RU

ABŞ yıxmağa, Rusiya ayaqda saxlamağa çalışır - İrana qatar və gəmilərlə tonlarla pul göndərildi...



İrandakı rejimi hədəf alan ABŞ-dan fərqli olaraq, Rusiya onu dəstəkləmək üçün əlindən gələni edir. “The Telegraph” qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın ilk prezidentlik dövründə İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra Rusiya gizli şəkildə Tehrana 2,5 milyard dollar nağd pul göndərib.

Rusiyanın dövlətə məxsus “Promsvyazbankı” tərəfindən 2018-ci ildə Tehran hökumətinə göndərilən pul dörd ay ərzində qatar və gəmilərlə İrana daşınıb. Bildirilir ki, hər biri 57 milyon dollardan 115 milyon dollar arasında dəyişən nağd pul köçürmələri ümumilikdə 34 daşınmada həyata keçirilib. Bu çərçivədə Rusiyadan İrana təxminən 5 ton əskinas daşındığı iddia edilir.

Məlumata görə, 13 avqust 2018-ci ildə təxminən 57,3 milyon dollar dəyərində təxminən 110 kiloqram əskinas əvvəlcə qatarla Rusiyanın Həştərxan limanına göndərilib və orada gəmilərə yüklənib. Xəzər dənizi vasitəsilə İranın Əmirabad limanına çatdırılan əskinaslar daha sonra qatarla Tehrana daşınıb.

Trampın sələfi Co Baydenin administrasiyası dövründə İran üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Ariane Tabatabai ödənişlərin İran İnqilab Keşikçilərindən hərbi texnikanın alınması ilə əlaqəli ola biləcəyini deyib: "İlkin təxminim budur ki, bu pul avadanlıq və silahlar, raket sistemləri və ya hərbi komponentlər üçün göndərilib. Hər iki ölkəyə tətbiq edilən geniş sanksiyalar və İranın SWIFT-dən böyük ölçüdə kənarlaşdırılması nəzərə alındıqda, onların nağd puldan istifadə etməsi təəccüblü deyil".

ABŞ-da yerləşən düşüncə mərkəzi olan Vaşinqton İnstitutundan Anna Borşçevskaya deyir ki, Moskva böhran dövründə Tehranı dəstəkləmək üçün "fərqli yollar" tapır: "Moskva rejimin dəstəyə ehtiyacı olduğuna inanır. Rusiya hərbi müdaxilə etməkdən çəkinə bilər, amma rejimi ayaqda saxlamaq üçün edə biləcəkləri bir çox başqa şeylər də var".

Bu arada, ABŞ Maliyyə Naziri Skott Bessent bu yaxınlarda İranda dollar çatışmazlığı yaratdıqlarını bildirib. Bessent bildirib ki, "Xəzinədarlıq Nazirliyi olaraq edə biləcəyimiz və etdiyimiz şey bir ölkədə dollar çatışmazlığı yaratmaqdır".

Bu strategiyanın İrana qarşı tətbiq olunduğunu deyib: "Bu proses dekabr ayında İranın ən böyük banklarından birinin iflası ilə sürətli və dramatik bir zirvəyə çatdı. Banka hücum oldu. Sonra Mərkəzi Bank pul çap etmək məcburiyyətində qaldı və İran valyutası sərbəst şəkildə ucuzlaşdı. İnflyasiya partladı və nəticədə İran xalqını küçələrdə gördük".

TAHİR

Избранный
7
baki-xeber.com

1Источники