RU

Media (necə) idrak etməlidir

Jurnalist fəaliyyəti və uşaqlardan müsahibə barədə Azərbaycan Mətbuat Şurası “İdrak” liseyində baş vermiş insident xüsusunda media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdlərindən açıqlama alma və yayma üsullarını yolverilməz sayıb. Şuranın açıqlamasında bildirilib ki, sözügedən təqdimatlar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir.

Qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”. Bəli, jurnalistlərin cəmiyyətdə təlaş yaratmış hadisə ilə bağlı “İdrak” liseyinin şagirdlərindən açıqlama alıb yayımlamaları, ilk növbədə, uşaqların psixoloji təhlükəsizliyini riskə atır. Müvafiq olaraq o da nəzərə alınmır ki, onların hadisəyə obyektiv qiymət vermək imkanları aşağıdır. Yəni, uşaqlardan götürülmüş müsahibə cəmiyyətin yanlış yönləndirilməsi deməkdir.

“Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nda həmçinin bildirilir ki, “daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır”. Mətbuat Şurası təəssüf hissi ilə bildirib ki, “İdrak” liseyindəki insidentlə bağlı qurumun üzərində dayandığı təqdimatda buna riayət edilmədi.

MŞ-nin açıqlamasında o da vurğulanır ki, “media mənsublarının “İdrak” liseyi şagirdindən aldıqları müsahibə, həmçinin müsahibə zamanı yol verdikləri davranış “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır. Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz”.

Məlum olduğu kimi, jurnalistlər bir çox hallarda ictimai əhəmiyyət anlayışını yanlış interpretasiya edirlər. Nəticədə hər rezonans doğuran mövzu avtomatik olaraq ictimai maraq kontekstinə daşınır. Sensasiya və reytinq yaratmaq istəyi peşəkarlığı ikinci plana atır. Halbuki, əsl jurnalistika hadisənin səbəblərini, institusional məsuliyyəti və faktları üzə çıxarmalı, emosional təsir yaratmağa çalışmamalıdır.

Azərbaycan Mətbuat Şurası açıqlamasında jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa da çağırıb: “Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır”.

Qeyd edək ki, dünya miqyasında da uşaqlardan informasiya alınması ilə bağlı bir sıra normalar mövcuddur. BMT-nin 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası isə uşaqlarla bağlı bütün sahələrdə, o cümlədən mediada əsas beynəlxalq hüquqi baza hesab olunur. Konvensiyasının əsas prinsipinə əsasən uşaqların ali mənafeyi (Best interests of the child) hər cür informasiyanın toplanması və yayımı zamanı birinci yerdə dayanmalıdır. Bu zaman onların şəxsi həyatlarının toxunulmazlığına, psixoloji və mənəvi inkişaflarına zərər verə biləcək hallardan qorunmalarına önəm verilir. Ona görə önəm verilir ki, uşaqlardan alınan məlumat onların təhlükəsizliyini riskə atmasın. Konvensiya, hətta, yetkinlik yaşına çatmayanların danışmaq istəyinin belə, onların bununla əlaqədar hüquqlarını avtomatik olaraq legitimləşdirmədiyini rəhbər tutur.

Digər tərəfdən, UNICEF jurnalistlər üçün ayrıca etik normalar hazırlayıb ki, həmin normalarda uşaqla müsahibənin yalnız valideynin və ya qanuni nümayəndənin razılığı ilə aparılmalı olduğu, habelə uşaqların travmatik hadisə ilə bağlı danışmağa məcbur edilmələrinin yolverilməzliyi, onların kimliklərinin maksimum dərəcədə qorunmalı olduğu, ən başlıcası uşaqların və yetkinlik yaşına çatmayanların hansısa emosional materialın alətinə çevrilməmələri əsaslandırılır. UNICEF-in əsas mesajı isə budur ki, uşağın özünün həyat hekayəsi xəbərin dəyərindən daha önəmlidir.

Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa İttifaqının standartlarına gəlincə, Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, uşaqlar xüsusi müdafiə olunan sosial qrupdur və ifadə azadlığı uşaq hüquqlarını üstələyə bilməz. Ən başlıcası cinayət, zorakılıq, intihar, məktəb insidenti kimi hallarda uşağın identifikasiyası demək olar ki, tam qadağandır. Yeri gəlmişkən, Aİ ölkələrində bu qaydaların pozulması cərimə, lisenziya məhdudiyyəti və hətta məhkəmə məsuliyyəti yaradır.

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) Etik Kodeksində də birbaşa uşaqlarla bağlı maddə yer alır. Sənəddə bildirilir ki, jurnalist uşağın təcrübəsizliyindən və inamından sui-istifadə etməməli, onunla bağlı məlumatlar yalnız ictimai maraq müstəsna olduqda yayıla bilər. Qurum hesab edir ki, sensasiya, reytinq və emosional effekt əsaslandırıcı səbəb sayıla bilməz.

Bundan başqa, BBC, “Reuters”, “Assoşeyted Press” kimi aparıcı media qurumlarının daxili qaydaları da 18 yaşdan aşağı şəxslərdən redaksiya səviyyəsində xüsusi icazə olmadan müsahibə almağı yasaqlayır. Bu media qurumları hansısa travma yaşamış uşaqlarla müsahibəni ya ümumiyyətlə, qadağan edir, ya da bunun üçün psixoloq tövsiyəsi tələb olunur. Video və foto materiallarda üzlərin bulanıqlaşdırılması isə dəyişməz və mübahisəsiz standartdır.

Ə.RÜSTƏMOV
XQ

Избранный
16
1
xalqqazeti.az

2Источники