RU

Hindistanın “çoxvektorlu” siyasətinin görünməyən tərəfi

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Yeni Dehlinin məkrli geosiyasi oyunu

Qlobal güc balansının dəyişməsi fonunda Hindistan özünü “müstəqil geosiyasi aktor”, “qlobal cənubun liderlərindən biri” kimi təqdim etməyə çalışır. Lakin son hadisələr göstərir ki, Yeni Dehlinin çoxvektorlu siyasət adlandırdığı kurs, əslində, çevik balanslaşdırmadan daha çox, situativ maraqlara əsaslanan, tərəfdaşları tez dəyişə bilən və etimadı sarsıdan taktiki oyun təsiri bağışlayır. Fevralın 2-də ABŞ və Hindistan arasında əldə olunan ticarət razılaşması bu tendensiyanın parlaq nümunələrindən biri kimi qiymətləndirilə bilər.

ABŞ Prezidenti Donald Tramp və Hindistanın baş naziri Narendra Modi arasında əldə edilən razılaşma formal olaraq ticarət maneələrinin azaldılması kimi təqdim olunsa da, bu sənədin arxasında daha geniş geosiyasi razılaşmanın dayandığı açıq hiss olunur. Razılaşmaya əsasən, Vaşinqton Hindistan mallarına tətbiq olunan tarifləri 25 faizdən 18 faizə endirir, Hindistan isə ABŞ mallarına tətbiq edilən tarifləri və digər iqtisadi maneələri sıfırlamağa razılaşır.

Ən çox diqqətçəkən məqam Trampın Hindistanın Rusiya neftinin alışını dayandırması barədə razılıq əldə olunduğunu bildirməsidir. Bu açıqlama Yeni Dehlinin son illər formalaşdırdığı “strateji müstəqillik” konsepsiyasına ciddi zərbə kimi qiymətləndirilir. Maraqlıdır ki, Hindistan mediası bu məqamı vurğulamaqdan yayınır, Vaşinqton isə onu razılaşmanın əsas elementi kimi təqdim edir. Bu fərqli şərhlər Yeni Dehlinin daxili ictimai rəy qarşısında manevr cəhdlərini göstərir.

Hindistan cəmiyyətində ölkənin böyük və müstəqil güc kimi təqdim olunması siyasi legitimliyin vacib elementidir. Buna görə ABŞ-ın diktə etdiyi qərarlar Modi hökuməti üçün daxili risk yaradır. Təsadüfi deyil ki, müxalifət lideri Rahul Qandi bu razılaşmanı sərt tənqid edərək, Modinin “ölkəni satdığını” bəyan edib. Bu tənqid təkcə daxili siyasi polemika deyil, həm də Hindistanın xarici siyasət kursunun dayanıqlılığı barədə ciddi suallar doğurur.

Son illər Hindistan Rusiya neftinin əsas alıcılarından birinə çevrilmişdi. Bu, Qərbin Moskvaya qarşı sanksiyaları fonunda Yeni Dehliyə ucuz enerji resursları əldə etmək imkanı vermişdi. Amma görünən odur ki, Hindistan artıq enerji idxalı strategiyasını yenidən nəzərdən keçirir. Dövlətə məxsus “Bharat Petroleum” şirkətinin İraq və Omanla müqavilələr bağlaması, BƏƏ-dən Murban neftinin alınmasının nəzərdən keçirilməsi Yeni Dehlinin enerji portfelini sürətlə dəyişdirdiyini göstərir. Bu addım bir tərəfdən iqtisadi diversifikasiya kimi təqdim olunsa da, digər tərəfdən Hindistanın tərəfdaşlara münasibətdə opportunist yanaşmasını ortaya qoyur. Ölkə illər boyu Rusiya ilə enerji əməkdaşlığından maksimum fayda götürdükdən sonra ABŞ təzyiqi fonunda həmin əlaqələri zəiflətməyə hazır görünür.

Hindistanın etibarsız siyasətinin digər nümunəsi İranın Çabahar limanı layihəsi ətrafında baş verən proseslərdir. Yeni Dehli uzun illər bu limanı Pakistanı kənarlaşdıran alternativ ticarət marşrutu kimi təqdim edirdi və layihəyə yüz milyonlarla dollar investisiya vəd etmişdi. Hətta 2024-cü ildə limanın idarə olunması üçün İranla 10 illik müqavilə imzalanmışdı. Lakin ABŞ-ın İrana qarşı sanksiyalarının sərtləşməsi fonunda Hindistan hökumətinin növbəti maliyyə ili üçün Çabahar layihəsinə vəsait ayırmaqdan imtina etməsi Yeni Dehlinin geosiyasi tərəfdaşlıqlara münasibətinin əsl mahiyyətini açdı. Vaşinqtonun mümkün təzyiqi qarşısında Hindistanın illərlə strateji layihə kimi təqdim etdiyi təşəbbüsdən geri çəkilməsi Yeni Dehlinin tərəfdaşları üçün etibarını sual altına qoyur.

Hindistanın Yaxın Şərq ölkələri və Avropa ilə birləşdirilməsini nəzərdə tutan Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsi də Yeni Dehlinin geosiyasi kursunda dönüşün göstəricilərindəndir. ABŞ-ın təşəbbüsü ilə formalaşdırılan bu layihə Çinin “Bir kəmər, kir yol” təşəbbüsünə alternativ kimi təqdim olunur. Hindistan iqtisadiyyatı sürətlə böyüyür, ÜDM 4 trilyon dollara yaxınlaşır və ölkə karbohidrogenlərin əsas idxalçılarından birinə çevrilir. Bu baxımdan IMEC layihəsi Yeni Dehliyə qlobal logistika sistemində daha böyük rol qazandıra bilər. Lakin bu layihədə iştirak Hindistanın Qərb blokuna daha sıx inteqrasiyası deməkdir və bu da ölkənin uzun illər balanslaşdırdığı çoxvektorlu siyasətin tədricən sıradan çıxmasına səbəb olur.

Son illər Hindistan Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirərək Cənubi Qafqazda aktiv rol oynamağa çalışır. Yeni Dehli Ermənistanı silahlandırmaqla regionda geosiyasi mövqe qazanmağa cəhd edir. Lakin Hindistanın Rusiya və İran kimi strateji tərəfdaşlarına münasibətdə nümayiş etdirdiyi davranış Ermənistan üçün ciddi siqnal olmalıdır. Hindistan üçün Ermənistan daha çox regional təsir aləti və geosiyasi poliqon funksiyası daşıyır. Yeni Dehlinin tarixən tərəfdaşlarını situativ maraqlara görə dəyişdirməsi nəzərə alınarsa, gələcəkdə Qərb və ya digər böyük güclərlə münasibətlərdə Ermənistanın da asanlıqla qurban verilə biləcəyi istisna edilmir. Hindistanın İran və Rusiya ilə münasibətlərdə atdığı addımlar göstərir ki, Yeni Dehli üçün strateji loyallıq deyil, qısamüddətli geosiyasi dividendlər prioritetdir.

Yeni Dehli uzun illər öz xarici siyasətini “strateji muxtariyyət” prinsipi üzərində qurduğunu bəyan edib. Lakin son razılaşmalar göstərir ki, bu konsepsiya reallıqda getdikcə zəifləyir. ABŞ ilə ticarət razılaşması, enerji siyasətində dəyişiklik, Çabahar layihəsinin qeyri-müəyyən gələcəyi və Qərb təşəbbüslərinə inteqrasiya Hindistanın müstəqil oyunçu imicini sarsıdır.

Hindistanın son geosiyasi addımları göstərir ki, Yeni Dehli qlobal siyasətdə praqmatik, eyni zamanda, etibarsız tərəfdaş kimi formalaşır. ABŞ ilə razılaşma qısamüddətli iqtisadi üstünlüklər gətirə bilər, lakin bu, Hindistanın Rusiya, İran və digər tərəfdaşlarla münasibətlərinə ciddi zərbə vurur. Bu tendensiya davam edərsə, Hindistanın regional və qlobal layihələrdə iştirak edən tərəfdaşları Yeni Dehli ilə əməkdaşlığın dayanıqlılığı barədə daha ciddi düşünməyə məcbur qalacaqlar. Ermənistan nümunəsi göstərir ki, Hindistanın geosiyasi oyunlarında müttəfiqlər çox vaxt müvəqqəti alət rolunu oynayır və dəyişən beynəlxalq konfiqurasiyada asanlıqla qurban verilə bilər.

Beləliklə, Hindistanın “çoxvektorlu diplomatiya” kimi təqdim etdiyi siyasət getdikcə daha çox taktiki manevrlər toplusuna çevrilir və bu kurs Yeni Dehlinin beynəlxalq sistemdə etibarlı tərəfdaş imicinə ciddi suallar yaradır.

Tacir SADIQOVXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
xalqqazeti.az

2Источники