlərin məhdudiyyətini daha 1 il uzatmağı təklif edib. Lakin ABŞ-dan rəsmi cavab alınmayıb. Bu ilin yanvarında isə Prezident Donald Tramp müqavilənin müddətinin bitməsi ilə bağlı suala “Əgər bitirsə, bitir. Biz daha yaxşı razılaşma edəcəyik”, - deyə cavab verib.

Bu günlərdə isə  Vaşinqtondan yeni START müqaviləsi anonsu gəlib. Belə ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib ABŞ administrasiyası yeni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini əvəz edəcək saziş hazırlamaq üçün Rusiya ilə danışıqları davam etdirməyi planlaşdırır.

“Prezident (ABŞ Prezidenti Donald Tramp) nüvə silahları üzrə mütəxəssislərimizin uzun müddət davam edəcək yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməsini istəyir. ABŞ məhz bunun Rusiya ilə müzakirəsini davam etdirəcək”, - deyə Ağ Ev rəsmisi bildirib.

Daha əvvəl Tramp qeyd edib ki, ABŞ yeni Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin müəyyən müddəalarını qüvvədə saxlamamalı, əksinə, bu sahədəki tərəfdaşları ilə yeni müqavilə hazırlamalıdır.

İndiyədək Ağ Evdən yeni müqavilənin detalları barədə müəyyən siqnallar da ötürülüb. Vaşinqton Çinin də müqaviləyə qoşulması mövqeyindən çıxış edir. Ağ Evin mətbuata sızan əsaslandırması ondan ibarətdir ki, START müqaviləsi onun tərəfləri olan ABŞ və Rusiyaya müəyyən məhdudiyyətlər qoyur. Çinin üzərində isə belə məhdudiyyətlər yoxdur və bu ölkə nüvə arsenalını sərbəst şəkildə artırır. Hazırda Çinin 500-600 aralığında nüvə başlığının olduğu bildirilir. Proqnozlara görə, istehsal tempi bu sürətlə irəliləsə, Çin 2030-cu ilə qədər arsenalını 1500 başlıq səviyyəsinə çatdıra bilər.

Xatırladaq ki, Moskva ilə Vaşinqton arasında nüvə silahlarına nəzarət üzrə birinci saziş 1991-ci ilin 31 iyulunda SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla ABŞ-ın ovaxtkı prezidenti Corc Buş (ata) arasında imzalanıb. Bundan sonra məlum hadisələr baş verdi və keçmiş ittifaq dövləti tarixə qovuşdu. Lakin nüvə silahlarına nəzarət məsələsi aktuallığını saxlayırdı. SSRİ-nin süqutundan  sonra ölkənin nüvə arsenalı Rusiyanın nəzarətinə keçmişdi. Beləliklə, 1993-cü ilin 3 yanvarında Corc Buş Rusiyanın sabiq  prezidenti Boris Yeltsin ilə oxşar məzmunlu müqaviləni - START 2-ni imzalayıb.

START 2 2010-cu ilə qədər qüvvədə olub. Həmin ildə tərəflər müqavilənin yenilənməsinə ehtiyac yarandığı barədə razılığa gəliblər.  START 3 və yaxud NEW START adlandırılan yeni müqavilə 2010-cu il aprelin 8-də imzalanıb. Bununla da əvvəlki müqavilələr qüvvəsini itirib. Yeni müqavilə 2011-ci ildə qüvvəyə minib və 2021-ci ildə ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra daha 5 il müddətinə uzadılıb.

Razılaşmaya əsasən, Moskva və Vaşinqton 1550-dən çox strateji nüvə başlığı və maksimum 700 uzaq mənzilli raket və bombardmançı təyyarə yerləşdirməyi öhdələrinə götürüblər. START ABŞ və Rusiyanı arsenallarını məhdudlaşdırmağa məcbur edirdi ki, ölkələr həddindən çox qitələrarası ballistik raketlərə, sualtı raketlərə və ağır bombardmançı təyyarələrə, döyüş başlıqlarına malik olmasınlar. Müqavilədə limitlərin keçilməsinə qadağa qoyulub. Sənədlə tərəflərdən hər birinin digər tərəfin strateji nüvə obyektlərində bir ildə 18-ə qədər yoxlama aparmaq hüququ tanınıb.

Özündən sonra kədərli izlər qoyan nüvə sınaqları

Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasına (“ICAN”) görə, hazırda 9 ölkənin nüvə silahı var. Bunlar  Rusiya, ABŞ, Çin, Fransa, Birləşmiş Krallıq, Pakistan, Hindistan, İsrail və Şimali Koreyadır.

Stokholm Sülh Tədqiqatları İnstitutunun (SIPRI) 2024-cü il hesabatına əsasən, ayrı-ayrı nüvə dövlətləri öz nüvə arsenalını modernləşdirməyə davam edir, mövcud silahları təkmilləşdirir və yeni sistemlər üzərində işləyirlər. 2025-ci ilin yanvarına olan məlumata görə, dünyada təxminən 12 min 241 nüvə başlığı var. Onlardan 9614-ü hərbi arsenallarda istifadə üçün hazır vəziyyətdədir. Təxminən 3912 başlıq raketlərə və təyyarələrə yerləşdirilib, qalanları mərkəzi anbarlarda saxlanılır. Həmçinin təxminən 2100 başlıq ballistik raketlər də yüksək döyüş hazırlığı vəziyyətindədir. Mövcud nüvə başlığından 5 500-dən çoxunun Rusiyanın, 5 044-nün isə ABŞ-ın arsenalında olduğu bildirilir.

İndiyədək real hərbi əməliyyatlarda nüvə silahından yalnız 1 dəfə - 1945-ci il avqustun 6-sı və 9-da Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə olunub. ABŞ təyyarələrinin Yaponiyanı sülhə təhrik etməsi üçün bu dəhşətli silahı tətbiq etməsi nəticəsində 300 min insan həlak olub.

Nüvə sınaqlarının əsası da bu dağıdıcı silahın ilk dəfə icad olunduğu ölkədə - ABŞ-da qoyulub. Məhz bu ölkə 1945-ci il iyulun 16-da Nyu-Meksiko ştatının Alamoqoro səhrasında 20 kilotonluq atom bombasının ilk sınağını keçirib.  ABŞ-da son nüvə sınağı isə 23 sentyabr 1992-ci ildə Nevada ştatındakı yeraltı mərkəzdə “Divider” kod adı ilə həyata keçirilib.

Artıq tarixə qovuşmuş Sovet İttifaqı 1949-cu ildən 1991-ci ilə qədər 727 nüvə sınağı keçirib. Rejim dağıldıqdan sonra keçmiş Sovet İttifaqının nüvə arsenalı Rusiyada qalıb. Rəsmi məlumatlara görə, Rusiya 1991-ci ildən indiyədək nüvə partlayış sınağı aparmayıb. SSRİ-nin 1961-ci ildə Novaya Zemlya adalarında sınaqdan keçirdiyi “Çar bombası” indiyədək sınaqdan keçirilən ən güclü nüvə silahı sayılır. Partlayış zamanı təxminən 50 meqaton enerji sərbəst buraxılıb. Bu güc ABŞ-ın Xiroşima və Naqasakiya atdığı bombaların cəmindən 1570 dəfə çox idi. Partlayışın yaratdığı göbələk buludu 70 km hündürlüyə qalxmış, effekt isə 1000 km aralıdakı Finlandiya və Norveçə, hətta Qrenlandiyaya qədər müşahidə edilib.

Polineziyada baş verənlər

Nüvə sınaqlarının fəsadlarından bəhs edərkən Polineziyada baş verənləri xatırlamamaq mümkün deyil. Yelisey Sarayının burada apardığı nüvə sınaqları Fransanın uzun tarixə malik müstəmləkəçilik siyasətinin daha bir eybəcər forması kimi dəyərləndirilir. Məlumdur ki, Fransa ilk atom sınaqlarını 1959-1966-cı illərdə Əlcəzairin cənubunda, Sahara səhrasında reallaşdırıb. Fransanın Əlcəzair üzərində 132 illik qara müstəmləkəçilik tarixi var (1830-1962). Səkkiz il davam edən (1954-1962) qanlı müstəqillik müharibəsindən sonra Əlcəzair Fransa müstəmləkəçiliyindən qurtulmağa nail olub və bundan sonra Yelisey Sarayı nüvə poliqonlarının yerini dəyişmək məcburiyyətində qalıb. Nüvə sınaqları üçün Polineziyanın mərcan adaları - sivilizasiyadan uzaq Fanqataufa və Mururoaya seçilib.

Ümumilikdə,  Paris Fransız Polineziyasında 200-ə yaxın nüvə sınağı keçirib. Əsasən 120 kilotonluq bombalar partladılıb. Fransa hakimiyyəti uzun illər ərzində Polineziyada aparılan sınaqların zərərsiz olduğunu əsaslandırmağa çalışıb. Lakin Amerika və Britaniya alimləri müəyyən ediblər ki, fransızlar sınaqların “zərərsiz” olduğunu iddia edərək ictimaiyyəti aldadıb və radiasiyaya məruz qalma dərəcəsini olduğundan 10 dəfə aşağı qiymətləndiriblər.

Hazıırda polineziyalılar Parisdən atom sınaqları nəticəsində sağlamlıqlarına dəyən ziyana görə milyardlarla dollar təzminat tələb edirlər. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb: 10 min nəfərə bədxassəli şişlərin müalicəsi üçün 800 milyon dollar ayrılıb. Burada da Yelisey Sarayı ayrı-seçkilik etməkdən çəkinməyib. Belə ki, təzminat alanlar əsasən fransızlar olublar, yalnız 63 aborigen sakin təzminat ala bilib ki, bu da Fransa “demokratiyasının, qardaşlığının və bərabərliyinin” gerçək göstəricisidir.

Mübariz FEYİZLİ

Избранный
24
1
yeniazerbaycan.com

2Источники