RU

Azərbaycan romantizminin parlaq siması

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndələrindən biri kimi tanınan Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda anadan olmuşdur. Onun bədii irsi təkcə milli ədəbiyyatın deyil, ümumilikdə Şərq və dünya ədəbiyyatının da dəyərləri sırasında önəmli yer tutur. Dramaturgiyası və poetik yaradıcılığı isə fəlsəfi və bəşəri ideyaların ifadəsi baxımından xüsusi əhəmiyyətə malikdir. 

Böyük şair ibtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu tədris ocağında almışdır. 1899-1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, Gəncədə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn Cavid klassik Şərq ədəbiyyatı ilə Avropa romantizmini sintez edərək milli ədəbiyyatın ideya və forma baxımından zənginləşməsində mühüm rol oynamışdır. Cavidin əsərləri bəşəri idealların, mənəvi-əxlaqi problemlərin və azadlıq ideyasının ədəbi inikası baxımından dəyərlidir.

Ədibin əsərləri əsasən dramatik və poetik janrlardan ibarətdir. Onun "Şeyx Sənan" (1914), "İblis" (1918), "Peyğəmbər" (1922), "Topal Teymur" (1925) kimi dramları təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə türk-müsəlman Şərqində fəlsəfi dramaturgiyanın inkişafına töhfə vermişdir. Əsərlərində insanın mənəvi aləmi, vicdan və ədalət problemi, azadlıq və məsuliyyət anlayışları ön plana çıxarılır. "İblis" dramı müharibə, zorakılıq və insanın daxili ziddiyyətləri kimi universal mövzuların ədəbi-fəlsəfi baxımdan təhlili ilə seçilir. Ümumiyyətlə, ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Hüseyn Cavidin dramaturgiyasında dövrün bəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. O, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.

1937-ci ildə Hüseyn Cavid siyasi repressiyalara məruz qalaraq həbs olunmuşdur. "Pantürkist və antisovet fəaliyyətdə" ittiham edilən ədib 1941-ci ildə Sibirin Tayşet bölgəsində vəfat etmişdir. 1982-ci ildə onun nəşi Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunmuşdur. Sovet dövründə böyük ədibin irsi uzun müddət diqqətdən kənarda qalsa da, müstəqillikdən sonra geniş araşdırılmağa başlanmışdır.

Hüseyn Cavidin yaradıcılığı Azərbaycan ədəbiyyatında romantizm estetikası və fəlsəfi düşüncənin inkişafı baxımından mühüm mərhələ təşkil edir. Onun bəşəri ideallara, milli-mənəvi dəyərlərə və azad düşüncəyə əsaslanan əsərləri müasir dövrdə də aktuallığını qorumaqdadır. Görkəmli ədəbiyyat xadiminin irsinin həm ədəbi-nəzəri, həm də fəlsəfi baxımdan araşdırılması davam edir və milli mədəniyyətin zəngin xəzinəsi kimi dəyərləndirilir. 

Cavidin yaradıcılığı Azərbaycan romantizminin ən yüksək zirvəsidir. Əsasən fəlsəfi-dramatik əsərləri ilə tanınan Cavidin əsərləri təkcə bədii deyil, həm də dərin ideya-fəlsəfi məzmunu ilə seçilir. O, əsərlərində bəşəri ideyaları, azadlıq və ədalət uğrunda mübarizəni, zülmə və cəhalətə qarşı çıxışı ön plana çəkmişdir. Xüsusilə "İblis" dramı insanın iç dünyasındakı ziddiyyətləri, müharibə və şər qüvvələrin mənbəyini dərin şəkildə təhlil edir.

Hüseyn Cavidin yaradıcılığı milli-mənəvi dəyərlərin qorunmasında, maarifçilik və azadlıq ideyalarının yayılmasında böyük rol oynamışdır. O, Azərbaycan dramaturgiyasına fəlsəfi dərinlik, poetik forma və bəşəri ideallar gətirmişdir. Görkəmli ədibin irsi bu gün də Azərbaycan ədəbiyyatında aktualdır.

Ülviyyə QULİYEVA,

Hüseyn Cavidin ev-muzeyinin əməkdaşı

Избранный
10
azerbaijan-news.az

1Источники