RU

Ermənistan Azərbaycana nə satacaq? Texniki maneələr və gözləntilər

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Ermənistanla əlaqələrimizin artması gözləniləndir. Çünki münasibətlər normallaşırsa və qarşılıqlı ticarət əlaqələri formalaşırsa, Bakı ilə İrəvan arasında da müəyyən mal mübadiləsi qaçılmaz olacaq".

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın Ermənistana mal ixracının ardından İrəvanın da yaxın aylarda ölkəmizə məhsul ixrac etməyə başlayacağı ilə bağlı yayılan məlumatları şərh edərkən deyib. 

Onun sözlərinə görə, prosesin real icrasından əvvəl bir sıra texniki məsələlər həllini tapmalıdır: 

"Hazırda bank xidmətləri bir-birini tanımır. Bank köçürmələrinin həyata keçirilməsi üçün uyğun infrastruktur qurulmalı, eyni zamanda mal göndərişi zamanı sığorta institutu formalaşdırılmalıdır".

Ekspert hesab edir ki, ən böyük problem isə etimad məsələsidir: 

"Təbii ki, Ermənistan məhsullarının Azərbaycan bazarına çıxışı müəyyən prosedur qaydalarına uyğun həyata keçiriləcək. Əgər söhbət ərzaq məhsullarından gedirsə, onların tərkibi, insan sağlamlığı və qida təhlükəsizliyi ilə bağlı ciddi yoxlamalar aparılacaq".

Natiq Cəfərli düşünür ki, zaman keçdikcə bu problemlər də aradan qalxacaq:

"Nəticə etibarilə, Ermənistandan idxal olunan məhsullar ciddi nəzarət və yoxlamalardan keçərək Azərbaycan bazarına daxil olacaq və tələbatın müəyyən hissəsinin ödənilməsinə xidmət edəcəksə, bu cür ticarət əlaqələrinin genişləndirilməsinə ehtiyac yaranacaq".

Qeyd edək ki, münasibətlər üçün əlverişli mühitin formalaşması fonunda Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri tədricən artmaqdadır. Artıq Azərbaycandan Ermənistana müəyyən məhsulların ixracı həyata keçirilib. Bu kontekstdə Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan bildirib ki, İrəvan bir-iki ay ərzində Azərbaycana da mal ixracına başlamağı planlaşdırır. Onun sözlərinə görə, söhbət metal və folqa məhsullarından, eləcə də Bakı bazarında tələbat olan bəzi qida məhsullarından gedir. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
qaynarinfo.az

1Источники