RU

Türkiyəyə yox deyilmişdi, Azərbaycan önə çıxdı Əliyevdən İranı sevindirən xəbər

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri indiki məqamda diqqət çəkir. Aydın məsələdir ki, səfər heç də təsadüfi deyil. Xüsusi ilə ABŞ-İran danışıqlarının başlandığı zamanda səfərin baş tutması Tehranın gözləntilərinə dair fikir irəli sürməyi asanlaşdırır.

ABŞ–İran danışıqlarının yenidən gündəmə gəldiyi bir vaxtda bu səfərin baş tutması Tehranın paralel şəkildə öz təhlükəsizlik narahatlıqlarını yaxın qonşularla, ilk növbədə Azərbaycanla dəqiqləşdirmək istədiyini göstərir. İran tərəfinin Bakıya müdafiə naziri səviyyəsində nümayəndə heyəti göndərməsi Tehranın Azərbaycan istiqamətinə nə qədər ciddi yanaşdığını göstərir. İran ABŞ-la danışıqlar aparsa belə, bu prosesin nəticələrinə tam etibar etmir və mümkün ssenariləri nəzərdən keçirir. Tehran üçün əsas suallardan biri ondan ibarətdir ki, region ölkələri, xüsusilə də Azərbaycan, mümkün İran–Qərb qarşıdurması fonunda hansı mövqedə dayanacaq. Bu narahatlığın kökündə Bakının son illərdə Təl-Əviv və Vaşinqtonla inkişaf edən münasibətləri dayanır. Ölkənin istər siyasi, istərsə də hərbi dairələrində belə bir ehtimal mövcuddur ki, Qərb İran üzərinə təzyiq və ya hərbi müdaxilə ssenarisində Azərbaycanın coğrafi mövqeyindən istifadə etməyə çalışa bilər.

Lakin rəsmi Bakının mövqeyi tamamilə fərqlidir. Bunu fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dedikləri də təsdiqləyir.

Cənubi Qafqaz nümunəsi və Bakının mesajı

Məsələn, Prezident İlham Əliyev hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu dedi. O cümlədən, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirdi. “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın”, – deyən Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğuladı. Yəni bu, açıq şəkildə Bakının regionda sabitlik tərəfdarı olduğunu, Azərbaycanın İran əleyhinə hər hansı hərbi və ya siyasi avantürada yer almaq niyyətində olmadığını göstərir. Bakı üçün qeyri-sabit və ya müharibəyə sürüklənmiş İran strateji təhlükədir. Belə bir ssenari Azərbaycanın milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir və regionda əldə olunmuş sabitliyi tamamilə alt-üst edə bilər.

Azərbaycanın bu məsələdə əsas narahatlıqlarından biri mümkün qaçqın axınıdır. İran daxilində genişmiqyaslı gərginlik və ya hərbi qarşıdurma baş verərsə, milyonlarla insanın hərəkətə keçməsi real ehtimaldır və bu axının əsas istiqamətlərindən biri məhz Azərbaycan ola bilər. Bakı üçün bu, təkcə humanitar yox, həm də sosial, iqtisadi və təhlükəsizlik baxımından ağır nəticələr doğura biləcək ssenaridir. Məhz buna görə də Azərbaycan öz ərazisinin ABŞ və ya İsrail tərəfindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunması ehtimalına prinsipial şəkildə qarşıdır və bunu açıq şəkildə qəbul olunmaz sayır.

Fikrimcə, Əziz Nəsirzadənin səfəri və tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi də əslində bu qarşılıqlı narahatlıqları azaltmağa xidmət edir. Tehran Bakının niyyətlərini birbaşa eşitmək, Bakı isə öz mövqeyini açıq və şəffaf şəkildə izah etmək imkanı əldə edir.

Azərbaycan üçün yeni imkan

Prezident görüşdə bildirib ki, İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı da Azərbaycanın bölgədə yaranmış vəziyyətdən narahat olduğunu qeyd edib və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. İndiki regional və qlobal konfiqurasiyada Bakı təkcə müşahidəçi deyil, proseslərə təsir edə bilən rasional aktor kimi çıxış etmək imkanına malikdir. İranın ABŞ-la danışıqlar fonunda Türkiyənin vasitəçilik və ya danışıqlar üçün platforma təklifini qəbul etməyərək Oman variantına üstünlük verməsi Tehranın ehtiyatlı davranışını göstərir. Türkiyə regional güc kimi açıq mövqeyə malikdir və NATO üzvüdür, bu isə İrana əlavə geosiyasi risklər yaradır. Oman isə ənənəvi olaraq sakit, balanslı və “görünməz diplomatiya” yürüdən ölkə kimi Tehranın etimadını qazanıb. Lakin bu seçim Azərbaycanın potensial rolunu avtomatik olaraq sıradan çıxarmır. Əksinə, Bakı fərqli, daha çevik və spesifik vasitəçilik modeli təklif edə bilər.

Azərbaycan nə NATO üzvüdür, nə də ABŞ-la müttəfiqlik münasibətindədir. Eyni zamanda İsraillə əməkdaşlığı olsa da, bu münasibətləri İran əleyhinə ideoloji və ya hərbi bloklaşmaya çevirməyib. Prezident İlham Əliyevin qəbul zamanı səsləndirdiyi, – “bölgədə yaranmış vəziyyətdən narahatıq və gərginliyin aradan qaldırılması üçün dəstək verməyə hazırıq”, – fikri, əslində diplomatik baxımdan vasitəçilik üçün açıq qapı saxlayan mesajdır.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники